Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:39

Naxçıvanda sahə polisi Yol polisinə «kömək» edir?…


Polis
Polis

-

Gözlə

No media source currently available

0:00 0:04:41 0:00
Direct-ə keçid

Naxçıvan Muxtar Respublikasında Azərbaycanın başqa bölgələrindən fərqli olaraq tətbiq olunan qeyri-adi qaydalarla bağlı xəbərlərə bir yenisi də əlavə olunub. Bu dəfə söhbət sahə polislərinin yol hərəkəti qaydalarına nəzarət etmələrindən gedir. Yerli sürücülər bildirir ki, yol polisləri bir yana, sahə polislərinin əlindən avtomobillərinə minə bilmirlər. Şikayətçilərin sözlərinə görə, qayda pozuntusu oldu, olmadı, sahə polisləri avtomobilləri saxlayıb cərimələyə, hətta onları cərimə duracaqlarına apara bilərlər.

Naxçıvan şəhər sakini, ikinci qrup əlil Samir Əsgərov da bir neçə dəfə bu cür halla rastlaşdığını deyir. Samir Əsgərovun sözlərinə görə, sonuncu dəfə sentyabrın 28-də Naxçıvan Şəhər Polis Bölməsinin sahə rəisi Rəhman Əzimov onun avtomobilini saxlayıb, cərimə duracağına aparıb:

«SƏNƏ DEDİM SÜR İÇƏRİ, DEMƏK SÜR İÇƏRİ»

«Yuyucu yerindən çıxıb, evə gedirdim. Sahə rəisi Rəhman müəllim mülki avtomobildə, mülki geyimdə avtomobilimi saxlatdı. Dedi ki, reyd keçirilir, avtomobil «içəri» getməlidir. Bildirdim ki, yol polisi olmadıqlarına görə, onlar avtomobili içəri apara bilməzlər. Mənə məhəl qoymadılar. Rəhman müəllim dedi ki, «sənə dedim sür içəri, demək sür içəri». Avtomobili çıxarmağa gedəndə mənə dedi ki, sənin maşının qalacaq burada. Naxçıvan Şəhər Yol Polisi rəisi Rəşadət Əliyevin yanına gedib, ona şikayət etdim. Dedi ki, get məsələni Rəhman müəllimə həll elə. Rəhman müəllim də dedi ki, artıq protokol yazılıb deyə, cərimə ödəməliyəm. Protokolun səbəbini soruşdum, dedilər ki, avtomobilin «peredok»u ucadır. Sübut etdik ki, normal «peredokt»dur. O zaman dedilər ki, qabaq şüşənin «polovinka»sının eni normadan artıqdır. Müxtəlif bəhanələr gətirdilər».

Samir Əsgərov bildirir ki, bir neçə dəfə get-gəldən sonra günahsız olduğunu sübut edə bilib. Lakin Naxçıvan sakini deyir ki, onu narahat edən cərimə yox, sahə polisinin niyə bu işə qarışmasıdır. Samir Əsgərovun sözlərinə görə, yol polisi idarəsində bu suala cavab tapa bilməyib:

«MƏN ƏLİLƏM, SİZƏ BİR QƏPİK DƏ VERMƏYƏCƏYƏM»

«Düzdür, maşını verdilər, çıxdıq getdik. Orada da dedim ki, mən əliləm, sizə bir qəpik də verməyəcəyəm. Bir manat ödəmədən buraxdılar. İsrarla soruşsam da açıqlama vermədilər ki, sahə müvəkkili yol polisi olmaya-olmaya mənim maşınımı necə içəri aparır? İki gün məni süründürdülər, incitdilər. Mən cinayətkar deyiləm ki, axtarışda olum, sahə polisi də məni saxlasın. Məni niyə yox yerə incidirlər? Tək mən deyiləm, mənim kimi yüzlərlə adam var. İmkan vermirlər camaata. Hər maşını ayda 1-2 dəfə içəri aparırlar. Naxçıvanda şikayətlərə baxan yoxdur».

Səslənən ittihamlara aydınlıq gətirmək üçün Naxçıvan Şəhər Polis Bölməsinin sahə rəisi Rəhman Əzimovla əlaqə saxladıq. O, AzadlıqRadiosunun suallarını sonadək dinləsə də ittihamlara cavab vermək istəmədi.

Naxçıvan Şəhər Dövlət Yol Polis Şöbəsindən də suallarımızı cavabsız qoydular...

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi i Orxan Mansurzadə isə bu məsələ ilə bağlı AzadlıqRadiosuna bunları deyib:

«İstənilən polis əməkdaşı, həmçinin polis sahə inspektoru inzibati xətaya yol vermiş şəxsi,o cümlədən yol hərəkəti qaydalarını pozmuş sürücünü müvafiq tədbir görülməsi üçün aidiyyatı və ya ərazi polis orqanına apara bilər. Bu, "Polis haqqında" qanunda da nəzərdə tutulub».

Keçmiş polis rəisi, polkovnik Mahmud Hacıyev isə bildirir ki, qanunla sahə polisləri yalnız istisna hallarda yol polisinin funksiyasını həyata keçirə bilər:

«Bu da daxili əmrlə həyata keçirilməlidir. Hər hansı təxirəsalınmaz hal ola bilər ki, polisdə bir xidmət sahəsi digər sahənin işinə qarışa bilər. Yoxsa, adi halda hər kəs öz işini görməlidir. Sahə polisi o vaxt yol polisinin işinə qarışa bilər ki, sürücü başqa cinayət törədib. Məsələn, avtomobildə narkotik ola bilər, yaxud başqa. Yoxsa ki, avtomobilin şüşəsinə görə, yaxud başqa yol pozuntusu ilə bağlı sahə polisi qarışa bilməz. Hər yerin bir özəlliyi var. Bu da Naxçıvan özəlliyidir. Əgər, xidmət sahələri bir-birinin işinə qarışacaqsa, o zaman niyə bu sahələri bölürdülər? Bu, sürücülərin hüquqlarının pozulmasıdır. Sahə polisi ən yaxşı halda qaydanı pozan avtomobilin nömrəsini yazıb, yol polisinə təqdim edə bilər».

XS
SM
MD
LG