Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:51

Hacı Məmmədov terror etdiyini bildirir


Avqustun 23-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə Daxili İşlər Nazirliyinin keçmiş baş əməliyyat müvəkkili, polkovnik-leytenant Hacı Məmmədovun və daha 26 nəfərin məhkəməsi davam etdi. Prosesdə bir neçə vəkil məhkəmə heyətinə etiraz etdi.


Cinayət Məcəlləsinin 320.1 maddəsilə (rəsmi sənədləri saxtalaşdırma və saxta sənədlərdən istifadə) ittihamıyla təqsirləndirilən, hazırda zamində olan Azər Əliyevin vəkili Tofiq Allahverdiyev Bakı Şəhər 1 Saylı Notariusun yaxınlığında yerləşən bir neçə tərcümə mərkəzlərinə onların işçilərinin siyahısını əldə etmək üçün sorğu göndərilməsi barədə vəsatət qaldırdı. Ancaq hakim Əli Seyfəliyev vəsatəti təmin etmədiyindən, vəkil məhkəmə tərkibinin dəyişdirilməsini istədi. Onun bu etirazına qoşulan bəzi vəkillər isə bir aya yaxındır başlayan prosesdə hələ ki, vəkillərin heç bir vəsatətinin təmin edilmədiyini dedilər.


Hakim Əli Seyfəliyev Tofiq Allahverdiyevin məhkəmə tərkibinə etirazla bağlı verdiyi vəsatətə qanunvericilikdə nəzərdə tutulan əsaslar olmadığı səbəbilə baxmadı.


Zərərçəkənlərin suallarını cavablandıran Hacı Məmmədov bildirib ki, onlara qarşı irəli sürülən ittihamların içində müxtəlif cinayətlər olsa da, terror barədə heç nə deyilmir. Keçmiş polis zabit «halbuki bizim işimizdə terror da olub» desə də, ondan harda, necə terror törətməsi barədə açıqlama istənilmədi. Hacı Məmmədov onu da bildirdi ki, «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətliylə bağlı Milli Təhlükəsizlik Nazirliyində aparılan istintaqda geniş ifadə verib. Ancaq o, ifadəsinin detalları barədə əlavə məlumat verməyib.


Daxili İşlər Nazirliyinin keçmiş baş əməliyyat müvəkkili, polkovnik-leytenant Hacı Məmmədov və daha 26 nəfər bir sıra adam oğurluğu və qətllərdə təqsirləndirilir.


XS
SM
MD
LG