Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:25

3 yaşlı Fatimənin həyatda qalması üçün...


3 yaşlı Fatimə
3 yaşlı Fatimə
-
“Çəlimsiz Fatimənin hər gün ağrı çəkməsinə dözmək cəhənnəm əzabıdır. 3 yaşı olsa da bel, ayaq ağrılarından böyük adamlar kimi şikayətlənir. Bir az yeriyən kimi oturur, ağlayır, sümüklərinin ağrısına dözə bilmir”.

Gəncədə yaşayan Ayfər Əmiraslanova AzadlıqRadiosunun “Qaynar xətt”inə 3 yaşlı qızı Fatimənin talassemiya xəstəliyindən əziyyət çəkməsindən danışır. Deyir, Fatimədə bu xəstəliyi lap körpəliyindən aşkar ediblər:

ALIN SÜMÜYÜNDƏ DƏYİŞİKLİKLƏR BAŞLADI

“5 aylıq idi, vəziyyəti ağırlaşdı, apardıq həkimə, qanı aşağı düşmüşdü. Qan vurdular, bir neçə gün keçdi, qan yenə aşağı düşdü. Beləcə, bir neçə dəfə qan vuruldu, sonra alın sümüyündə dəyişikliklər başladı. Bakıya gətirdik, ətraflı müayinələrdən sonra məlum oldu ki, Fatimə anadangəlmə talassemiyalı doğulubmuş.

2010-cu ilin mart ayından Talassemiya Mərkəzində qeydiyyata götürüldü. Ancaq orada cəmi 1-2 dəfə qan vurdurduq. Çünki orda da qan tapılmır. Hər dəfə aparırdıq, deyirdilər qan yoxdur, bir-iki gün gözləyin. Bu isə elə xəstəlikdir ki, heç nə gözləmir. Qan aşağı düşdüsə, təcili vurulmalıdır.

Sümüklər əyilməyə başlayır, başqa orqanlar sıradan çıxır. Bundan başqa, Azərbaycanda hepatitlər yaxşı yoxlanılmır. Qanköçürməyə məruz qalanların əksəriyyəti hepatit C-yə yoluxur. Ona görə də çalışırıq ki, donor tanıdığımız, sağlamlığına arxayın olduğumuz adamlar olsun”.

Fatimənin qan qrupu +3dür. Anası deyir ki, bu qan qrupuna uyğun donor tapmaq çətin məsələdir. Ona görə də necə deyərlər, xəstə Fatimənin işi daşdan keçir.

Ayfər Əmiraslanova:

“Hər donorun qanı da keyfiyyətli olmur axı. Elə vaxt olur ki, Fatiməyə keyfiyyətsiz qan köçürməli oluruq. Keyfiyyətli qanın müddəti 20-23 gündür, keyfiyyətsiz qan isə tez - hardasa 5 günə aşağı düşür. Yenə qan axtarmalı oluruq”.

Ana övladının əməliyyatı üçün vəsait çatışmazlığından şikayətlənir:

“Fatiməyə ilik köçürülməlidir. İtaliyada, Türkiyədə, İsraildə, Almaniyada əməliyyat edirlər. Ancaq çox baha başa gəlir. Məsələn, Türkiyədə 100 faiz uyğun gələn donor tapmaq şərtilə bu ilikköçürmə əməliyyatı 150 min dollara edirlər. Fatimənin atası da, mən də Türkiyədə analiz verdik, 50 faiz uyğun gəldik. Dedilər 50 faiz uyğunluqla mümkün deyil. İtaliyada isə 50 faiz uyğun donorla da əməliyyat mümkündür. Qiyməti 150 min avrodur. Biz təxminən 50 min manatdan bir az çox pul toplaya bilmişik”.

Ayfər Əmiraslanova deyir ki, əməliyyat üçün tələb olunan pulun qalan hissəsini toplamaq üçün bank hesabı açmalı olublar. İndi gözlərini bu hesaba dikiblər ki, bəlkə xeyirxah adamların sayəsində 3 yaşlı Fatiməni həyatda saxlamaq mümkün olar:

DAMA-DAMA GÖL OLAR DEYİBLƏR...

“Fatimənin qara ciyərinə, dalağına, ürəyinə dəmir yığılır. Ona hər gün saatlarla sistem köçürülür. Qarnına bağlanan aparatı ayda cəmi 1 gün qarnından aça bilirik ki, rahat nəfəs ala bilsin.

Dama-dama göl olar deyiblər. İmkanlı adamlardan çox xahiş edirəm, qəpik-quruş nəyə gücləri çatırsa, balamın həyatda qalmasına yardımçı olsunlar. Evimizi, eşiyimizi, nəyimiz varsa Fatimənin həyatda qalması üçün satıb onun üstünə qoymuşuq”.

Balaca Fatiməyə yardım etmək istəyənlər onun valideynləri ilə bu nömrələrlə əlaqə saxlaya və bank hesabını əldə edə bilərlər: 055-863-20-70; 051-912-57-67
XS
SM
MD
LG