Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:29

500 min manatı sən necə xərcləyərdin? (Debatın mətni)


Rasim Qaraca və Elxan Zal
Rasim Qaraca və Elxan Zal
-


AYB-yə ayrılan pullar səmərəli xərclənirmi? Yazıçılar nədən narazıdır? AYB-nin yeni ildə planları nədir?

Bir qədər öncə yayılan məlumata görə 2014-cü il üçün AYB-yə ayrılan vəsait əvvəlkinə nisbətən 11,5 % artırılıb 535, 615 manata çatdırılıb.

Bəs bu vəsait necə xərclənəcək? Ədəbiyyat burdan nə qazanacaq?

Pen Klub verilişinin bugünkü buraxılışında yazar Rasim Qaraca, şair Elxan Zal Qaraxanlı, şair Elnur Astanbəyli, AYB-nin mətbuat katibi Xəyal Rza bu haqda danışdılar.

Səadət Akifqızı

- İllərdir Azərbaycanda, xüsusilə ədəbi çevrələrdə bu müzakirə olunur ki, dövlət ədəbiyyatı himayə etməlidirmi? Hər halda dövlət ədəbiyyatı himayə edir, bəs bu himayənin ədəbiyyata bir faydası olurmu?

Rasim Qaraca

- Bəri başdan deyim ki, dövlətin ədəbiyyata ayırdığı pulların səmərəli xərclənib-xərclənməməsi o tərəfə, bu pulların ədəbiyyatın inkişafına heç bir faydası yoxdur. Birincisi onu deyim ki, mənim üzvü olmadığım bir təşkilatın pulunu saymaq istəməzdim. Başqa bir şeyi danışmaq istərdim, yaxşı olardı ki, dünyada ədəbiyyatın inkişafı ilə bağlı mövcud olan modelləri götürüb Azərbaycana tətbiq edərdik. Deyəsən, 600 min manata yaxın bir rəqəm səslənir mətbuatda, bu, ciddi iş aparmaq, ədəbiyyatı irəli aparmaq üçün elə də böyük rəqəm deyil. Bəlkə də bu, yazıçılar birliyinin saxlanmasına xərclənir. Bu modelin özü köhnəlmiş modeldir. Dövlət bu cür vəsait ayıranda, ona nəzarət mexanizmi də olmayanda, bu pul faydalı yerlərə xərclənmir. Jurnal, qəzet onları çıxartmaq xatirinə çıxır, işçilər də o maaşı almaq xatirinə işləyəndə bu, bürokratik bir sistemə çevrilir. Dolayısıyla əsərlərin tərcüməsi, yazıçıların yaradıcılıq fəaliyyətində inkişaf etmələri, dünya ədəbiyyatına inteqrasiya məsələlərində bir aktivlik müşahidə edilmir, çünki hazır puldur, maaşdır, qonorardır, alıb xərcləyirlər. Görünür ki, modelin özü köhnədir.

Səadət A.

- Sizcə, model nəylə dəyişdirilməlidir?

Rasim Q.

- Bu yaxınlarda biz gördük ki, nazirlər kabineti buraxıldı və köhnə nazirlər təzədən təsdiqləndi. Düzdür, iki nazir yeniləri ilə əvəz olundu. Bu onu göstərir ki, bizim dövlət yeniləşməyə, köhnə kadrlardan imtina etməyə, gənc insanları tapmağa maraqlı deyil. Dövlətin yaradıcı qurumları belə ədəbiyyat-mədəniyyət sahəsinə təsir edə bilməyəcək yaradıcı qurumlardır. Dövlət onları da dəyişdirə bilmir. Bir yazıçılar birliyinin sədri otuz, yoxsa otuz beş il vəzifədə qalır. Nəzarət olmadığı üçün özü-özünü dəfələrlə eyni vəzifəyə təyin edir.

Səadət A.

- Tutaq ki, dəyişsə nə dəyişəcək?

Rasim Q.

- Bürokratik aparat özü-özünü yeniləyə bilmir, standartlar-şablonlarla gedirlər, bu, dövlət üçün daha rahatdır. Bir təşkilatın ki, rəhbəri otuz il dəyişilməyə ordan nə səmərə gözləmək olar? Bizim yaradıcı təşkilatlar “bir adamın teatrıdır”. Bir adam oturub, hər kəs ondan danışmalı, ona xidmət etməlidir. Məsəlçün, nazirlər kabinetində bir Elçin Əfəndiyevimiz var, illərdir Azərbaycan teatrını himayə edir. Özünün, atasının, yaxın çevrəsinin əsərlərini səhnəyə qoydurur. Azərbaycanda dramaturgiya inkişaf etmir. Yeni pyeslər yazılırmı? Bizim teatrımız ölü vəziyyətdədir, məktəblərdən zorla tamaşaçı aparılmasa, teatra gələn yoxdur.

Səadət A.

- Siz deyirsiniz ədəbiyyata ayrılan pul kifayət deyil, bu pul iki dəfə, üç dəfə artırılsa nə dəyişəcək?

Rasim Q.

- On dəfə də artırılsa, heç nə dəyişilməyəcək. Prinsiplər dəyişməlidir. Yaradıcı təşkilatlar sərbəst buraxılmalıdır, vətəndaş cəmiyyətlərinə, qeyri-hökümət təşkilatlarına çevrilməlidir. Baxmayaraq ki AYB də QHT-dir, o bir komitə kimi, ədəbiyyat nazirliyi kimi fəaliyyət göstərir. Dövlətdən büdcə alır, maaş alır. Belə olmamalıdır. Mədəni ölkələrdə bunun modelləri fərqlidir. İctimai təşkilatlar cürbəcür qurumlardan, fondlardan qrant vəsaitləri alıb, fəaliyyətlərini təmin edirlər. Jurnal özü-özünü təmin etməlidir, əgər o, satışdan gəlirini təmin etmirsə, onda onun çıxmağının nə mənası var. Axı biz bazar iqtisadiyyatında yaşayırıq. “Ulduz” jurnalının illik büdcəsi 65 min manatdır, amma onun səviyyəsinə baxın.

Səadət A.

- Sizin “Alatoran” dərgisinin büdcəsi ilə müqayisədə bu azdır, yoxsa çoxdur?

Rasim Q.

- Həddən artıq çoxdur.
Səadət Akifqızı
Səadət Akifqızı

Səadət A.

- Telefon xəttində AYB-nin mətbuat katibi Xəyal Rzadır. Xəyal bəy, yazıçılar birliyinə hər il dövlət büdcəsindən ayrılan vəsait sizcə səmərəli xərclənirmi, töhfəsi olurmu?


Xəyal Rza

- Təbii ki, bu vəsaitin töhfəsi olur. Bilirsiniz ki, mən bu vəzifədə yeniyəm, bir çox sualların cavabını vermək hələ mənim üçün tezdir. Ancaq müşahidələrimə görə deyə bilərəm ki, “Ulduz” jurnalı, “Azərbaycan” jurnalı, “Ədəbiyyat” qəzeti uzun illərdir ki, fəaliyyətini saxlamadan ədəbiyyata xidmət göstərirlər.


Səadət A.

- Onların qalmasına səbəb, özlərinin çalışıb oxucu tapıb, gəlir gətirməsidir, yoxsa dövlət tərəfindən ayrılan puldur ki, bu qəzet və jurnalların çapını dayandırmağa qoymur.


Xəyal R.

- Azərbaycanda heç bir mətbu orqan, öz tirajı ilə özünü dolandıra bilmir, bilməyib və bilməz. Ən tirajlı qəzetlərdən, müxalifət qəzetlərindən, iqtidar qəzetlərinə qədər bütün qəzetlər belədir. Təbii ki, dövlətin qayğısı, dəstəyi olmasa o jurnallar da, qəzetlər də öz fəaliyyətini davam etdirə bilməzlər. Prezidentin sərəncamı ilə ayrı-seçkilik salınmadan həm iqtidaryönümlü, həm müxalifyönümlü qəzetlərə maliyyə yardımları ayrılır. Həmçinin AYB-nin tərkibində olan qəzet və jurnallar da maliyyə dəstəyi olmasaydı, təbii ki, bu günə qədər gəlib çıxa bilməzdi.


Səadət A.

- Xəyal bəy adları çəkilən qəzet və jurnalları Azərbaycan ədəbiyyatına töhfə sayır, Rasim bəy siz nə düşünürsünüz?


Rasim Q.

- Loru dilnən desək, bunlar quş qoymaq xatirinə buraxılan jurnallardır. Mən bunları faydalı hesab etmirəm, səviyyələri çox aşağıdır. Oxucular orda çap olunan hansısa əsəri oxumaq üçün gedib onları almırlar. Birincisi, o jurnallar az tirajla çıxır, səhv eləmirəmsə, “Ulduz” jurnalı 500 tirajla çıxır. Bu ona ayrılan məbləğə ekvivalent deyil. İkincisi, jurnalın səviyyəsi o qədər aşağıdır ki, heç bir oxucu pul verib onu alıb oxumaq istəməz, çünki bu jurnallarda axtarış yoxdur, yaradıcılıq entuziazmı yoxdur, orda yaradıcı gəncləri axtarıb tapmırlar, yaxşı əsərləri seçib axtarmırlar. Orda əsərlər dost-tanış, çevrə prinsipi ilə dərc olunur. Tutaq ki, gənclik jurnalıdır, ancaq yaşlı yazıçıların əsərləri dərc olunur. Ümumiyyətlə, mən onları makalatura hesab edirəm, verilən pullar hayıf olur məncə. Bunlar sadəcə göstərməlik xatirinə edilir, guya dövlətin ədəbiyyat təşkilatı var, guya dövlətin himayəsi ilə bu jurnallar çıxır, amma bu jurnallar heç kəsə lazım deyil.

Səadət A.

- Xəyal bəy vurğuladı ki, Azərbaycada heç bir qəzet, jurnal öz gücünə çıxıb ayaqda qala bilməz. “Yeni Müsavat” qəzeti illərdir çıxır və tirajı yüksəlsə də, azalsa da öz dərc olunma intervalını saxlaya bilib. İndi “Yeni Müsavat” qəzetinin kommersiya direktoru Ələsgər Süleymanovdan soruşaq, Azərbaycanda bir qəzetin öz gücünə ayaqda qalması mümkündürmi?

Ələsgər Süleymanov

- Mümkündür, amma bu onun tirajından asılıdır. Məsələ ondadır ki, Azərbaycanda qəzet oxucusu, real rəqəmlərlə uyğun gəlmir. Ola bilsin oxucu çoxdur, amma yayım bərbad gündə olduğu üçün qəzeti oxucuya çatdırmaq problemi var. Bu gün hər bir oxunaqlı qəzet 25 min tirajla çıxa bilər, amma onu oxucuya çatdırmaq problemi var. Amma bu şərtlər təmin olunsa yüksək səviyyədə olmasa da, orta səviyyədə bir qəzeti maliyyələşdirmək mümkündür.

Səadət A.

- İstərdim bir məsələyə də aydınlıq gətirəsiniz. Təqribən A2 formatında olan altı səhifəlik, həftədə bir dəfə çıxan bir qəzetin çapı üçün iki yüz min manat az puldur, yoxsa çox puldur?

Ələsgər S.

- Sizin dediyiniz formatla, həftədə bir dəfə, ayda dörd dəfə bir qəzeti on min tirajla buraxmaq üçün iki yüz min manat kifayət qədər bəs edər.

Səadət A.

- Söhbət daha az tirajdan gedir, yəni min tirajdan.

Ələsgər S.

- Əgər nəzərə alsaq ki, onun satışdan gəliri olmayacaq, yenə də bu çox böyük puldur, onunla min tirajla deyil, on min tirajla həftədə bir dəfə qəzet buraxmaq olar.

Xəyal R.

- Mən “Yeni Müsavat”ın cavabını eşidə bilmədim, amma öz fikrimdə qalıram, hətta “Yeni Müsavat”ın özü də bugünkü şəraitdə özü-özünü dolandıra bilməz, bilmir. Yaxşı qəzet çıxarmaq məsələsi bir qədər fərqlidir, bu gün Azərbaycanda yaxşı qəzet çıxartsan belə o oxucunu toplamaq sual altındadır. Çünki qəzetlər oxucuları heç bir halda cəlb edə bilmirlər.

Səadət A.

- Elxan bəy, Rasim bəy iddia edir ki, dövlətin himayəsi ilə ayrılan vəsait Azərbaycan ədəbiyyatına heç bir töhfə vermir, siz necə düşünürsünüz?

Elxan Zal

- Mən elə düşünmürəm, Rasim bəy neçə illərdir onu deyir. Mən heç hesab eləmirəm ki, dövlət Yazıçılar Birliyinə çox vəsait ayırır. Hardasa mətbuatda oxudum ki, 500 min manata qədər pul ayrılır. Bu təxminən bir “jek”ə, bir böyük idarəyə ayrılan pul qədərdir. Dövlət onu qəzetlərin çıxarılmasına və aparatın saxlanılmasına verir. Hesab edirəm, qəzetlərə ayrılan vəsait də çox deyil, “Ədəbiyyat” qəzetinə 200 min deyirsiniz, bu elə də böyük pul deyil.

Artıq on ilə yaxındır ki, cəmi bir milyon manat büdcəsi olan Yazıçılar Birliyinin pulunu sayırlar, Azərbaycanda büdcəsi bir milyard olan təşkilatlar var, heç kim onlardan danışmır. Mən şəxsən indiyə qədər AYB-dən bir qəpik də pul almamışam.
Elxan Zal (sağda) və Rasim Qaraca
Elxan Zal (sağda) və Rasim Qaraca

Səadət A.

- Bəs jurnallarda dərc olunmamısınız, qonorar almamısınız?

Elxan Z.

- Dərc olunuram, alıram da, o mənim zəhmət haqqımdır. Ölkədə qonorar sistemi çox azdır. “Ulduz”dur, “Azərbaycan”dır, “Literaturnıy Azerbaydjan” dır, onlarda dərc olunuram.

Səadət A.

- Məsələn, “Ulduz”un büdcəsi təxminən 65 mindir, bu, illər öncə bizə verilən rəqəmdir. Orda dərc olunanda normal qonorar olurmu? Bir şairi dolandıra biləcək qonorar olurmu?

Elxan Z.

- Olur, normal deyəndə, Azərbaycan reallığında normaldır, bir araq içməyə çatır.

Səadət A.

- Siz necə düşünürsünüz, “Ulduz” jurnalının büdcəsi ilə neçə ədəbiyyat jurnalı buraxmaq olar?

Rasim Q.

- O büdcə ilə yaxşı jurnal buraxmaq olar. O büdcə ilə çox səviyyəli ədəbiyyat jurnalı buraxa bilərəm, gəliri də olar, satılar da, reklam da gətirər, öz büdcəsinin üzərinə də əlli faiz pul qoya bilər, bəlkə də daha çox.

Elxan Z.

- Mən Azadlıq Radiosunun “Oxu zalı”nda belə bir məqalə oxumuşdum, adı təxminən belə idi: “Amerikada şeir ölür”. O belə başlayırdı ki, Amerikada bir xeyriyyəçi poeziya jurnalının hesabına 250 milyon dollar köçürüb. Bax Azərbaycanda bu ənənə yoxdur. Bizdə bir xeyriyyəçi varmı gətirsin bir ədəbiyyat jurnalının hesabına pul köçürsün. Belə diskussiyalarda bunları da demək lazımdır. Yazıçılar Birliyinin burda günahı nədir? Mən Qazaxıstandan 2-3 gündür gəlmişəm. Orda yazıçılar burdan çox qazanır. Dövlət tenderlər elan edir, jurnallar layihələrini verirlər, pul alırlar.

Səadət A.

- Azərbaycanda bu vəsait nə dərəcədə səmərəli olur?

Rasim Q

- Bilirsiniz, o jurnalların başında məsuliyyətli, öz işini sevən insanlar olsa, o pullarla çox iş görmək olar. Amma həvəssiz, tənbəl, maaşı, kabineti olan adamlar dursa, heç nə dəyişməz. Yazıçılar Birliyində bir müstəqil jurnal da var, “Dünya ədəbiyyatı” jurnalı, iki-üç sayı çıxdı, sonra da dayandı. Onun başında Səlim Babullaoğlu dayanıb, o, çalışqan, işinə həvəsli insandır. İşi gərək bacarana verəsən. İntiqam Qasımzadənin jurnalı nə olacaq axı. Bir yaradıcılıq talantı yoxdur. Elçin Hüseynbəyli məsəlçün, istedadsız bir yazıçıdır, qrafomanlıqla bir-iki roman yazıb, yazıçılığını qoyaq o tərəfə, jurnal redaktoru kimi çox uğursuzdur, onu orda saxlamağın nə mənası var axı. Orda katiblik, ağsaqqallar şurası-filan var, ona uyğun tənbəllik istəyən vəzifələr var, getsin otursun orda. Jurnalı çalışqan və o işə həvəsi olan insana vermək lazımdır. Orda bu işə həvəs yoxdur, axtarış yoxdur, pensionerlər ittifaqıdır, yaşlı adamlar oturublar orda, heç bir həyat enerjiləri qalmayıb, gənclərin həyat enerjisini sovurmaqla məşğuldular. 1500 nəfər də üzvləri var. Özününüz fikirləşin indi. Oranı yeniləmək lazımdır, bunu düşünən də yoxdur. Nə dövlətin nəzarəti var, nə də ictimai nəzarət, yazıçıların özləri də loyaldılar bu məsələdə.

Elxan Z.

- Rasim, “Ulduz” jurnalı keçən il dörd dəfə nömrəsini gənclərə verib, Aysel Əlizadə, Qismət, Kəramət Böyükçöl, Cavid Zeynallı baş redaktor vəzifəsini icra edib. Deyirsən ki, gənclərə verilməyib. Amma verilib, Elçin Hüseynbəyli də ona qarışmayıb.


Rasim Q.

- Bu jurnalı həvəsi olan birinə vermək lazımdır. Axı o 1500 nəfər arasından jurnal işinə həvəsi olan bir nəfər tapmaq mümkün deyil?

Səadət A.

- Gəlin Elnur Astanbəylini dinləyək, o bu mövzuda bir neçə yazının müəllifidir. Elnur bəy, dövlət büdcəsindən ayrılan vəsaitin şəffaf və səmərəli xərclənməsi üçün nələr lazımdır?

Elnur Astanbəyli

- Azərbaycanda bir lənətlənmiş büdcə var və bu büdcədən hara pul ayrılsa onun üzərində qara buludlar olur, Yazıçılar Birliyinə ayrılan pullar da istisna deyil. Məsələ burasındadır ki, biz əvvəllər deyirdik ki, Yazıçılar Birliyi ədəbiyyatla bütün bağlarını qoparmış bir qurumdur. Son illərin təcrübəsi göstərdi ki, Yazıçılar Birliyi ümumiyyətlə həyatla bağlarını qoparmış, boşluqda olan bir təşkilatdır və burda elə bir məsələ yoxdur ki, davaya, qarşıdurmaya gətirib çıxarmasın. Mənzillərin verilməsində də, təqaüdlərin verilməsində də, ədəbi orqanlara ayrılan pulların verilməsində də eyni vəziyyət olur. Orda bir ovuc adam oturub, onlar ədəbiyyat marağından deyil, öz şəxsi maraqlarıyla ədəbiyyata ayrılan pulların həzmi-rabedən keçirilməsi ilə məşğul olurlar. Mən o vaxtlar AYB-yə ayrılan pulların taleyi ilə bağlı araşdırma yazısı hazırlayanda katiblərdən biri demişdi ki, “bizdən nə istəyirlər, cəmi bir milyon manat puldur ədəbiyyata ayrılıb, getsinlər milyardları yeyən nazirlərdən şikayətlənsinlər”. Bunlar hesab edirlər ki, yazıçıya bir milyon verilir və biz də bunu qamarlayırıqsa hay-küy salmağa ehtiyac yoxdur.

Mən əminliklə deyirəm ki, Yazıçılar Birliyinin ədəbi orqanlarının bu halda olması, böyük büdcəyə sahib olmalarına baxmayaraq çox zövqsüz, bayağı şəkildə olmasının yeganə səbəbi AYB rəhbərliyinin münasibəti ilə bağlıdır. Bunlar zövqsüz, ədəbiyyatla əlaqəsi olmayan cəfəngiyyatlarla jurnalları doldurmaqla belə görüntü yaratmaq istəyirlər ki, Azərbaycanda ədəbiyyatı Anar müəllim, Elçin müəllim yaradır, bizdən sonra gələn ədəbiyyat artıq heç nəyə yaramır.

Səadət A.

- Elnur bəy, şair bir şeirinə görə 100 manat alarsa, daha yaxşı sənət nümunəsi ortaya qoya bilərmi?

Elnur A.

- Burda məsələ 100 manat məsələsi deyil. Azərbaycanda “Alatoran” adlı bir jurnal çap olundu, fenomenə çevrildi, hansı şərtlər, hansı maliyyə problemləri altında çap olunduğunu hər halda ədəbi proseslə az-çox maraqlananlar bilirlər. Sübut olundu ki, məsələ pulda da deyil, məsələ o istəkdə, o ruhda, o baxışda olmaqdır. Yaxud bu qəbildən olan “Sənət” qəzeti vardı. Bu AYB sədrinin məqsədli siyasətidir, bunlar vitrinə elə o adamları çıxardırlar ki, jurnal versən yarıtmırlar, daxilən azad olmayan, daxili köləliklə bəslənmiş adamlardır. Belə adamlara sonra jurnal verdilər ki, baxın bunların çıxartdığı jurnala, bizim çıxartdığımız jurnallardan daha bərbaddır. Bu ölkədə bircə Anar müəllim yazır, Çingiz Abdullayev yazır, Fikrət Qoca yazır, yerdə qalanlar da çox-atılıb düşürlər, bunların çıxartdığı jurnala bir baxın.

Elxan Z.

- Elnur çox emosionaldır, yuxulu kimi danışır. O deyir ki, AYB-nin jurnallarında çap olunan adamlar hamısı talantsızdır. Mən orda da çap olunuram, “Alatoran”da da çap olunuram. Hələ məni talantsız hesab edən birinə, bir yazıya rast gəlməmişəm. Hesab edirəm ki, bunlar Azərbaycandakı vəziyyəti, müxalifət-iqtidar qarşıdurmasını ədəbiyyata gətiriblər. Mənə görə ədəbiyyat siyasətdən yüksəkdə durur. Ədəbiyyatı belə qurumlar yox, konkret adamlar yaradır.
XS
SM
MD
LG