Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:23

Məscidlərə dövlət hesabına kitablar veriləcək...


Kamal Abdulla
Kamal Abdulla

-

«Biz heç zaman sünni-şiə məsələsini qabartmamışıq, özümüzü müsəlman saymışıq, islam dinini bütöv qəbul etmişik. Eyni zamanda, azərbaycanlı olaraq xalqımıza belə bir hiss yad olub ki, Azərbaycan millətindən olmayanlara xor baxaq».

Bunu oktyabrın 14-də millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla İmişli rayonunun ictimaiyyət nümayəndələri ilə görüşdə söyləyib.

Kamal Abdulla Azərbaycan hökumətinin dinə qayğısından danışıb:

«Müstəqillik əldə edərkən ölkədə cəmi 17 məscidimiz vardı. Bu gün isə Azərbaycanda 2000-dək məscid fəaliyyət göstərir. Güman edirəm ki, bu rəqəmlər arasındakı fərq dövlətimizin dinə münasibətini əyani şəkildə göstərir».

O bildirib ki, bunun qarşılığında dövlətin də umacağı var:

«Ləyaqətli Azərbaycan vətəndaşını məktəblərimizlə yanaşı, məscidlərimiz də hazırlamalıdır».

«NİYƏ GƏNCLƏRİMİZ TƏKCƏ NAMAZ YOX, HƏM DƏ KİTAB ÜÇÜN MƏSCİDƏ GƏLMƏSİN?»

Müşavir yığıncaqda belə bir xəbəri də paylaşıb:

«Qafqaz Müsəlmanları İdarəsində Azərbaycanın bütün bölgələrindən olan din xadimləri, imamlar, axundlar təkmilləşmə kursuna cəlb edilib».

Kamal Abdulla məscidlərin kitabla, dünyəvi ədəbiyyatla zənginləşdirməyin gərəkliliyini dilə gətirib:

«Kilsədə, senaqoqda, məbəddə çoxlu kitablar görürük, amma məscidlərimizdə «Qurani-Kərim»dən və bir neçə dini mövzuda olan ədəbiyyatdan başqa kitablar yoxdur. Niyə beş böyük poemasının hər birini Allahın, peyğəmbərin vəsfi ilə başlayan Nizaminin, ömrü boyu İmam Hüseyn məqbərəsində çalışmış və onun ayaqları altında dəfn olunmağını arzulamış Füzulinin, «Peyğəmbər» əsərinə görə repressiyaya məruz qalan Hüseyn Cavidin əsərləri bizim məscidlərdə olmasın? Niyə yeniyetmə və gənclərimiz təkcə namaz qılmağa görə yox, həm də kitab üçün məscidə gəlməsin? Bu gün məscidlərimiz maarif, mədəniyyət, vətənpərvərlik ocağı olmalıdır».

XS
SM
MD
LG