Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:32

«Dedilər kömək edin, sonra təşkilatçı kimi həbs etdilər»


İsmayıllıda etirazlar - 25 yanvar 2013
İsmayıllıda etirazlar - 25 yanvar 2013
-
Dekabrın 17-də Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadisələrində ittiham olunanların məhkəmə prosesi davam edib.

Prosesdə müttəhimlərin dindirilməsinə başlanılıb.

İttiham olunanlardan biri – Səftər Ağamalıyev ifadəsində ona qarşı irəli sürülən ittihamlar üzrə özünü təqsirli bilmədiyini söyləyib. Deyib ki, məqsədi tərəfləri sakitləşdirmək olub:

«Biz camaatı qarşıdurmalardan çəkindirirdik, ancaq axırda özümüzü həbs etdilər».

S.Ağamalıyev konkret ad çəkməsə də, deyib ki, hadisə günü rayon məmurlarından ona zəng olub. Ondan camaat arasında nüfuzundan istifadə edib əhalini sakitləşdirməyi xahiş ediblər:

«Mənə dedilər gəl bizə kömək elə, ancaq sonradan məni təşkilatçı kimi həbs elədilər».

İttiham olunan Anar Həsənov isə deyib ki, hadisələr baş verəndə o, işlədiyi İdman Kompleksində olub:

«Məni də çağırıb dedilər ki, yanğınların söndürülməsində bizə kömək elə. Biz təşkilatçı yox, əhalini sakitləşdirən qüvvə olmuşuq».

MƏHKƏMƏ DEKABRIN 24-DƏ DAVAM EDƏCƏK

Vasif İbrahimov də ifadəsində ittihamları qəbul etmədiyini bildirib:

«Mən istintaqda özümü təqsirli bilmədiyimi demişəm, burda isə yazıblar ki, guya, qismən təqsirli bilirəm».

Məhkəmədə valideynlərə məhkəmə prosesini izləməyə şərait yaradılıb. İttiham olunanlar üçün gətirilən ərzaq, isti geyimlər qəbul olunub.

Bu il yanvarın 23-də İsmayıllıda «Çıraq» otelinin inzibatçısının və daha bir nəfərin yerli sakinləri təhqir etməsindən sonra bir qrup sakin oteli və onun həyətində olan maşınları yandırıb.

Yanvarın 24-də yerli sakinlər rayon icra başçısının istefası tələbilə etiraz aksiyasına başlayıb və bir qədər sonra hadisələr təhlükəsizlik qüvvələri ilə qarşıdurmaya çevrilib.

Nəticədə 18 nəfər həbs olunub. Onların arasında REAL Hərəkatının lideri İlqar Məmmədov və Müsavat başqanının müşaviri Tofiq Yaqublu da var.

Həbs olunanların hamısı ictimai asayişi pozmaq, vətəndaşları kütləvi iğtişaşlara çağırmaq və hakimiyyət nümayəndələrinə zor işlətməkdə ittiham olunurlar.

Müdafiə tərəfi ittihamları qəbul etmir.

Proses dekabrın 24-də davam edəcək.
XS
SM
MD
LG