Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:25

Sağlam ana doğuşdan əvvəl öldü


Fərqanənin əri və uşaqları.
Fərqanənin əri və uşaqları.
-
Bu günlər Gəncə sakini Fərqanə Balacayeva 4-cü övladını dünyaya gətirərkən xəstəxanada vəfat edib. Ancaq qəfil ölümün ailəsinə müəmmalı qalan tərəfləri var. 3-cü hamiləliyini keçirən Fərqanənin bundan əvvəl 1 tək və 2 əkiz qızları olub.

«ÇOX SEVİNCLİYDİ»

Yoldaşı Elşad Balacayev deyir ki, əvvəlkilər kimi budəfəki hamiləliyi də tam normal keçib. 9-cu ayına çatan normal hamiləlik ailəyə sevinc yaşadacaqdı. Oğul övlad dünyaya gələcəkdi ki, həmin gün bu ailənin faciəsinə çevrildi:

«Yoldaşım zəng vurdu ki, gedirik doğum evinə, iynə vurulmuşdu. Dedi vaxtı keçsin doğuma girəcəm. Çox sevincliydi. Dedi hər şey yaxşıdır. Heç bir şikayəti yox idi. Ümumiyyətlə şikayəti yox idi. Mən işdən icazə aldım, çıxdım. Hacıqabula çatanda zəng etdilər ki, vəziyyəti ağırdır. Düşüb taksiylə gəldim, dedilər ürək masajı olunur. Çatanda dedilər ölübdür. Eşitdim ki, nəsə iynə vurulub. Təqribən iynədən 2-3 dəqiqə sonra rəngi qaralıb ölüb. O nə iynə idi, ölçü götürülsün. Mən ədalətin ortaya çıxmasını istəyirəm. Mənim yoldaşım xəstə deyildi, nə də ağrı, acısı vardı. 10 ildir yoldaşımdır, onun şikayəti olmayıb. Mən prokurorluğa da deyirəm, onun qəbri açılmalı olsa da, bunu edəcəyik».

«MƏNİM BELİMİ NİYƏ BÜKDÜ BU HƏKİMLƏR?»

Fərqanəni doğum evinə aparan anası Rəna Zeynalova deyir ki, xəstəxanaya çatanda həkimlər qızını müayinə ediblər. Ananı arxayın salıblar ki, hər şey qaydasındadır. Qızı ilə pəncərədən söhbət edən ana xəstəxananın qarşısındakı aptekdən dərman almağa gedib, 5 dəqiqədən sonra qayıdanda qızının ölüm xəbərini eşidib:
Fərqanənin anası Rəna Zeynalova
Fərqanənin anası Rəna Zeynalova

«Getdik həkim baxdı, dedi hər şey yaxşıdır. Getdim yemək gətirdim, evdən paltar-filan gətirdim. Aynadan söhbət elədik. Aşağı düşəndə həkim baxdı ki, yaxşıdır, təzyiqi, ürək döyüntüsü yaxşıdır. Azca sancısı var idi. Yolu keçdim, getdim aptekə, gələndə gördüm ağlaşırlar, ölübdür. Öz ayağıyla çıxıb, düşürdü, ağrısa xərəklə gedərdi. Mənim balam ağrımırdı. İnsan həyatı ilə oynadılar. Mənim belimi niyə bükdü bu həkimlər?».

Ananın deməsinə görə, qızının ölümünə qədər xəstəxanada qalması təqribən 2 saat çəkib.

«QƏFLƏTİ ÖLÜM BAŞ VERİB»

Gəncə Regional Perinatal Mərkəzin baş həkimi Təranə Həsənova isə anadan fərqli olaraq deyir ki, hamilə qadın xəstəxanaya daxil olduqdan cəmi 10 dəqiqə sonra vəfat edib.

«Xəstə müayinə edilib, sonra qəfləti ölüm baş verib. Dərhal reanimotoloq çağırılıb, lakin xəstəni xilas etmək mümkün olmayıb. Xəstə qapıdan girəndən 10 dəqiqə ərzində ölüm baş verib. Ölümün səbəbini dəqiqləşdirmək üçün meyit tibbi ekspertizaya göndərilib. Ekspertizanın rəyi əsasında dəqiq məlumat olacaq».

Yoldaşını və onun bətnindəki övladını itirən Elşad Balacayev isə deyir ki, hadisə günü xəstəxanaya gələn polislər onları təhqir edib, döyüb. Buna görə də, ölkə prezidentinə müraciət edəcəyini bildirir:
Fərqanə Balacayeva
Fərqanə Balacayeva

«Polis evdəkiləri döyüb. Mən Azərbaycan prezidentinə müraciət edirəm ki, cinayət baş verir və zərərçəkən də polis tərəfindən döyülür. Qadınlara belə münasibətə necə baxır? Bu qədər millət görür ki, ailəyə əziyyət verilir. Mən çatmışam, polis mənim kəmərimdən dartır, qolumu burur. Mən onun həyat yoldaşıyam. Anasının barmağını qapının arasında qoyurlar».

Gəncə şəhər Kəpəz rayon Polis Şöbəsinin növbətçi hissəsindən isə bildirdilər ki, hadisə baş verən gün polis xəstəxanaya asayişi qorumaq üçün çağırılıb. Polis ailə üzvlərinə qarşı kobud rəftarın edilməsini də təkzib edir.

«ANAMIZ BIR GÜN YANIMIZA QAYIDACAQ»

İndi Fərqanənin 5 yaşlı qızı Fatimə hələ nə baş verdiyini anlamayan 3 yaşlı əkiz bacılarına təsəlli verir.

«Anamız bir gün yanımıza qayıdacaq» deyir.
XS
SM
MD
LG