Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:20

Üç tələbə milyardyarımlıq Çinə Azərbaycan paxlavasını daddırdı


Pekində təhsil alan tələbələr
Pekində təhsil alan tələbələr

-

Necə oldu ki, təxminən 5 min km uzaqlıqdakı ölkədən - Çindən - Azərbaycan paxlavasının, elə bütövlükdə Azərbaycanın sorağı gəldi?

Çox sadə (bizə qıraqdan belə görünə bilər). Sadəcə, bir qrup azərbycanlı tələbə etnik mədəniyyətlə bağlı tədbirə qatılmaqla bu tanıtıma imza atdılar.

ÜÇ AZƏRBAYCANLI NİYƏ ƏLBİR OLDU...

​Demək belə: Leyla, Qabilbir başqa tələbələr əlbir olub sentyabrın 27-də təşkil olunan festivala qatıldılar. Tələbələr deyir ki, belə günlər ildə bir dəfə hər bir universitetdə təşkil olunur və bütün xalqlara özlərini tanıtmaq üçün imkan yaradılır.

«Bu, bütün xalqlara açılan şans idi», – Leyla Rəsulzadə vurğulayr.

Gənclər tədbirdən bir gün öncə sözləşib plan qururlar ki, Azərbaycanı necə təmsil etsinlər:

«Belə tədbirlər keçiriləndə, biz tələbələr ilk olaraq hara üz tuturuq? – mütləq şəkildə səfirliyə. Səfirliyin işi nədir? Azərbaycanı xaricdə təmsil etmək».

Beləliklə, tələbələrdən biri səfirliklə danışır. Nəticə belə olur:

- çox limitli əşyalar;

- ayrılan əksər kitabın çincə deyil, ingiliscə olması;

- paylamağa qəti qadağa;

«Azərbaycan haqqında informasiya istəyəndə, heç nə verə bilmədik»

Leyla Rəsulzadə nəticəyə sözardı olaraq bunları bölüşür:

«Doğrudur, ingilis dilini çox adam öyrənir, amma festivala gələnlər daha çox adamın öz dilinə maraq göstərirlər. Gəlib müsahibə alırlar, ya da maraqlananlara biz tələbələr başa salırıq, amma bu yetmir. Bizdən Azərbaycan haqqında informasiya istəyəndə, heç nə verə bilmədik».

Leyla Rəsulzadə bildirir ki, cəmi bir kitab çin dilində idi:

«O da hörmətli prezidentimizin 2012-ci ildən bugünədək olan sitatlarının çin dilinə tərcüməsiydi. Qaldı ki bizim əziz xalçalarımıza... musiqimiz, tariximiz - bunların hamısı ingilis dilindədir».

Tələbələr bircə istəklərini dilə gətirirlər, təki paylamağa material olsun:

«Maddi dəstək olsa, biz tələbələr çox iş görə bilərik. Səfirliyə pulsuz kömək də edə bilərik – bizə işhaqqı lazım deyil. Azərbaycanı təmsil etmək həvəsimiz var».

Pekində təhsil alan azərbaycanlı tələbələrin əl işləri
Pekində təhsil alan azərbaycanlı tələbələrin əl işləri

Pekin şəhərində yaşayan tələbələr, sözarası, hər il qiymət artımından da gileylənirlər:

«HEÇ BİR TƏRƏFDƏN MADDİ KÖMƏK GƏLMİR»

Leyla Rəsulzadə «Kitabi Dədə Qorqud»un çincəyə tərcüməsini ilk dəfə gerçəkləşdirən tələbədir:

«Biz bu layihəni hazırladıq, artıq tamamlayırıq, amma heç bir tərəfdən maddi kömək gəlmir. Burada 4-cü kursda diplom işim kimi Dədə Qorqud dastanlarının Çin dilində təqdim edilməsini seçdim. Daha sonra maraq yarandı ki, niyə də bunu ayrıca kitaba çevirib Azərbaycanımızı təmsil etməyək? Layihə artıq bitib, kitab artıq əlimdədir. Amma nə qədər istədim ki, mənə kömək olunsun, edən tapılmadı. Yalnız bir tələbə ortaya düşüb bu haqda danışırsa, heç kimə lazım deyil bu... Heç kəs diqqət yetirmir».

Telefon danışığımızda söz yenə dolanıb festival hazırlıqlarına çıxır. Leyla yenə tədbirdə çəkdikləri material qıtlığını xatırladır və deyir:

«PULUNU ÖZÜNÜZ VERƏCƏKSİNİZ»

«Səfirliklə danışdıq. Bizdən imza götürdülər ki, nəyisə qaytarmasaq, pulunu özünüz verəcəksiniz. Bu o demək idi ki, heç nə paylamaq olmaz».

Tələbələr
Tələbələr

Nə qədər çətin olsa da, tələbələr əllərindən gələni əsirgəmir və çinlilər Azərbaycana çox böyük maraq göstərirlər.

«Çoxları o kitablardan götürmək istədi, amma biz yalnız cırtdan nağılının çin dilinə tərcüməsini təklif edə bildik», – Qabil Məmmədov belə deyir.

Onun sözlərinə görə, Çinlə Azərbaycan mədəniyyətləri arasında böyük fərq olduğundan, maraq çox idi - Azərbaycan yeməkləri, tarixi, milli rəqslər maraq doğururdu:

«Şəkilə baxıb soruşurdular ki, bu nə binasıdır, o nə binasıdır».

«TANIŞ BİR XANIMDAN XAHİŞ ETDİK Kİ...»

Gənclər iki daş arasında, Çində tanıtım gününə Azərbaycan paxlavasını da çatdırırlar:

«Tanış bir xanımdan xahiş elədik ki, paxlava bişirsin. Burda Azərbaycan ailələri var... Sağ olsunlar, kömək edirlər. Paxlavanı gətirib payladıq, çoxlarının xoşuna gəldi».

Paxlavanı paylayırdınız, yoxsa o da satışda idi?

Satılırdı.

Satışdan qazandığınız pulu nəyə xərcləyəcəksiniz?

Paxlavanın xərcini tələbələrdən biri ödəmişdi, pulu da ona verdik. Onun haqqı idi.

​Qabil Məmmədov 2008-ci ildə Pekində «Çin dili və mədəniyyəti» üzrə ixtisaslaşmağa başlayır. Daha sonra Berlin universitetində «Beynəlxalq Əlaqələr» ixtisası üzrə magistraturaya daxil olur.

«Asiya mədəniyyətinə marağım var, ona görə Çinə getməyə qərar verdim. Bir il Yaponiyada oldum, sonra qayıdıb universiteti bitirdim. İnşallah, yaxşı bir iş tapsam, Asiyada qalmaq istəyirəm». O, Çindəki təhsildən razılığını bildirir və əlavə edir ki, burada xaricilərin oxumasına kömək göstərirlər.

Leyla Rəsulzadə 2007-ci ildə Pekinə gəlib. Daha sonra burada bakalavr pilləsində oxumağa qərar verir. Pekin universitetinin «Çin dili, Çin mədəniyyəti və tarixi» fakültəsinə daxil olur. Bakalavr təhsilini başa vurandan sonra Çin Xuan universitetində rəssamlığı öyrənir:

«Mən ilk dəfə valideynlərimin köməyi ilə gəldim, daha sonra dövlət proqramına düşdüm və hazırda magistratura təhsilinə davam edirəm. Çindəki professorum burada qalmağımı çox istəyir».

Leyla Rəsulzadə Çin təhsilinin özəlliyini izah etməyə çalışır:

«Xaricilər üçün tam ayrı bir proqram hazırlanıb. Necə təhsil almağa, Çin haqqında bilgilənməyə çox böyük diqqət ayrılır. Öz xalqına öyrətdiyini xariciyə öyrətmir. Burdakı təhsildə müəllimlərlə tələbələr arasında daha çox diplomatik söhbətlər aparılır».

Leyla Rəsulzadə onu da önə çəkir ki, Çin təhsilində informasiya açıqdır. Tələbəyə qalan seçim etməkdir - bu ona lazımdır, ya yox, bunu öyrənəcək, yoxsa öyrənməyəcək...

P.S. Azərbaycanın Çin səfirliyi ilə dəfələrlə əlaqə saxlasaq da suallarımıza cavab almaq cəhdi boş çıxdı.

XS
SM
MD
LG