Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:33

Yeni su kəməri Şirvan-Muğan əhlinə nə gətirib və nələr vəd edir? [Araşdırma]


Şirvan-Muğan qrup su kəmərinin açılış mərasimi
Şirvan-Muğan qrup su kəmərinin açılış mərasimi
-
“Əminəm ki, gələn ilin sonuna qədər bütün altı rayonda gözəl mərasimlər keçiriləcək və bu altı rayona təmiz içməli suyun verilməsi mərasimində sizinlə birlikdə iştirak edəcəyik”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev 2012-ci ilin iyulun 16-da Şirvan-Muğan qrup su kəmərinin təməlqoyma mərasimində deyib.

Şirvan-Muğan qrup su kəmərinin təməlqoyma mərasimi
Şirvan-Muğan qrup su kəmərinin təməlqoyma mərasimi
Həmin tədbirdə dövlət başçısı “Bu altı rayonda 100 faiz qazlaşdırma gələn ilin sonuna qədər başa çatmalıdır” proqnozunu da vermişdi.

KƏMƏR İLLƏRƏ KEÇDİ...

Qaz məsələsi bir kənara qalsın (onsuz da qazlaşdırmanın nəinki 100, hətta 95 % başa çatdırılacağı ilə bağlı proqnoz təkcə 6 rayonda yox, bütün ölkə üzrə özünü doğrultmayıb), Şirvan-Muğan qrup su kəmərindən danışaq. Bu kəmər Şirvan şəhəri, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar və Sabirabad rayonlarının əhalisi üçün həyati əhəmiyyət kəsb edir. Bəlkə də ölkə üzrə ən çirkli, həyat və sağlamlıq üçün risk doğuran içməli sudan bu bölgədə yaşayanlar istifadə edir.

Təkcə dövlət başçısının çıxışında deyil, bütün sonrakı rəsmi məlumatlarda layihənin 2013-cü ildə başa çatdırılacağı açıqlanıb. Artıq 2013-cü il arxada qalıb. Amma bəslənilən ümidlər, verilən vədlər özünü doğrultmadı. İndi məlum olur ki, bu kəmərlə 470 min əhalinin içməli su ilə tam təminatı üçün 4-5 il vaxt lazımdır. Həm də bu, digər layihələrin icrasından asılı olacaq.

KÜRÜN “BAKI YÜKÜ” AZALIB

Kəmərin çəkilişi
Kəmərin çəkilişi
Ümumi uzunluğu 107 kilometr olan Şirvan-Muğan qrup su kəmərinin mənbəyi Kür su kəmərləri sistemidir. Bu sistem 1970-ci ildə Hacıqabul rayonunun Kiçik Talış kəndində yaradılıb və buradan Bakı şəhərini içməli su ilə təchiz edən üçüncü, daha sonra isə dördüncü kəmər işə düşüb.

2010-cu ilin sonunda Oğuz-Qəbələ-Bakı kəməri istifadəyə veriləndən sonra Kür-Bakı kəmərlərindən birindən nəql edilən içməli suyun Kürətrafı ərazilərə verilməsi məsələsi gündəmə gəldi. Qeyd edək ki, həmin il ölkədə baş verən təbii fəlakət nəticəsində bölgədəki yerüstü su mənbələri kəskin çirklənməyə məruz qalmışdı və əhali onun mənfi təsirlərini hələ uzun illər hiss edəcək.

KƏMƏR NEÇƏYƏ BAŞA GƏLƏCƏK?

Şirvan-Muğan qrup su kəməri ilə bağlı indiyədək olan rəsmi açıqlamalarda kəmərin çəkilməsi planı və texniki göstəriciləri, smetası, layihənin həyata keçirilməsi üçün ayrılan maliyyə vəsaitləri, keçirilmiş tenderlər və onların nəticəsi barədə heç bir məlumat verilməyib. Buna görə bilmək olmur ki, kəmərin çəkilməsi neçəyə başa gələcək, bu işi bir, yoxsa bir neçə təşkilat həyata keçrir, su adları çəkilən yaşayış məntəqələrinə necə paylanılır.

“Azərsu” ASC-yə ünvanladığımız informasiya sorğusu bu günədək cavablandırılmayıb. Sualların bəzilərini təqdim edirik:

1. Şirvan-Muğan qrup su kəmərinin planı və texniki göstəriciləri.
2. Kəmərin tikintisinin maliyyələşdirilməsi (maliyyə mənbəyi, smeta üzrə xərclərin ümumi məbləği, sonrakı ayırmalar (əgər olubsa) və s.).
3. Kəmərin çəkilişi ilə bağlı başa çatdırılmış, davam edən və gələcəkdə görüləcək işlər barədə.
4. Şirvan-Muğan qrup su kəməri ilə daşınan sudan hazırda neçə yaşayış məntəqəsi və nə qədər adam istifadə edir?
5. Şirvan-Muğan qrup su kəmərinin içməli su ilə təchiz etdiyi (edəcəyi) ərazilərdə su sisteminin müasir tələblər səviyyəsində qurulması işləri nə vaxt tam başa çatdırıla bilər?
6. Kür Su Təmizləyici Qurğular Kompleksindən gələcəkdə daha hansı ərazilərə su kəmərlərinin çəkilməsi nəzərdə tutulur?
7. Hazırda ölkədə nə qədər əhali ekoloji cəhətdən təmiz sudan istifadə edə bilir?

Onu da qeyd edək ki, “Azərsu” ASC-nin tabeliyində olan yerlərdəki “Sukanal” MMC-lərin rəhbərləri də şəhərlərin su təchizatı ilə bağlı heç bir sualı cavablandırmadı:
“Bizdə informasiya mərkəzləşdirilmiş qaydada- Cəmiyyətin İctimaiyyətlə Əlaqələr Deportamenti tərəfindən verilir”.

“HARADASA”, “TƏXMİNƏN”, “ÜST-ÜSTƏ”... 220 MİLYON MANAT

AzadlıqRadiosunun “Açıq hökumət” proqramında müzakirəyə qatılan “Azərsu” ASC-nin Strateji-Texniki İnkişaf Departamentinin rəisi Əhməd Məmmədov ilk dəfə olaraq belə bir açıqlama ilə çıxış etdi ki, Şirvan-Muğan qrup su kəməri 4-5 ilə həyata keçirilən bir layihədir. O, hazırkı vaxtadək 70 milyon manatadək vəsaitin xərcləndiyini bildirdi:

“Bu məbləğ əsasən 107 kilometr uzunluğunda magistral kəmərin tikintisinə yönəldilib. Bundan başqa, Biləsuvar şəhərinin tam su təchizatı şəbəkəsi yaradılıb, orada 10 min kub metr həcmində anbar, nasosxana tikilib, bir də Şirvan şəhərinin “Çılpaqlı” deyilən ərazisində 40 kilometrlik şəbəkə yaradılıb”.

“Azərsu” rəsmisi bundan sonra daha nə qədər vəsait sərf olunacağı ilə bağlı sualı təxmini qiymətləndirmə ilə cavablandırıb:

“Neftçala və Salyan rayonlarının hər birində su-kanalizasiya sistemlərinin yenidən qurulmasına, çirkab suları təmizləyən qurğuların quraşdırılmasına 40-45 milyon, Şirvan şəhərindəki şəbəkənin tam yenilənməsinə, təxminən, 70 milyon, üst-üstə təxminən 150 milyon manat əlavə vəsait lazımdır ki, bütün kəndlər də əhatə olunmaqla bu layihə başa çatsın”.

HƏLƏ HESABA ALINMAYAN MİLYONLAR VAR

Diqqət etdinizsə, Əhməd Məmmədov “bütün kəndlər əhatə olunmaqla” ifadəsini işlətsə də, bu yaşayış məntəqələri üzrə ehtimal edilən xərclərin məbləğini deməyib. Söhbət 5 rayon ərazisində yerləşən, 230 min nəfər əhalinin yaşadığı 121 kənddən gedir. O kəndlər ki, ərazisində su sistemi heç yerli-dibli mövcud olmayıb. Bir halda ki, milyonlarla ifadə olunan xərcləri gözəyarı hesablamaq olar, onda biz də təxmin edə bilərik ki, daha 50 milyon manat bu kəndlərdə şəbəkənin yaradılmağına, hidrotexniki qurğuların tikntisinə sərf oluna bilər.

Layihənin daha bir “dolaşıqlığı” şəhərlərin su-kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlıdır. Şirvan (bir hissəsi) və Biləsuvar şəhərlərində su-kanalizasiya sistemlərinin bərpası Şirvan-Muğan qrup su kəməri ilə bağlı layihənin tərkib hissəsi olsa da, Salyan, Neftçala və Hacıqabulda ayrıca smetası olan layihələrin icrası nəzərdə tutulur.

Hacıqabuldakı hidrotexniki qurğu
Hacıqabuldakı hidrotexniki qurğu
Hacıqabulda bu işə başlanılsa da, Salyan və Neftçalada yerli layihələr üçün heç maliyyə ayrılmayıb. Halbuki barəsində söhbət gedən 470 min nəfər əhali hamılıqla, dayanıqlı şəkildə o vaxt sudan istifadə edə bilər ki, qeyd olunan yaşayış məntəqələrində də su-kanalizasiya sistemləri yenidən qurulsun. Kəmər çəkilərkən paralel olaraq bu işlər də görülməliydi. İndi illərlə gözləmək lazım gələcək ki, bu şəbəkələr yenilənsin. Eyni sözləri Şirvan şəhərindəki şəbəkənin qalan hissəsi barədə də demək olar.

YAPONİYADA BAŞ VERƏN SUNAMİNİN SALYANA TƏSİRİ

Ölkənin kifayət qədər iqtisadi potensialı olduğu halda, 20-dən çox şəhər və rayonda su və kanalizasiya layihəsi beynəlxalq maliyyə təşkilatlarının (Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Almaniyanın KFW bankı, İsveçrənin SECO təşkilatı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Səudiyyə İnkişaf Fondu) krediti hesabına həyata keçirilir (yaxud keçirilməsi planlaşdırılır). Həmin layihələrin bəzisinin gecikməsi beynəlxalq maliyyə qurumlarının kredit tranşındakı ləngimə ilə əlaqələndirilir.

Məsələn, Yaponiyada baş verən sonuncu sunamidən sonra Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə bağlanmış müqavilənin, onun nəticəsi olaraq ölkənin 10 əyalət mərkəzində, o cümlədən Şirvan, Neftçala və Salyan şəhərlərində su-kanalizasiya layihələrinin reallaşması mümkün olmayıb. Salyanda söhbət etdiyim İcra Hakimiyyətinin əməkdaşı zarafatla “yaponlar bizə kömək etmək istəyirdi, iş elə gətirdi ki, biz onlara kömək edəsi olduq” dedi.

Rayonun Babazanlı yüksəkliyində anbar olmadığından Biləsuvar rayonuna çəkilmiş boru birbaşa magistral xəttə (kəmərə) qoşulub. Salyan RİH-in informasiyanın təminatı və təhlili sektorunun müdiri Kərəm Muradov bildirir ki, onlar da anbar tikilənədək kəmərdən bu şəkildə istifadə etməyi planlaşdırırlar. Hazırda şəhər əhalisi Kürün Salyana bitişik hissəsindən nasoslar vasitəsilə götürülən və təmizlənməyən sudan istifadə edir.

KƏMƏR ÇƏKİLƏCƏKDİSƏ BULAQ NƏYƏ GƏRƏK İDİ?

Ekspertlərə görə, Şirvan-Muğan qrup su kəmərinin təchiz edəcəyi yaşayış məntəqələrinin bəzilərində modul tipli su təmizləyici qurğuların quraşdırılması hökumətin bu sahədə aydın siyasətinin olmamağından xəbər verir. Bunu yeni kəmərin təməli qoyularkən dövlət başçısının çıxışında yer alan aşağıdakı sözlərdə də hiss etmək olur:

“Bu gün başladığımız layihə bu bölgənin su ilə təminatını xeyli dərəcədə yaxşılaşdıracaqdır. Bu yeni imkanlardan istifadə edəcək insanların sayı 470 mindir. Nəzərə alsaq ki, Kür-Araz boyu yerləşən çaylarda modul tipli təmizləyici qurğular quraşdırılır və artıq 200-dən çox kənddə bu qurğular quraşdırılıb. 400 mindən artıq əhali artıq təmiz, içməli su ilə təmin edilir, bu layihələrin nə qədər böyük əhəmiyyəti olduğunu görmək mümkündür”.

Bu çıxışdan elə təəssürat yaranır ki, yeni kəmər və təmizləyici qurğular vasitəsilə ümumilikdə 870 min nəfərin keyfiyyətli içməli su ilə təminatı həll edilmiş olur. Əslində isə həmin qurğuların bir hissəsi elə kəmər vasitəsilə su çatdırılacaq yaşayış məntəqələrində yerləşir. Paradoksal vəziyyət yaranır: əgər ayrı-ayrı kəndlərdə quraşdırılan modul tipli təmizləyici qurğular əhalinin içməli suya olan təlabatını ödəyirdisə, xeyli xərc hesabına Şirvan-Muğan qrup su kəmərindən həmin yaşayış məntəqələrinə su borularının çəkilməsinə nə ehtiyac var idi? Yox, əgər qurğular təminatı tam ödəmirdisə, kəmər çəkilməzdən əvvəl onların quraşdırılması külli miqdar təşkil edən (bir modul tipli qurğu və xüsusi bulaq kompleksinin təqribən 100 min manata başa gəldiyi bildirilir) büdcə vəsaitindən səmərəsiz istifadə deyilmi? Axı məntiqlə əhaliyə içməli su bu iki layihənin biri əsasında verilə bilərdi.

Kür su kəməri sistemi
Kür su kəməri sistemi
Maraqlıdır ki, Hacıqabul rayonunun Talış, Axtaçı-Şirvan və Meyniman kəndləri Kür su kəmərləri sisteminin lap yaxınlığında yerləşsə də, onlar hələ Kürdən nasosla təsərrüfat kanallarına vurulan, heç bir təmizləyici qurğudan keçməyən sudan istifadə edir. Axtaçı-Şirvan kəndinin sakini Ağakərim Baxışov deyir ki, bu kanaldan mal-qara da, it-pişik də, ev quşları da su içir.

Meyniman kəndində “Modul” tipli qurğu quraşdırılıb. Amma bulaqların, necə deyərlər, gözü quruyub. Kənd sakini Böyükişi Vəliyev bunun səbəbini kanalda su olmamağı ilə izah edir: “Qurğu kanalın suyunu təmizləyib bizə verir. Amma qış aylarında əkin aparılmadığından kanala su ayda bir-iki dəfə vurulur.”

HAZIRDA ƏHALİNİN ÇOX AZ BİR HİSSƏSİ KEYFİYYƏTLİ SUDAN İSTİFADƏ EDİR

“Azərsu” ASC-nin açıqlamasına görə, hazırkı vaxtda bu kəmərlə çatdırılan sudan 40 min nəfər Şirvanda, 20 min nəfər Biləsuvarda, 10 min nəfər Hacıqabulda, bir də yol boyu kəndlərdə olmaqla təxminən 130 min nəfər istifadə edir. Amma layihənin monitorinqini aparan Vətəndaş Nəzarəti Şəbəkəsinin işçi qrupu üzvləri bu rəqəmin kifayət qədər şişirdilmiş olduğunu deyirlər.

Şəbəkənin Hacıqabul rayonu üzrə əlaqələndiricisi Əliman Məmmədov bildirir ki, yeni kəmərlə gələn sudan Hacıqabul şəhərində əsasən Rayon İcra Hakimiyyətinin inzibati binasının ətrafında, Səməd Vurğun, Xaqani, Mirzə Baxış Nadim, Zeynalabdin Tağıyev küçələrində, şəhər bazarının ətrafında və hərbi şəhərcikdə istifadə edilir. Bu isə 23 min əhalisi olan bir yaşayış məntəqəsinin təxminən on faizi deməkdir.

“Demokratiyaya yardım” İctimai Birliyinin sədri Emil Məmədov ən acınacaqlı vəziyyətin Neftçala şəhərində olduğunu deyir:

“Şəhərin köhnə, çürüyüb sıradan çıxmış su sistemi ilə əhaliyə içməli su məhəllələr üzrə həftədə bir dəfə verilir, o da nə yer üstündəki beton çənlərə qalxa bilir, nə də yerüstü kranlardan axır. Ona görə də əhalinin əksəriyyəti içməli və məişət suyunu maşınlarla daşıyır”.

Salyan əhalisi hələ də təmizlənməyən sudan istifadə edir
Salyan əhalisi hələ də təmizlənməyən sudan istifadə edir
42 minə yaxın əhalisi olan Salyan şəhərində sakinlərin təxminən yarısı suyu özləri birbaşa Kür çayından nasoslar vasitəsi ilə boru ilə həyətlərindəki hovuzlara axıdırlar. Bir qədər durulduqdan sonra ondan həm içir, həm də məişətdə istifadə edirlər. Əhalinin qalan yarısı “Azərsu”yun xidmətindən yararlanır. Təmizləyici qurğu sıradan çıxdığından Kürdən götürülən su birbaşa anbara vurulur və buradan şəbəkəyə daxil olur. Lakin su burada əlavə çirklənməyə məruz qalır. Üstü açıq olduğundan anbara zir-zibil də tökülür, illər boyu təmizlənmədiyindən içərisini qamış basıb, burada qurbağalar, müxtəlif həşəratlar məskunlaşıb.

Şirvan şəhərinin Xəqani küçəsindəki 30 saylı evdə yaşayan Bürcəli Qurbanov razılıq edir:

“Əvvəllər su günaşırı verilirdi, həm də çox bulanıq idi. İndi həm fasiləsiz, həm də təmiz su verilir”.

Salyanda su anbarı
Salyanda su anbarı
Şəhərin Heydər Əliyev prospektindəki 48 saylı binanın ətrafını isə üfunət bürüyüb. Burada yaşayan Eyvaz Süleymanov köhnə su xəttindən istifadə etdiklərini deyir:

“Su günaşırı verilir. Yuxarı mərtəbələrə qalxmadığından hərə öz hesabına nasos quraşdırıb. Kanalizasiya boruları çürüyüb, sızmalar olduğundan məişət atqıları zirzəmiyə dolub”.

3 MİLYARDA QƏDƏR PUL SUYA QOYULUB...

2003-2013-cü illərdə Azərbaycanda su təchizatı və kanalizasiya sektoruna müxtəlif mənbələr hesabına 2,8 milyard manatdan çox vəsait ayrılıb. Bunun 1,8 milyardı dövlət büdcəsinin, 779 milyon manatı Dövlət Neft Fondunun, 196 milyon manatı isə xarici maliyyə qurumlarının payına düşür. Dünya Bankının ekspertlərinin apardığı araşdırmaların nəticəsinə görə ölkə üzrə su təchizatı probleminin bütünlüklə həllinə 10 milyard ABŞ dollarından artıq vəsait tələb olunur. Amma bu xərc Azərbaycan reallığında daha çox ola bilər.
XS
SM
MD
LG