Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:45

Fizuli Ələkbərovun oğlu məhkəmədə ifadə verdi


Vüqar Ələkbərov
Vüqar Ələkbərov
-
Fevralın 10-da Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən «İsmayıllı hadisələri» ilə bağlı prosesdə keçmiş nazir və icra başçısının oğlanları ifadə veriblər.

Zərərçəkmiş qismində prosesdə iştirak edən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun oğlu Vüqar Ələkbərov ona məxsus «Çıraq» otelinin və avtomobilinin yandırılmasına görə heç bir mülki iddiası olmadığını bildirib. Onun sözlərinə görə, otel və avtomobil sığortalandığı üçün ona dəyən ziyanı sığorta şirkəti ödəyəcək.

Vüqar Ələkbərov deyib ki, hazırda mühakimə olunan şəxslərin heç birini tanımır və onlara qarşı heç bir mülki iddiası yoxdur.

İsmayıllının keçmiş icra başçısı Nizami Ələkbərovun oğlu Elxan Ələkbərov da zərərçəkmiş qismində ifadə verərək deyib ki, təqsirləndirilən şəxslərə qarşı hər hansı mülki iddiası yoxdur. O hesab edir ki, ötən il yanvarın 23-də baş verənlər İsmayıllı camaatının işi deyil. Onun fikrincə, bundan kimlərsə yararlanıb. Elxan Ələkbərov münaqişənin ilkin mərhələsində polisi fəaliyyətsiz olmaqda günahlandırıb.

Məhkəmədə İsmayıllı hadisələri ilə bağlı ölkə televiziyalarının məhkəməyə təqdim etdikləri video-süjetlərə baxış keçirilib.

Ötən il yanvarın 23-də İsmayıllıda «Çıraq» otelinin inzibatçısı və daha bir nəfərin yerli sakinləri təhqir etməsindən sonra bir qrup sakin oteli və onun həyətində olan maşınları yandırıb. Bundan sonra yerli camaatla təhlükəsizlik qüvvələri arasında qarşıdurma baş verib.

Olaydan sonra 18 nəfər həbs olunub. Onların arasında REAL Hərəkatının lideri İlqar Məmmədov və Müsavat başqanının müşaviri Tofiq Yaqublu da var.

Həbs olunanlar ictimai asayişi pozmaq, vətəndaşları kütləvi iğtişaşlara çağırmaq və hakimiyyət nümayəndələrinə zor işlətməkdə ittiham olunurlar.

Müdafiə tərəfi ittihamları qəbul etmir.
XS
SM
MD
LG