Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:21

Ölüm ayağındakı xəstənin gerçəkləşməyən pulsuz əməliyyat xəyalları...


Arxiv fotosu
Arxiv fotosu

-

“Səhiyyə Nazirliyinə şikayət edəndən sonra xəstəxanadan dedilər, gedin, xəstəni gətirin, əməliyyat edək. Qayıtdıq İmişliyə, ölüm yatağında olan xəstəni bir zülmlə götürüb gəldik Bakıya. Bu dəfə dedilər ki, qaytarın rayona, həkimlər məzuniyyətə gedir. Sentyabrda gətirərsiniz, əməliyyat edərik. Biz də soruşduq ki, sentyabra qədər xəstənin sağ qalacağına zəmanət verirsiniz? Dedilər yox”.

LƏNGİYƏN TƏCİLİ ÜRƏK ƏMIƏLİYYATI

İmişli sakini Vüqar Qədirov dayısı Misirxan Heydərovun ölüm yatağında olduğunu deyir. Onun sözlərinə görə, dayısı təcili ürək əməliyyatı keçirməlidir. Ancaq deməsinə görə, heç bir xəstəxana bu əməliyyatı öz üzərinə götürmək istəmir. Səbəb – xəstəxanaların əməliyyatın pulsuz başa gəlməsi ilə razılaşmamalarıdır. Onun sözlərinə görə, xəstəni əməliyyat etdirmək üçün Bakıdakı bir neçə xəstəxanaya baş çəkiblər. Neftçilər Mərkəzi Xəstəxanasında əməliyyata görə 8 min manat tələb olunub. Mərkəzi Klinik Xəstəxanada əməliyyat üçün tələb olunan məbləğ 7200 manat olub. Həmin xəstəxanalarda xəstənin qohumlarına verdikləri təsəlli bu olub ki, “yenə dövlət xəstəxanalarına baş çəkin, bəlkə oralarda havayı əməliyyat etdirə bildiniz”. Vüqar Qədirov deyir ki, bu ümidlə Topçubaşov adına Eksperimental Xəstəxananın qapısını döyəndə əməliyyata görə onlardan heç də özəl xəstəxanalardakından az pul istəməyiblər:

6 MİN MANATA RAZILAŞMA

“6 min manatın üstündə dayandılar. Nə qədər dil töksək də, dedilər 1 manat da aşağı yeri yoxdur. Bizdə o qədər pul hardan? Dönüb rayona getdik. Xəstənin üzünə necə baxacağımızı bilmirdik. İyulun 25-də yenə Bakıya gəldik. Eksperimental Xəstəxananın baş həkiminə yalvar-yaxar etdik ki, adam əldən gedir, onu təcili əməliyyat etmək lazımdır. Uzun danışıqlardan sonra 3500 manata düşdülər. Dedik, buna da imkan yoxdur. Dedilər onda gedin Səhiyyə Nazirliyinə. Biz də getdik, elə həmin gün nazirin müalicəvi işlər üzrə müavini ilə görüşdük. O da bizə göndəriş verdi, həmin göndərişlə Eksperimental Xəstəxanaya qayıtdıq. Bu dəfə baş həkim bizi yaxşı qarşıladı. Göndərişi təqdim etdik. Dedi, gedin xəstəni gətirin, sabah müayinələrdən keçsin. Uşaq kimi sevinə-sevinə rayona qayıtdıq. İyulun 26-da xəstəni də götürüb Bakıya gəldik. Ancaq sən demə, həkimlər bizi ələ salırlarmış. Baş həkim bizi cərrah Fazil Abbasovun yanına göndərdi. Cərrah biləndə ki, əməliyyat pulsuz olacaq, daş atıb başını tutdu ki, biz xəstəyə görə məzuniyyətimizi təxirə sala bilmərik. Mən bildirdim ki, Səhiyyə Nazirliyində olmuşuq, ordan göndərişlə gəlmişik. Cərrah dedi, götürün xəstənizi aparın Səhiyyə Nazirliyinə, orda əməliyyat etsinlər. Biz avqustun əvvəli məzuniyyətə gedirik. Bir də sentyabrın 5-də qayıdacağıq. Baş həkimin yanına qayıdıb cərrahın dediklərini ona çatdırdıq. Baş həkim bildirdi ki, məzuniyyətə gedən həkimi zorla işdə saxlaya bilməz. Xəstəxananın baş direktoru da həmin sözü dedi”.

KOR-PEŞMAN GERİYƏ...

Vüqar Qədirovun sözlərinə görə, elə həmin xəstəni də götürüb kor-peşman rayon a qayıtmalı olublar:

“Bunlar ölüm ayağında olan bir insanın mənliyi ilə oynayırlar. Hansı ölkədə ürəyindən cərrahiyyə olunmalı xəstənin başına belə oyunlar açırlar görəsən? İmişlidən Bakıya gətizdirib ələ salmaqlarının adı nə idi, hələ də anlamırıq”.

Vüqar Qədirov deyir, xəstənin oğlu Cavid Heydərov iyulun 29-da yenə Bakıya gəlib. Səhiyyə nazirliyinə gedərək müalicəvi işlər üzrə nazir müavininə daxili telefonla zəng vurub və olanları ona danışıb. Nazir müavini təəssüflənib ki, əgər həkimlər məzuniyyətə gedirlərsə, heç bir kömək edə bilməyəcək. Vüqar Qədirov hesab edir ki, əməliyyat üçün pul vermədiklərinə görə həkimlər məzuniyyətə gedəcəklərini bəhanə gətirərək əməliyyatı üzərlərinə götürməkdən imtina ediblər:

“Mən başa düşə bilmirəm ki, həkimlər məzuniyyətə gedəndə xəstəxana xəstə qəbul etmir? Bu boyda xəstəxanada növbətçi cərrah yoxdur? Belə çıxır, həkimlər məzuniyyətdən qayıdınca xəstəxanada cərrahiyə əməliyyatları dayandırılır”?

Misirxan Heydərov o vaxtdan hələ də həyatla ölüm arasında çarpışır. Yaxın qohumları isə hələ də Səhiyyə Nazirliyinin yollarında qalıb. Bəlkə “pulsuz əməliyyata nail ola bildik” ümidi ilə.

XS
SM
MD
LG