Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:22

David Kramer: Azərbaycan sanksiyalara layiqli namizəddir [Video]


David Kramer
David Kramer

-

Azərbaycanda insan haqları ilə bağlı iyrənc situasiyanın yaşandığını deyən Freedm House təşkilatının rəhbəri David Kramer Azərbaycan hökumətinə qarşı sanksiyaların tətbiq edilməsinə çağırıb. «Amerikanın Səsi»nə müsahibəsində o bildirib ki, Azərbaycandan xeyli az siyasi məhbusları olan Belarus və Rusiyaya sanksiyalar tətbiq olunduğu halda Azərbaycana fərqli yanaşma məntiqə sığmır. Onun sözlərinə görə prezident İlham Əliyevin yürütdüyü mürtəce siyasət Azərbaycanı ABŞ və Qərbin rəhbər tutduğu dəyərlərdən uzaqlaşdırır.

Amerikanın Səsi: Hazırda Azərbaycanda müşahidə olunan sivil cəmiyyət fəallarına, dissidentlərə qarşı basqıları necə dəyərləndirirsiniz? Sizcə bu basqıların səbəbləri nədir?

David Kramer: Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan müstəqil olandan bəri hazırda bu ölkədə ən şiddətli basqılar görürük. Zənnimcə, bu, Ermənistanla Dağlıq Qarabağ üzərində artan gərginliklərlə, təmas xəttində baş verən toqquşmalarla əlaqəlidir. Ehtiyat edirəm ki, prezident Əliyev bu gərginliklərdən sui-istifadə edərək daxildə basqılar həyata keçirir. O, fəalları və tənqidçilərini Ermənistana casusluqda ittiham edib ki, bu, da Azərbaycanda olduqca ağır ittihamdır. Azərbaycanda iyrənc bir situasiya yaşanır. Həbslər artır. Leyla Yunusa lazımi tibbi xidmət göstərilmir, ərindən ayrı saxlanılır. Bu günlərdə İlqar Nəsibovun qəddarcasına döyülməsini gördük. Daha sonra Seymur Həzi həbs olundu. Eybəcər situasiyadır. Narahatam ki, hökumət bu basqıları həyata keçirmək üçün təhlükəsizlik arqumentindən istifadə edəcək.

Amerikanın Səsi: Siz bu yaxınlarda bildirmisiniz ki, İlham Əliyev və onun hökuməti ölkədə təşviq etdikləri təhlükəli və mürtəce duruma görə cavabdeh tutulmalıdırlar. Və təklif etmisiniz ki, ABŞ və Avropa İttifaqı bu dəhşətli insan haqları pozuntularını törədənlərə qarşı sanksiyalar tətbiq etsin. Bu barədə ətraflı nə deyə bilərsiniz?

Leyla Yunus və həyat yoldaşı Arif Yunus
Leyla Yunus və həyat yoldaşı Arif Yunus

David Kramer: Gəlin regiona baxaq: Belarusa gəldikdə artıq 10 ildir ki, bu ölkə Lukashenko rejiminin törətdiyi insan haqları pozuntularına görə sanksiyalarla üzləşir. Rusiyaya gəldikdə, 2012-ci ildə qəbul edilmiş Maqnitski Aktı insan haqlarını pozan hökumət məmurlarını hədəf alır. Belarusda söhbət 9-10 siyasi məhbusdan, Rusiyada isə «Memorial» cəmiyyətinin hesablamalarına əsasən 45 adamdan gedir. Amma əhalisi Rusiyadan qat-qat az olan Azərbaycanda siyasi məhbusların sayı 100-ü ötüb. Baş verən basqılar fonunda Azərbaycana baxmağın vaxtı gəlib çatıb. Zənnimcə, Konqres insan haqlarını pozan məmurlara qarşı qlobal Maqnitski Qanunu qəbul etməlidir. Təəssüf ki, Azərbaycan özünü bu qlobal Maqnitski Qanununa layiqli namizədə çevirir. Biz bu sanksiyaları Belarusa, Rusiyaya tətbiq etmişik. Axı niyə Azərbaycanla fərqli şəkildə rəftar olunmalıdır?

Amerikanın Səsi: Washington Post qəzetinin baş məqaləsi İlham Əliyevi Vladimir Putinlə müqayisə edərək, sivil cəmiyyətə qarşı basqılarda onun Rusiya prezidentini təqlid etdiyini vurğulayır. Siz bu dəyərləndirmə ilə razılaşırsınızmı?

David Kramer: Zənnimcə, müəyyən oxşarlıqlar var. Amma Azərbaycana gəldikdə, Rusiyadan fərqli olaraq burada Yeltsin dönəminin liberallaşdırılması yaşanmayıb. Azərbaycanda təkcə sivil cəmiyyət, insan haqları fəalları hədəf alınmır. Burada repressiya dalğası hamını hədəf alır – jurnalistləri, bloggerləri və s. Putinin 2012-ci ildə hakimiyyətə qayıdışından sonra biz Rusiyada oxşar tendensiyanı görürük. Putin Rusiyası regionda başqaları üçün pis bir örnəyə çevrilib. Kreml bir növ mürtəce siyasət yürüdənlərin himayədarına çevrilib. Amma mən Əliyevi və onun ətrafını cavabdehlikdən azad etməzdim. Rusiyada nə baş verib-verməməsindən asılı olmayaraq mən əminəm ki, Azərbaycan iqtidarı indiki basqıları həyata keçirmiş olardı.

Amerikanın Səsi: Azərbaycanda hədəf alınan QHT işçiləri Amerikadan, Qərbdən qrant alan adamlardır. Belə bir halda Azərbaycanı Birləşmiş Ştatların müttəfiqi yaxud dostu adlandırmaq olarmı?

Həbs olunan jurnalist Seymur Həzi
Həbs olunan jurnalist Seymur Həzi

David Kramer: Azərbaycan təzadlı kateqoriyaya düşür. Enerji, iqtisadi və təhlükəsizlik maraqlarına gəldikdə Azərbaycan ABŞ üçün əhəmiyyət kəsb edir. Azərbaycan Əfqanıstana tranzit ölkə olaraq əks-terrorizm səylərində iştirak edir. Azərbaycan rəsmiləri hər gün hamıya xatırlatmağı sevirlər ki, onlar çətin qonşuluqda fəaliyyət göstərirlər. Amma bunlar Azərbaycan rəhbərliyinin hüquq pozuntularına bəraət qazandırmır. Bu mənada Azərbaycan bizim rəhbər tutduğumuz dəyərlərdən uzaqlaşır. O yerdə ki, rejim basqılar həyata keçirir, öz iradəsini zorakılıqla tətbiq edir və sivil cəmiyyət məkanını məhdudlaşdırır, belə bir hökumətlə münasibət saxlamaq çətin olur. Mənim öz qənaətim budur ki, ABŞ rəsmiləri Azərbaycandakı basqılardan əsəb keçirirlər. Sabiq səfir Richard Morningstar artan şəkildə Azərbaycandakı basqılardan narazılıqlarını ifadə edirdi. Bu cür olaylar bizim üçün normal münasibətlər saxlamağı çətinləşdirəcək. Azərbaycan hökumətinin beynəlxalq standartları rədd etməsi, onları pozması və Avropa Şurasını öz davranışı ilə məsxərəyə qoyması durumu çətinləşdirir.

Amerikanın Səsi: Azərbaycan kimi bir ölkənin Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməsi nə dərəcədə məqsədəuyğundur?

David Kramer: Qətiyyən məqsədəuyğun deyil. Bu təşkilatların insan haqları üzrə öz standartları var. Azərbaycan bu standartlara heç yaxın da gəlmir. Freedom House-un sorğularında Azərbaycan «azad olmayan ölkələr» sırasında sonuncu yerlərdən birini tutur. Elə deyil ki, bu ölkə azacıq da olsa «qismən azad ölkələr» sırasına yaxındır. Xeyli aşağıdadır. Belə bir ölkəyə bu mötəbər platformanın verilməsi sual altına alınmalıdır. Bir il bundan öncə Azərbaycan internet idarəçiliyi başlıqlı beynəlxalq konfrans təşkil etmişdi. Bu cür tədbirlər hökumətə legitimlik verir - ən azı Azərbaycan rəsmilərinin nəzərində. Beynəlxalq ictimaiyyət Azərbaycandakı situasiyanı nəzərə alaraq Əliyev hökumətinə belə imtiyazlar verməməlidir.

XS
SM
MD
LG