Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:36

«Pərviz Həşimli həbsini sifarişli sayır» [Video]


Pərviz Həşimli həbs olundu
Gözlə

No media source currently available

0:00 0:04:45 0:00

Jurnalist Pərviz Həşimli həbs olundu

-
Moderator.az saytının redaktoru, «Bizim yol» qəzetinin əməkdaşı və hüquq müdafiəçisi Pərviz Həşimli sentyabrın 17-də axşam saatlarında saxlanıb. Onun evində və iş yerində axtarış aparılıb. Həyat yoldaşı İlahə Həşimova axtarış aparanların özlərini Mili Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi tanıtdığını, evdən silah və qumbara tapılması haqda protokol tərtib olunduğunu deyir.

Vəkil Elçin Sadıqov Pərviz Həşimlinin Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq) və 228.2.1 (odlu silah əldəetmə, gəzdirmə, satmaq) maddələri ilə ittiham olunduğunu bildirir. Jurnalist haqqında iki aylıq həbs qətimkan tədbiri seçilib. O, Pərviz Həşimlinin bu ittihamlarla razılaşmadığını söyləyir:

«Biz bu qərardan narazıyıq. Pərviz Həşimli həbsini fəaliyyəti ilə əlaqələndirir və sifarişli hesab edir».

«KÖRPƏ UŞAQ OLAN EVƏ ƏL ALTINA TAPANÇA QOYARIQMI?»

Pərviz Həşimlinin xanımı İlahə Haşımova bir gün öncə baş verənləri belə təsvir edir:

«Gördüm ki, darvaza açıldı, kimsə gəldi. Maşından 3-4 idmançı görkəmli oğlan düşüb evə tərəf qaçdılar. Birinci zəng vurdum qardaşıma, qaynıma ki, özünüzü mənə yetirin. Günorta saat 1-dən Pərviz zənglərimə cavab vermirdi deyə, ona xəbər vermədim. Bu müddətdə evi mühasirəyə aldılar. Həyətdəki təhlükəsizlik kamerasının birinin başına vedrə keçirdilər, birini qoparıb atdılar, o birinin üzünü yuxarı çevirdilər, yəni çəkiliş olmasın. Qışqırdılar ki, qapını açın, açmasanız, qapını sındıracağıq. Mən də açmadım. Axı bilmirəm kimdir».

Pərviz Həşimli ailəsi ilə birlikdə
Pərviz Həşimli ailəsi ilə birlikdə
İlahə Həşimova deyir ki, pəncərə çərçivəsi sındırıldıqdan sonra avtomatlı bir neçə nəfər içəri girərək evdə axtarış aparıb:

«Evdə 6-7 adam vardı. Biri həmin müddətdə tapançanı atdı divanın altına. Evdəki kameramızı da söndürdülər. Niyə? Əllərində gətirdikləri çəkilişə düşməsin deyə. Divanı qaldırdılar, sellofanda tapança çıxdı. İçində də güllə. Mənim 5 yaşında uşağım var, özü də nadincdir. Körpə uşaq olan evə əl altına tapança qoyarıqmı? Bizdə bu qədərmi şüur yoxdur?..».

Onun dediyinə görə, həyat yoldaşı bir neçə aydır izlənirmiş. Hətta Pərviz Həşimliyə üzv olduğu AXCP-dən çıxmaq da təklif olunub.

«KOMPÜTERLƏRİ GÖTÜRDÜLƏR»

Pərviz Həşimlinin çalışdığı moderator.az saytında da axtarış aparılıb. Saytın baş redaktoru Zülfüqar Hüseynzadə:

«Otaqların hamısını axtardılar. Kompüterlərin hamısını götürdülər. Pərvizdən soruşdular ki, etirazın yoxdur? O da dedi ki, özümə arxayınam, cinayət törətməmişəm, mənim haqqımda elan olunan ittihamlar da quramadır. Bir-iki saat axtarış aparıldı. Xəbər gəldi ki, evdən guya silah və narkotik tapılıb, ondan sonra rahatlandılar».

Arif Əliyev
Arif Əliyev
«GÖZLƏNİLMƏZ HƏBS»

«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev bu həbsin gözlənilməz və müəmmalı olduğunu deyir:

«İndiki məqamda söz demək çətindir, həm onun siyasi fəaliyyətini, həm də həbsin, faktiki, seçki məsələsinin qızışdığı dövrdə baş verməsini, belə tələsik, az qala kütləviliklə həyata keçirilməsini nəzərə alanda. Belə çıxır ki, ortada nəsə ciddi məsələ olmalıdır. Böyük dəstənin evdə, redaksiyada axtarış aparması, insanlara təzyiq göstərilməsi görünür. İstənilən halda bizi narahat edən redaksiyalara axtarışın keçirilməsidir. Buna çoxdan rast gəlinmirdi. Kompüterlər müsadirə olunur. Bu onu göstərir ki, burda söhbət qaçaqmalçılıqdan və ya çarpayı altda silah saxlamaqdan getmir».

Arif Əliyev Pərviz Həşimlinin müəmmalı həbsini onun peşə fəaliyyəti ilə bağlayanların olduğunu da deyir. Onun dediyinə görə, son vaxtlar moderator.az saytında hakimiyyətdaxili münasibətlərlə bağlı, kənara sızdırılmamalı eksklüziv məlumatlar gedirdi. Bütün bunların, sadəcə, ehtimal olduğunu vurğulayan Arif Əliyev jurnalistin həbsi barədə açıqlama verilməsini zəruri sayır.
XS
SM
MD
LG