Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:25

Samux əkinçisi: «Məhv olub gedirəm... [Video]


Samuxda "yanğın" var...
Gözlə

No media source currently available

0:00 0:04:05 0:00

Samuxda "yanğın" var...

-

Samux rayonunun Sərkar kəndindən Kür çayına doğru uzanan sahələrə kəndlilər taxıl, yonca və günəbaxan əkiblər. Son vaxtlar qarpız sahələrinin artması da diqqət çəkir.

Sərkar kənd sakini Rövşən Məmmədov 30 hektar sahədə günəbaxan yetişdirir. Onun sözlərinə görə, əkib-becərmək heç də əsas məsələ deyil, işin canı vaxtında suvarmaqdır. Bu il əkdiyi məhsul susuzluqdan yanır. Bir neçə gün də beləcə qalsa, bütün məhsul yanıb zay olacaq və xərci də, əziyyəti də batıb-gedəcək.

«KANAL SUYU GƏLMİR Kİ, YERLƏRİMİZİ SUALAYAQ...»

Əkinçi Rövşən Məmmədov
Əkinçi Rövşən Məmmədov

Kənd sakinləri deyirlər ki, şəxsi torpaqları ilə yanaşı, 198 hektar dövlət torpağını da icarəyə götürüb, hamısına günəbaxan əkiblər. Samuxun bu torpaqları, əsasən, Şəmkir kanalından suvarılır. Əkinçilərin iddiasına görə, indi bu kanal kəsilib, onlara su verilmir:

«Bizdə Şəmkir kanalı var, onu gətirmirlər. Kanal suyu gəlmir ki, yerlərimizi sulayaq. İki nəfərlə 30 hektarda günəbaxan əkmişik, yerimiz yanır. Sulaya bilmirik. Bir həftəyə suvarmasaq, məhsul tam batacaq. Hələ 15 gün qabaq sulamalı idik. Yarpaqların hamısı quruyub. Borcum 7 min manata çatıb, bu yandan da su vermirlər. Verəndə də 3 saat su verirlər, bu da olsa-olsa, 1 hektara çatır. Beş ildir bu problemlə yaşayırıq... Prezident torpağı bizə iş yeri kimi verib. Öz torpağımız da var, icarəyə götürdüyümüz yer də. İli min manatdan 3 min manat verib üçilliyinə icarəyə götürmüşük. Əkib-biçmək, traktor gətirmək – hamısı puldur. Bir hektar bizə min manata başa gəlir. Yer yanıb gedirsə, bu xərci necə çıxaracağıq?».

RÜSUMDAN ARTIQ PUL ÖDƏYİRLƏR?

Əkinçi Pərviz Əliyevin sözlərinə görə, sahələrin suvarılması üçün su idarəsinin müəyyənləşdirdiyi növbəlilik cədvəli pozulur. Üstəlik, hər dəfə suvarmaya dövlət rüsumundan xeyli artıq pul ödəyirlər:

«İcarəyə götürdüyüm torpaq sahəsi 5 hektardır. Üç minə yaxın xərcim çıxıb. Günəbaxan əkmişəm, yonca əkmişəm. Suvardığım yeri də kəsib başqalarına – öz qohum və tanışlarına verirlər. Haqsızlıq edirlər. Növbədənkənar, həm də başqa adamlara verirlər. Hər hektara 10 manat pul veririk suya».

«ARTEZİANLAR ŞƏXSİDİR, SUYU BAHALANDIRIBLAR...»

Rövşən Məmmədov deyilənlərə əlavə edir:

Samux əkinçiləri
Samux əkinçiləri

«Artezianlar şəxsidir, suyu bahalandırıblar. Suyun 24 saatı 4 manat 24 qəpikdir. Bu, dövlət rüsumudur, amma 12 manat alırlar. Deməli, bir hektarı sulamaq üçün 30 manat pul verməli oluruq».

Bu insanların çörəyi, sözün birbaşa mənasında torpaqdan çıxır. Onların hamısı gözünü məhsuldan gələn gəlirə dikib. Tək istəkləri suya ehtiyacın ödənməsidir.

Siyavuş Əliyev deyir ki, 4-5 günün içində sahəni sulamasa, məhsuldan bir manat da qazancı olmayacaq:

«22 hektar yerim var. İndiyədək cəmi 1-2 hektar yer sulamışam. Oranı, bir ay əvvəl suvarmalı idim. Məhsul batır. Üstünə qaralar düşüb. Hardasa bir aydır, elə deyirlər sabah su verəcəyik. Allahın sabahı çoxdur. Üç günə də su verilməsə, məhsuldan əlimizi üzməliyik. Bank kreditlərimi ödəməmişəm. Uşağım 3-cü kurs tələbəsidir. Onun təhsilhaqqını verməmişəm. Aqrolizinqdən kreditlə traktor almışam, onun da kreditini bu torpağa qoymuşam. Varım-yoxum burdadır, o da məhv olub gedir. Deməli, mən də məhv olub gedirəm».

«HAMISINA XƏBƏRDARLIQ OLUNUB»

Samux rayon Sərkar kəndinin bələdiyyə sədri Şəmistan Yusifovun sözlərinə görə, rayonda illərdir su problemi yaşanır və bu üzdən əkinçilərə su növbəlilik əsasında verilir. O, normadan artıq sahələrdə əkin aparılmaması üçün əvvəlcədən hamıya xəbərdarlıq edildiyini də vurğulayır:

Samux
Samux

«Hamısına xəbərdarlıq olunub. Mən bələdiyyə sədri kimi deyirdim ki, əkməyin, suvara bilməyəcəksiniz, axı. Su problemi var. Günəbaxan pula gedir deyə, 198 hektar günəbaxan əkiblər. Onu da sulamaq üçün 20 subartezian lazımdır. Orda da cəmi 6 subartezian var. Bu su qarpıza, yoncaya da verilir. 3-4 günə hamısını suvara biləcəklər. Şəmkir kanalında bir nasos 4 kubmetr su vurur. Bunun cəmi 1 kubu Samuxa verilir. Yağışlı havalarda, Şəmkirlilər istifadə etməyəndə, su bizə gəlib çıxır».

DƏRYAÇAY LAYİHƏSİ GERÇƏKLƏŞSƏ...

Bələdiyyə sədri hazırda Şəmkir Dəryaçay layihəsi üzərində iş getdiyini də bildirir. Bu layihə gerçəkləşəndən sonra xeyli subartezian inşa ediləcək və noyabrdan etibarən daimi kanal suyu gələcək. Beləcə, su problemi də çözüləcək...

XS
SM
MD
LG