Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:17

Soyuducu anbarına görə torpağını itirən qubalı


Arxiv fotosu
Arxiv fotosu

-

“Bu saat bu torpağa 12 ailə üzvü baxır. Prezidentin sərəncamı var, pay torpağı kəndliyə bir dəfə verilir. Ümidim də yoxdur ki, gedib ikinci dəfə hardansa torpaq alım. Mən hara getməliyəm? Neyləməliyəm? Xahiş edirəm, məhkəmələr, icra orqanları torpaqlarımın alınıb özümə qaytarılmasında mənə köməklik etsinlər”.

2011-ci ilin 24 sentyabrında prezident “İKAR - S” MMC-nin Qubada inşa etdiyi meyvələrin çeşidlənməsi və saxlanması üçün soyuducu anbar kompleksinin açılışında olub. Vəlvələ kəndində 3,2 hektar ərazidə inşa olunan anbarın yerləşdiyi torpağın sahibi deyir ki, torpaq əlindən zorla alınıb. 3 ildir ki hüquqlarını bərpa etmək üçün məhkəmə yollarında qalıb. Vəlvələ kəndinin bələdiyyə üzvü olan Qiyasəddin Əliyev bizə göstərdiyi sənədlərdə üzərində soyuducu anbar kompleksi tikilmiş torpağın həqiqi sahibidir. O, 3,65 ha torpaq sahəsinin əlindən çıxmasından ürək ağrısı ilə danışır:

“5 ildir məhkəmə yollarındayam. Gah deyirlər torpağın burda yoxdur, aşağı sürüşüb. Yəni dünya elə sürətlə fırlandı ki mənim torpağım sürüşüb gedib başqa yerə çıxdı”?

1996-cı ildə Vəlvələ kəndində torpaq islahatları gedib. O zaman ailə üzvlərinin sayına görə 3,65 ha torpaq sahəsi də Qiyasəddin Əliyevin ailəsinin payına düşüb. 2 hektar 9 sot əkin, qalanı bağ sahəsi idi. 2004-cü ilə kimi orda taxıl əıkmişik, tərəvəz, kəklikotu əkmişik. Həmin il “İKAR-S” MMC adlı bir şirkətin nümayəndəsi gəlib xahiş etdi ki, qonşularından torpaq almışıq, istəyirik bu torpağı da alaq, qataq o torpaqlara. Soyuducu anbarı, binalar tikəcəyik, bağlar salacağıq. İnandım, torpağı verdim. 2004-dən istifadə etməyə başlasalar da, gördüm ki, pul ödəməkdən səs-səmir çıxmır. Tələb etdim, dedilər sənin burda torpağın olmayıb. Torpağımdan məhrum olduğuma görə Kənd Təsərrüfatı Nazirliyinin rayon idarəsinin mütəxəssislərini dəvət etdim, mənə dəyən zərərlə bağlı akt tərtib etdilər. 2004-cü ildən 2008-ci ilədək mənə 8 min manat zərər dəyməsi barədə akt yazdılar. Hələ görün sonrakı illərin aktları tərtib olunsa bu zərərin məbləği nə qədər edər. Bunları kim ödəyəcək”?

“İKAR - S” MMC-nin Quba təsərrüfatının müdiri Bəxtyiyar Umalatov isə deyir, Qiyasəddin Əliyev torpağını başqa yerdə axtarsın:

“Onun əlindəki sənədlə bizim əlimizdəki sənəd düz gəlmir. Onun sənədlərində torpaq sərhədlərindəki qonşular tamamilə başqa adamlardır. Bizim torpaq qonşularımız isə tamam başqa. Onun torpağı başqa ərazidədir, ancaq gəlib hökmən iddia edir ki, torpağım burdadır. Bu müəssisə açıq sahibkarlıq fəaliyyətinə əsaslanan müəssisədir. Torpaqlar əhalidən nağd pulla alınıb, bağlar salınıb, istehsalla məşğuluq. Biz heç kəsə bir manat borclu qalmamışıq”.

MMC təmsilçisi deyir ki, bu iş hazırda məhkəmədədir. Kimin haqlı, kimin haqsız olduğunu da məhkəmə deyəcək.

İş orasındadır ki, məhkəmədə iddianı qaldıran Qiyasəddin Əliyev elə məhkəmədən də narazıdır. Deyir, 3 ildən artıqdır ki, iddia ərizəsini məhkəmə seyflərində toz basıb. Məhkəmə yollarını gedib-gəlməkdən sağlamlığını itirib, şəkər, əsəb xəstəlikləri tapıb. O, hökumətdən kompensasiya, ya da əvəzli torpaq sahəsi verilməsini istəyir.

XS
SM
MD
LG