Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:27

Bərdədə özünü yandıran Qarabağ əlili: «Azərbaycanda mənim üçün yaşamaq artıqdır»


Foto: Arxiv
Foto: Arxiv
-
«Hüququmu tələb elədim, ancaq ala bilmədim. Mənim üçün axırıncı yol bu idi. Azərbaycanda mənim üçün yaşamaq artıqdır. Yaşamağa imkan vermədilər. Məni kiçik bir yerdə yerləşdirmədilər. Orda-burda kirayədə yaşadım. Ondan sonra da uşağım xəstə düşdü. Özümün dərdi bir tərəfdən, ikinci dərd də bir tərəfdən gəldi. Hara getdim əlim-ayağımdan uzun gəldim. Balamı da sağalda bilmədim. Maddi vəziyyətə görə ailəmin içində kişi kimi hərəkət eləyə bilmədim. Hər şey sıfır. Bizim millətdə bir şey yaxşıdır ki, bir-birimizi alçaltmağa öyrəşmişik».

«BİR BALAM VAR, O DA ƏLİLDİR»

İkinci qrup Qarabağ əlili olan, 44 yaşlı Maarif Vəliyev deyir ki, maddi sıxıntılar, evsiz-eşiksiz olması onu özünü yandırmağa sövq edib. Deyir, özünü iki gün əvvəl Bərdə rayon İcra Hakimiyyətinin yaxınlığında yandırıb. 20 yaşlı övladı da onun kimi əlildir:

«23 yaşında əlil olmuşam. Bir balam var, o da əlildir. Müalicə etməyə imkanım yoxdur. Yalandan müalicə elətdirirdim. Rayonda nə müalicə? Başqa yerə aparmağa gücüm çatmır».

Maarif Vəliyev deyir ki, torpaq istəyi ilə bağlı müraciətlərinə rəsmi heç bir cavab verməyiblər:

«Haralara müraciət etmədim ki...».

«QARABAĞ ƏLİLİNİN SONU DA BUDUR»

Maarif Vəliyev hazırda Bərdə rayon Xəstəxanasında müalicə olunur:

«Özümü pis hiss edirəm, ayağa dura bilmirəm. Sağ olsunlar, yaxşı hörmət etdilər. Qarabağ əlilinin sonu da budur. Üstümə benzin töküb yandırdım. Başqa əlacım yox idi. Prezidentdən bir xahişim var ki, mən heç, yerdə qalan Qarabağ əlillərinə... qalanları yazıqdır. Ən axırıncı vəziyyətdə Qarabağ əlilləri yaşayır».

«DƏFƏLƏRLƏ İCRA HAKİMİYYƏTİNƏ MÜRACİƏT EDİB»

«Qarabağ Qaziləri» İctimai Birliyinin sədri Etimad Əsədov da deyir ki, Maarif Vəliyev ona torpaq verilmədiyinə görə özünü yandırıb:

«Dəfələrlə icra hakimiyyətinə müraciət edib. Nə sığınacaq, nə ev, nə də torpaq veriblər. Bezib, özünü yandırıb. Söndürüblər, başı-zadı salamatdır, aşağı ətrafı tamam yanıb».

Bərdə rayon Polis Şöbəsinin növbətçi hissəsindən dedilər ki, onlarda Maarif Vəliyev adlı özünü yandıran şəxs qeydə alınmayıb:

«Nəinki bu gün, bundan əvvəlki günlər üçün də qeydlərdə belə məlumat yoxdur».

İCRA HAKİMİYYƏTİNDƏN DEYİRLƏR Kİ...

Bərdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vahid Qarayev da deyir ki, icra hakimiyyətinin binası qarşısında özünü yandıran adam olmayıb.

Bərdə rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Zeynalov isə bildirir ki, Maarif Vəliyev 2-3 gündür ki, xəstəxanadadır:

«İkinci dərəcəli aşağı ətrafların termik yanığı ilə xəstəxanaya daxil olub. Özünü yandırmağı ilə bağlı məlumat yoxdur. Yanıq xəsarətidir. Paltarı, ayaqları yanıb. Harada yandığını bilmirəm. İki günə çıxacaq, vəziyyəti yaxşıdır».

Bərdə rayon Alpout kənd inzibati ərazi üzrə nümayəndəsi Məhəmməd Xəlilov isə deyir ki, Maarif Vəliyev 15 ildir kənddən qeydiyyatdan çıxıb.
XS
SM
MD
LG