Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:24

«Xəbərdarlıq almışıq ki, köçümüzü tutaq»


Arxiv fotosu
Arxiv fotosu

-

“Xəbərdarlıq almışıq ki, evlərimiz söküləcək. Sənədi olmayan evlərə görə kompensasiya ödənilməyəcək. Mən bu evi alanda sənədi yox idi. 10 ildən çoxdur ki, burada yaşayıram. İndi necə olacaq? Küçədə qalacağıq?”

Bu narahatlığını AzadlıqRadiosunun “Qaynar xətt”inə bildirən Bayıldakı Yüzbaşı Mürsəlov küçəsinin sakini Ehtiram Sarıyevdir. Deməsinə görə, ərazi üzrə Səbayel rayonu İcra Hakimiyyətindən xəbərdarlıq alıblar ki, necə deyərlər, köçlərini tutsunlar, yaxın vaxtlarda ərazidən köçürülmə prosesi başlayacaq.

QƏTNAMƏLƏRDƏ ONLARIN GƏLƏCƏK AQİBƏTİ BARƏDƏ HEÇ NƏ YAZILMIR

Səbail rayon İcra Hakimiyyətindən bildiriblər ki, Bayıl qəsəbəsi ərazisində söküntü işləri genişləndiriləcək. Qəsəbə və 20-ci sahə yaşayış massivində plana düşən tikililərin köçürülməsi yaxın plandadır.

Azı 7-8 ildir ki, Dövlət Neft Şirkəti bu ərazilərdəki torpaqlara iddialıdır. Şirkət məhkəməyə mürqciət edərək torpaqların onun balansına aid olduğunu bildirib və evlərin sökülməsi ilə bağlı qətnamələrin çıxarılmasına nail olub. Ancaq bu sənədlərdə evdə yaşayanların köçürülmədən sonrakı taleyinə işıq salınmayıb. Elə Ehtiram Sarıyev də bundan narahatdır:

"Məhkəmələr qətnamələr çıxarır ki, adamlar evdən çıxarılsın, evlər sökülsün, yerlər qaytarılsın Neft Şirkətinin balansına. O evdən çıxarılanlar hara getsin, bu barədə bir kəlmə də yazılmayıb. Deyirlər ki, sənədi olanlara konpensasiya veriləcək, olmayanlar başlarının çarəsini indidən düşünsünlər".

BİR İNSAN YAŞADIĞI EVİN KOMMUNAL XƏRCLƏRİNİ ÖDƏYİRSƏ...

Bir tərəfdən bildirilir ki, Dövlət Neft Şirkəti balansındakı torpaqları tikililərdən təmizləyir. Səbail rayon icra hakimiyyəti isə bildirir ki, ərazi genişləndirilir, yol çəkilir, köçürülmə də buna görədir.

İcra Hakimiyyətindən bildiriblər ki, artıq Arif İsmayılov, Salyan döngəsi II, Yüzbaşı Mürsəlov, İbrahim Məmmədov, Lütfin Babayev, Şahlar Allahverdiyev, Aydın Məmmədov və digər küçələrdə yaşayanların evlərinin sökülməsinə hazırlıq gedir.

İcra hakimiyyətindən deyilənə görə, sənədsiz mənzil sahibləri Dövlət Neft Şirkətinin balansında olan torpaqları onlara satmış bələdiyyəni məhkəməyə verməli və kompensasiya tələb etməlidilər.

Hüquqşünas Namizəd Səfərovsa başqa söz deyir. Onun deməsinə görə, Avropa Konvensiyasının İnsan hüquqları və azadlıqları haqda bölməsində bu məsələ aydın əksini tapıb. Həmin bölmədə qeyd olunur ki, insan bir evdə yaşayırsa və evin kommunal xərclərini ödəyirsə, qeydiyyatı varsa, deməli, onun mülkiyyətidir. Ona görə də qanunsuz inşa edilən ev sahiblərinə də hər hansı səbəbdən köçürülmə zamanı kompensasiya ödənilməıidir.

XS
SM
MD
LG