Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:24

Azərbaycan ailəsi daha çox oğlan uşağını övladlığa götürür


Arxiv foto
Arxiv foto

-

«14 il uşağımız olmadı. Qərara gəldik övladlığa uşaq götürək, bir neçə yerə üz tutduq, kömək edən olmadı».

Sabunçuda yaşayan Sevil Əliyeva belə deyir. O, Azərbaycanda övladlığa uşaq götürmək istəyən yüzlərlə valideyndən yalnız biridir. Deyir, elə uşaq götürmək niyyəti ona düşüb – tale üzünə gülüb və o, 51 yaşında ana olmağa hazırlaşır:

«DEDİLƏR, UŞAQ YOXDUR»

«Səhiyyə İdarəsinə gedib maraqlandıq ki, hansı sənədlər lazımdır. Dedilər, icradan sənəd gərəkdir. Onu da söylədilər ki, hazırda uşaq yoxdur, 200 adam növbədədir. Bir də dedilər ki, yaşınız uyğun gəlmədiyindən sizə körpə verə bilmərik. Deyirdilər böyük uşaq verə bilərlər, ancaq mən körpə istəyirdim ki, özüm böyüdüm. Yenə həkimlərə getdik. Onda hələ türk klinikaları belə geniş yayılmamışdı. Sonra sənədləri toplaya bildik, vəkilə verdik ki, bizi növbəyə alsınlar. İş elə gətirdi ki, İstanbuldan həkimlər gələn bir klinikaya getdik. Həkim dedi, sizə kömək edərəm. 3 ayın içində işimiz düzəldi. İndi 2 aylıq hamiləyəm, qışda uşağımız olacaq. 51 yaşım noyabrda tamamlanır».

Gözlə
Embed

No media source currently available

0:00 0:02:02 0:00
Direct-ə keçid

Övladlığa uşaq götürmək istəyənlər arasında illərlə gözləyənlər az deyil. Sevil xanım kimi onlara da uşaq üçün növbə yarandığını deyiblər.

Elə rəsmilər də, ara-sıra, bənzər fikirlər dilə gətiriblər. Bir müddət əvvəl Bakı Baş Səhiyyə İdarəsindən mediaya açıqlayıblar ki, övladlığa verməyə uşaq çatışmır, 300-ə yaxın ölkə vətəndaşı növbə gözləyir. Səbəb kimi son illər atılmış uşaqların sayının sürətlə azalması, övladlığa uşaq götürmək istəyənlərin sayca çoxalması göstərilib.

ÖVLADLIĞA VERİLMƏYƏ 3 QURUM BAXIR

Azərbaycanda 3 yaşınadək uşaqların övladlığa verilməsinə Səhiyyə, 3-18 yaşlılara Təhsil Nazirliyi baxır. Ölkələrarası övladlığa verilmə səlahiyyəti isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məxsusdur.

Övladlığa uşaqgötürmə Nazirlər Kabinetinin 172 saylı qərarı ilə tənzimlənir. Qəyyum olmaq istəyən şəxsin ərizəsi əsasında prosesi məhkəmə gerçəkləşdirir.

Vərəmli, I, II, III qrup dispanser qeydiyyatına alınan, daxili orqanları, sinir sistemi, onkoloji xəstəliklərdən, eləcə də narkoman, toksikoman, alkoqol düşkünləri, infeksion və ruhi xəstəliklərdən əziyyət çəkənlərə uşaq verilmir. Övladlığa götürənlə uşaq arasında yaş fərqi də 16 yaşdan az olmamalıdır.

ÖTƏN İL BEYNƏLXALQ ÖVLADLIĞA 8 UŞAQ VERİLİB

Vəsilə Möhsümova
Vəsilə Möhsümova

Bu ilin ilk 6 ayı ərzində Azərbaycandan iki uşaq beynəlxalq övladlığa verilib. Onlardan biri ABŞ-da, digəri Gürcüstanda yaşayan azərbaycanlı ailəyə verilib. Ötən il 8 uşaq beynəlxalq övladlığa götürülüb. Bunu AzadlıqRadiosuna Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin müdir müavini Vəsilə Möhsümova deyib.

O, övladlığa uşaq götürmək üçün tələb olunan sənədlərin vacibliyini vurğulayır. Sektor müdirinin fikrincə, övladlığagötürmə prosesi vahid bir qurumda cəmləşərsə, bu, prosesi tezləşdirər:

AZƏRBAYCANLI AİLƏNİN İMTİNA ETDİYİ UŞAQ

«Komitə ölkələrarası övladlığagötürmə işinə baxır, biz birbaşa xarici dövlətlərin mərkəzi orqanları ilə əməkdaşlıq edirik. Yerli övladlığagötürməni icra hakimiyyətləri yanında qəyyumluq və himayədarlıq komissiyaları həyata keçirir. Bu sahədə bəzi çatışmazlıqlar var. Bu komissiyalar fəaliyyətlərində sovet dövrünün əsasnamələrinə dayanırlar. Ölkələrarası övladlığa götürməyə daha çox həssaslıqla yanaşılır. Ancaq həm yerli, həm ölkələrarası prosesdə tələb olunan sənədlər ayrıca önəm daşıyır. Məncə, burada narazılıq yalnız müraciət olunan instansiyalarla, vahid bir qurumun formalaşması ilə bağlı ola bilər. Sənədlər bunlardır: ailənin sağlamlıq durumu barədə məlumat, ailənin maddi gəliri ilə bağlı sənədlər – iş yerindən arayış və s.; ailənin nikah durumu; dövlətlərarası övladlığa vermədə məhkumluğun olmamasına dair sənəd və s.».

Gözlə

No media source currently available

0:00 0:14:25 0:00
Direct-ə keçid

Övladlığagötürmə qaydalarında dəyişikliklər edilib – uşağın tələbatına uyğun ailələr seçiləcək;

Xarici vətəndaşlara, əsasən, ayrıca qayğıya ehtiyac duyan uşaqlar təklif olunur;

Azərbaycan ailəsi oğlan uşaqlarına üstünlük verir;

Valideynlərinin imtina etdiyi qolsuz uşağı əcnəbi ailə övladlığa götürüb, müalicə də etdirib;

Əcnəbi ailələr içində Rusiyada yaşayan azərbaycanlılar daha çoxdur.

989 UŞAQDAN YALNIZ 145-İ QIZDIR

«Azərbaycanda 2012-ci ildə 989 uşaq yerli övladlığa verilib. Onlardan cəmi 145-i qız uşağıdır», bunu da Vəsilə Möhsümova deyir.

Nazir Quliyev
Nazir Quliyev

Uşaq Hüquqları Alyansının rəhbəri Nazir Quliyev də uşaq götürmək üçün yaranmış növbəni insanların daha azyaşlı uşaq götürmək istəyinə bağlayır:

«Hamı istəyir körpə götürsün ki, uşaq özünü anlayanda ailəni öz valideynləri bilsin. Böyük uşaqları övladlığa götürmək istəyənlər azdır. Bundan başqa internat məktəblərində, əsasən, valideynli uşaqlardır. Üstəlik, uyğun mədəniyyət də hələ formalaşmayıb. Bizdə ailələr birdən qərar verir ki, övladlığa uşaq götürsün. Digər ölkələrdə uşaqla öncədən ünsiyyət yaradılır. Həm də daha çox böyük uşaqlar övladlığa götürülür. Bizdə bu proses çox çətindir, sonrakı monitorinq zəifdir. Bəzi ölkələrdə proses sadədir, sonra ona güclü nəzarət olunur. Dövlət də maraqlı olmalıdır ki, uşaq müəssisədə deyil, ailədə böyüsün. Rayonlarda valideynlər sənədlərin alınmasında xüsusi çətinlik çəkirlər. Ailələr üçün davamlı təlim-tədris proqramlarına da ehtiyac var».

Gözlə
Embed

No media source currently available

0:00 0:07:41 0:00
Direct-ə keçid

XS
SM
MD
LG