Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:35

Dağlıq Qarabağ münaqişəsi: «Nə hərb, nə də sülh»


İlham Əliyev və Serzh Sarkisian
İlham Əliyev və Serzh Sarkisian
-
"Ağdamda böyük evimiz, bağımız vardı. Hamısı qaldı orda. 20 ildir damlarda yaşayırıq".

76 yaşlı Güllü Əliyeva 20 ildir münaqişənin həllini, öz el-obasına köçəcəyi günü gözləyir. Amma ümidini itirib:

"20 ildir bir nəticəsi olmayan danışıqlar bundan sonra nəticə verəcək? Bəlkə də qayıtdı torpaqlar, amma o günü yəqin mən görə bilməyəcəyəm".

MÜNAQİŞƏNİN BİTMƏMƏSİNİN BAŞLICA SƏBƏBİ...

İlham Əliyev
İlham Əliyev
İlham Əliyev 3-cü dəfə prezident seçiləndən sonra andiçmə mərasimində Dağlıq Qarabağ münaqişəsinin həllindən danışıb və bildirib ki, münaqişənin həllinə biganəlik var:

"Əfsuslar olsun ki, bu illər ərzində münaqişə həllini tapmayıb. Bunun başlıca səbəbi Ermənistanın riyakar siyasəti, qeyri-konstruktiv mövqeyi və beynəlxalq tərəflərin biganəliyidir. Beynəlxalq hüquq normaları 20 ildən çoxdur kobudcasına pozulur. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilmir, işğalçı ölkəyə təzyiq göstərilmir. Belə olan halda bizim birtərəfli qaydada aparılan diplomatik səylərimiz uğur gətirə bilməzdi".

TARİXİ GÖRÜŞ?

​Xarici İşlər Naziri Elmar Məmmmədyarov 2013-cü il dekabrın 4-də Kiyevdə erməni həmkarı ilə görüşüb. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri 4 saat davam edən həmin görüşü tarixi adlandırıb. Elmar Məmmədyarovun sözlərinə görə, görüş o vaxt "tarixi" adlana bilərdi ki, nəticəsi olsun:

"Nəticəsi olmazsa, bu görüş də bundan öncəki görüşlər kimi adi sayılacaq. Düzdür, budəfəki görüşdə Kazandan sonra ilk dəfə konkret məsələləri müzakirə etdik. Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünün nəticəsinə uyğun şəkildə erməni həmkarımla danışıqlar apardıq".

HƏMSƏDRLƏRİN REGİONA SƏFƏRİ...

ATƏT-in Minsk qrupu ilə görüş
ATƏT-in Minsk qrupu ilə görüş
Tərəflər Kiyev görüşünün nəticələri haqda öz mövqelərini ATƏT-in Minsk qrupu həmsədrlərinin dekabrda regiona səfəri zamanı açıqlayacaqdılar.

Beləliklə, səfər baş tutur. Həmsədrlər dekabrın 15-də prezident İlham Əliyevlə, 16-da Ermənistan prezidenti ilə görüşürlər. Həmsədrlərlə Azərbaycan tərəfinin konkret nələri müzakirə etdikləri açıqlanmadı. Yalnız münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı və gələcək durumunun müzakirəyə çıxarıldığı bildirildi.

Ermənistan tərəfi həmsədrlərlə görüşdə Azərbaycanı atəşkəsi pozmaqda günahlandırıb. Ermənistan xarici işlər naziri həmsədrlərə dekabrın 14-də təmas xəttində 26 yaşlı erməni zabitinin öldürülməsindən söz açaraq, belə insidentlərin sülh prosesini zərbə altında qoyduğunu deyib.

Azərbaycanın Müdafiə Nazirliyi, əksinə, erməni tərəfinin davamlı şəkildə atəşkəsi pozduğunu, hətta dinc sakinlərin də atəşə tutulduğunu söyləyir.

NƏ HƏRB, NƏ DƏ SÜLH...

Regiona səfərlərindən sonra həmsədrlər bəyanat yayaraq bildiriblər ki, sərhəddəki son gərginlik sülh perspektivlərinə zərbə vurur. Onlar tərəfləri gərginliyi artıracaq hərəkətlərdən çəkinməyə, danışıqlarda irəlilədəcək ab-hava yaratmağa çağırıblar.

ATƏT Minsk qrupunun amerikalı həmsədri indiki şəraiti nə hərb, nə də sülh kimi qiymətləndirib:

"Hər iki tərəfdə ailəsinin gələcəyini düşünən, buna görə də sülh və əmin-amanlıq istəyən insanlar var. Heç kəs müharibə istəmir. İndiki şəraiti “nə hərb, nə də sülh” adlandırmaq olar".

MÜNAQİŞƏNİN HƏLLİ BİLƏRƏKDƏN YUBADILIR?

Ərəstun Oruclu
Ərəstun Oruclu
Politoloq Ərəstun Oruclunun fikrincə, Azərbaycan və Ermənistan tərəfi bilərəkdən bu münaqişəni çözmür və danışqılar adı ilə prosesi yubadır:

"Nəzakətli, diplomatik bəyanatlar verirlər. Özlərini münaqişənin həllinə hazır kimi göstərirlər, danışıqlar aparırlar. Amma əslində, sabotajla məşğuldurlar. Bu baxımdan Azərbaycan və Ermənistan hakimiyyətlərinin ən uğurlu partnyorları elə özləridir. Çünki hər iki tərəfin maraqları bunu tələb edir".

Ərəstun Oruclu deyir ki, bununla belə, 2013-cü ildə Qarabağ danışıqlarında müəyyən irəliləyişlər olub. Özəlliklə Minsk Qrupunun amerikalı həmsədri bu münaqişənin tezliklə həllində maraqlıdır:

"2013-cü ilin son ayları müsbət tendensiyalarla yadda qaldı. Özəlliklə yeni amerikalı həmsədrin təyin olunmasından sonra münaqişənin həllində intensivləşmə müşahidə olunur. ABŞ ən yüksək səviyyədə – Ağ ev, dövlət departamenti səviyyəsində münaqişənin həllinin zəruriliyi ilə bağlı bəyanatlar verir, mövqe sərgiləyir".

TƏRƏFLƏR HƏQİQƏTƏN İSTƏSƏLƏR...

ATƏT Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədri Makis Voridisin fikrincə, Dağlıq Qarabağ münaqişəsini yalnız tərəflərin siyasi iradəsi çözə bilər:

"Münaqişənin həllinin bütün tərəflər üçün xeyirli olduğunu siyasətçilər özləri anlaya bilsələr, eləcə də xalqa izah etsələr, nəyəsə nail olmaq olar. Dondurulmuş və ya həlli ləngiyən münaqişəni tezliklə həll etməyin vacibliyini anlayanda və ya bunu həqiqətən istəyəndə nəticə ola bilər. Əks halda proses ləng gedəcək".

Azərbaycan və Ermənistan prezidentlərinin yanvarda yenidən görüşü gözlənilir. Tərəflər arasında 1994-cü ildə atəşkəs imzalanıb. 2014-cü ildə danışıqların 20 ili tamam olur. Təkcə münaqişənin deyil, yüz minlərlə başqaları kimi, ağdamlı Güllü Əliyevanın da köçkün həyatının 20-ci ili tamam olur...
XS
SM
MD
LG