Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:33

Prezidentin orta məktəb yoldaşı, keçmiş məhbus deyir ki...


Elşən Həsənov
Elşən Həsənov
-
«2012-ci il fevralın 22-də həbsdən çıxmışam, o vaxtdan bu günədək iş üçün prezident aparatından icra hakimiyyətinədək hər yerə müraciət etmişəm. Nə bilim, gah deyirlər iş yoxdur, gah deyirlər gözlə».

Bu sözləri dilə gətirən «Siyasi məhbuslarsız Azərbaycan» İctimai Birliyin rəhbəri Elşən Həsənov 2011-ci il aprelin 2-də müxalifətin keçirdiyi aksiyada həbs olunub. Səbail rayon Məhkəməsi onu 2 il azadlıqdan məhrum edib. Bir qədər sonra apellyasiya məhkəməsi cəzanı yarıbayarı azaldıb. O, 2012-ci il fevralın 22-də – həbs müddətinin bitməsinə 40 gün qalmış azadlığa buraxılıb.

«PENSİYANIN YARISINI...»

İdman müəllimi olan Elşən Həsənovun 20 ilə yaxın iş stajı var. Dediyinə görə, iş tapa bilmədiyi üçün ailəsi 140 manatlıq pensiyanın ümidinə qalıb. Hələ bu məbləğin yarısının da əllərindən alınma qorxusu var:

«Nə mən işləyirəm, nə də yoldaşım. İkimiz 140 manatlıq pensiya ilə dolanmaq məcburiyyətindəyik. Üstəlik, üzərimdə 2 aprel aksiyasından qalma 6 min manatlıq cərimə də var. İki ildir məhkəmələrdə pensiyamın 50 faizinin həmin cəriməyə tutulması üstündə dava gedir. Onunla bağlı qərar çıxsa, bizə 70 manat qalacaq. Ölkədən çıxmağıma da qadağa qoyulub».

«ARTIQ PREZİDENTƏ MÜRACİƏT ETMƏK İSTƏMİRƏM»

İndiki prezident İlham Əliyevlə bir sinifdə oxuması da Elşən Həsənovun köməyinə çatmayıb. Dediyinə görə, iki il əvvəl işlə bağlı prezidentə müraciət edəndən sonra onu Gənclər və İdman Nazirliyinə çağırıblar. Amma nazirliyə gedəcəyi gün həbs olunması onun iş tapmaq planının üstündən xətt çəkib:

«O vaxt yazmışdım ki, iş istəyirəm. Dərhal da məktubuma cavab verildi. Dedilər, nazir səni qəbul edəcək. Həmin gün həbs olunduğum üçün nazirlə görüşə gedə bilmədim. Daha belə məktub yazmaq istəmirəm».

Sahib Məmmədov
Sahib Məmmədov
YANVARIN 1-DƏN QÜVVƏYƏ MİNƏCƏK FƏRMAN

Noyabrın 16-da prezident «Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında» qanunun tətbiqi ilə bağlı bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər olunması barədə fərman verib. Fərmandan gələn məsələlərin 2014-cü il yanvarın 1-dən qüvvəyə minəcəyi qeyd olunur.

Ədliyyə Nazirliyi yanında penitensiar xidmət və ictimai komitənin üzvü Sahib Məmmədova görə, əslində, həbsdən azad olunanların sosial uyğunlaşması üçün qanunlarda müsbət müddəalar istənilən qədərdir. Sadəcə, həmin müddəalar işlək deyil. Onun dediyinə görə, həbsdən çıxan bəzi məhbuslara birdəfəlik yardım verilsə də, yaşayış yeri olmayanlar taleyin ümidinə buraxılır:

«Elə bil ki, həbsxanadan küçəyə atılır. Elə şəxslər var ki, onlar həbsxanadan çıxandan sonra küçədə qalır, zirzəmilərdə gecələyirlər. Cəmiyyətlə bütünləşə bilmir, nəticədə təkrar cinayət törədib yenidən həbsxanaya qayıdırlar. Bəziləri üçün həbsxanaya qayıtmaq azadlıqda yaşamaqdan daha rahat olur. Həbsxanada onların yemək və yatmaq problemləri olmur».

ADAPTASİYASINA MANE OLAN HALLAR

Sahib Məmmədov keçmiş məhbusların cəmiyyətə uyğunlaşması və məşğulluğu ilə bağlı real addımların atılmamasını bir sıra səbəblərlə bağlayır:

«Birincisi, bizdə iş yerləri məhduddur, ikincisi, bəzi işəgötürənlərdə keçmiş məhbuslara qarşı fobiya var, onları işə götürməyə o qədər də meylli deyillər».

Hadı Rəcəbli
Hadı Rəcəbli
Sahib Məmmədova görə, əslində, keçmiş məhbusların sosial adaptasiyası həbs müddətində çözülməlidir. Məsələn, həbsxanalarda iş yerləri çoxaldılmalı, texniki peşə məktəbləri açılmalıdır:

«İndiki və keçmiş neçə-neçə məhbus tanıyıram ki, həbsdə olduqları müddətdə bir və ya bir neçə peşə öyrəniblər. Misal üçün, eləsi var ki taxta üzərində işləmək vərdişi qazanıb, suvenirlər hazırlayır. Bu, həbsdən azad olunandan sonra da onların karına gəlir, əlindən tutur».

QANUNDA VAR, HƏYATDA YOX

Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli problemə baxışlarını bölüşür:

– Qanunda adaptasiya yerləri var. Əlbəttə, bu, gələcəyə hesablanıb. Hökmən deyil bu dəqiqə o işlər görülsün, amma görülür.

– İndi həbsdən çıxanlar qanunda yazılanlardan yaralana bilirlər?

– Ailəsi olanlar ailəsinin yanına gedir, olmayanlar üçün də sosial evlər nəzərdə tutulub.

– Reallıqda belə bir yer var?

– Qanunda var. Ola bilsin, icrasında problem var, amma icrası da olacaq, problem yoxdur...

«Penitensiar müəssisələrdən azadlığa çıxan şəxslərin sosial adaptasiyası haqqında» qanun 2007-ci ildə qəbul edilib. Həmin qanuna əsasən, reabilitasiya mərkəzləri tikilməli, keçmiş məhkumlarla iş aparılmalıdır.

Mehman Sadıqov
Mehman Sadıqov
Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqovun hələ bir müddət əvvəl AzadlıqRadiosuna dediyinə görə, onlar qanunla üzərilərinə düşən öhdəlikləri tam yerinə yetirir, məhkumun azad olunmasına 3 ay qalanda gərəkli qurumların hamısına müraciət edirlər.

Penitensiar Xidmətin sözçüsü reabilitasiya mərkəzlərinin yaradılması məsələsinə də toxunur və bu işin qanunla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə düşdüyünü bildirir.

Həbsdən çıxanlar indilik, qanunla onlara verilən bir hüquqdan – 420 manatlıq birdəfəlik yardım hüququndan istifadə edirlər. Ancaq bu yardımı həbsdən çıxan bütün məhbuslar ala bilmir. Bundan ötrü keçmiş məhbus aidiyyəti qurumlardan yardıma ehtiyacı olduğunu təsdiq edən arayış gətirməlidir.

Adaptasiya yerlərinə gəlincə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Qobustan qəsəbəsində 50 yerlik belə bir mərkəzin tikintisi planlaşdırılır...

...Demək, keçmiş məhbus Elşən Həsənovun iş tapmaq arzusu gerçəyə çevrilə bilər. Amma ən tezi gələn il – 2014-cü ilin yanvarından sonra...
XS
SM
MD
LG