Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:33

Prezidentliyə iddialıların sərvəti və gəlirləri


Hafiz Hacıyev
Hafiz Hacıyev

-
Təşviqat dönəmi qapını kəsdikcə, bir sual da aktuallıq qazanır: Prezidentliyə iddialılar öz mal varlığı və gəlirləri barədə bilgiləri MSK-ya təqdim ediblərsə, həmin qurum məlumatı niyə açıqlamır?

MSK Seçki Məcəlləsinin belə bir tələbini – namizədlərdən onların gəlirlərinin miqdarı, mənbələri və əmlakı haqda məlumat verilməsi tələbini təsdiqləyir, ancaq bildirir ki, həmin bilgilərin ictimaiyyətə açıqlanması barədə hər hansı tələb yoxdur. Qurumun sözçüsü Azər Sarıyevin dediyinə görə, elə bu üzdən sözügedən bilgiləri mediaya verə bilmirlər.

«ACINDAN GÜNORTA DURAN ADAMIN NƏYİ OLAR Kİ?»

AzadlıqRadiosu sualı cavablamaq üçün prezidentliyə iddialıların bəzilərinə üz tutdu.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyir ki, adına olan bir evi, bir də kreditlə aldığı avtomobili var. Sonra söylədiklərinə bu sözləri də əlavə etdi:


«Ac adamın nəyi var ki, nə versin? Acından günorta duran adamın nəyi olar ki? İstəyirsən bütün dünya məni yoxlasın. Nəyim var, axı? Yoxlayıb görəcəklər ki, bu adam borc içində itib-batır».


«O, QRAFALARIN HAMISINI BOŞ SAXLADIM»

Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevlə Azadlıq Partiyasının sədri Əhməd Oruc seçkiyə «sıfır» balansla getdiklərini dedilər. Bir müddət əvvəl Bakı ətrafında evi və təsərrüfatı olduğunu bildirən Əhməd Oruc mal-mülk, illik gəlirin yazılması üçün nəzərdə tutulan xanaları boş saxladığını bildirdi:


«O qrafaların hamısını boş saxladım. Demək olar ki, adıma heç bir mülk yoxdur.
Əhməd Oruc
Əhməd Oruc
Yaşadığım ev də hələ özəlləşməyib, avtomobili etibarnamə ilə sürürəm. Heç yerdən də gəlirim yoxdur. İntellektim hesabına, nə bilim, repetitorluq və digər fəaliyyətlər hesabına hərdənbir qazanıram. O da rəsmi fəaliyyət deyil. Ona görə də sıfır balans təqdim elədim».


«...YAŞADIĞIM EV DƏ MƏNİM ADIMA DEYİL»

Fuad Əliyev də bənzər durumda olduğunu deyir:


«Nə əmlakım var, nə gəlirim. Yaşadığım ev də mənim adıma deyil».


Haqqında söhbət açılan şəxslərdən fərqli olaraq, prezidentliyə bir başqa iddialı Araz Əlizadənin MSK-ya təqdim etdiyi siyahıda bir ev və beş avtomobil var:


«Avtomobillərdən 4-ünü vəkalətnamə ilə satmışam, amma sənədlər hələ də mənim adımadır. Ötən ilin əvvəlində heç evim də yox idi».


BAKIDA EV, ƏLƏTDƏ BAĞ, LAHICDA TORPAQ

Namizədliyi qeydə alınan deputat Zahid Oruc MSK-ya təqdim etdiyi gəlir və mülk siyahısını belə açıqladı:


«Orada deputat kimi hər ay aldığım 1800 manatın illik məbləğini və ikinci iş yeri kimi Fizika İnstitutundan bir ildə aldığım 600 manatı (orada ¼ ştatda çalışdığını söyləyir – M.Ç.) qeyd etmişəm.
Zahid Oruc
Zahid Oruc
O ki qaldı əmlaka, MSK-ya təqdim etdiyim sənədlərdə Bakının Nizami küçəsində 158 kvadrat metrlik mənzilimi, Qaradağ rayonunun Ələt qəsəbəsindəki bağ evimi, şəxsi avtomobilimi və Lahıcda olan 25 sot torpaq sahəsini göstərmişəm. Çox səmimi deyirəm ki, heç bir biznes fəaliyyətim yoxdur. Nə təmsil etdiyim Bərdə bölgəsində, nə də Bakıda hansısa xüsusi gəlir gətirən yerlərin açılmasına can atmışam. İdarə edənlər biznesdə olmamalıdır».


Zahid Oruc əmlak haqqında məlumatın seçki orqanına təqdim edilməsinə ikili yanaşmayla razı deyil:


«Hesab edirəm ki, burda məsələ ictimaiyyətin xeyrinə həll olunmalıdır. Bir adam dövlət adamı olmaq istəyirsə, bilməlidir ki, onun barəsində məlumatlar qapalılıqdan çıxmalıdır».


Digər iddialılardan fərqli olaraq, artıq prezidentliyə namizədliyi təsdiqlənmiş İqbal Ağazadənin sədri olduğu Ümid Partiyasının seçki qərargahından verilən məlumata görə, adına mülk olmadığından o, MSK-ya yalnız illik deputat maaşı barədə məlumat verib.

Namizədliyi ilk qeydə alınan indiki prezident İlham Əliyevin öz əmlak və gəlirləri barədə MSK-ya hansı məlumat təqdim etdiyini aydınlaşdıra bilmədik. İstər onun sədrlik etdiyi Yeni Azərbaycan Partiyasından, istərsə Prezident Administrasiyasından yalnız «Zəng edib bildirərik» cavabını aldıq.

Hafiz Həsənov
Hafiz Həsənov

AzadlıqRadiosundan MSK-ya hələ avqust ayında ünvanlanan yazılı sorğuya da indiyədək cavab verilməyib. Əvvəlki prezident seçkilərində MSK-ya daxil olan sənədlərdə İlham Əliyevin Bakıda 235 kvadratmetrlik mənzilə sahib olduğu göstərilmişdi.

«NAMİZƏD O MƏLUMATLARI MSK-YA GÖRƏ YOX, İCTİMAİYYƏTƏ GÖRƏ VERİR»

Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri Hafiz Həsənova görə, Seçki Məcəlləsində namizədlərin gəlir və əmlakları ilə bağlı məlumatların MSK-nın internet səhifəsində və ya rəsmi qəzetlərdə yerləşdirilməsi nəzərdə tutulmasa da, bu məlumatlar seçkilərin şəffaflığı maddələrinə uyğun olaraq açıqlanmalıdır:


«Media da, ayrı-ayrı şəxslər də bu məlumatları istərkən, MSK onu verməyə borcludur. Namizəd o məlumatları MSK-ya görə vermir, ona görə verir ki, ictimaiyyət kimin nəyə sahib olduğunu bilsin».


Hafiz Həsənovun fikrincə, bu məlumatları vermədiyinə görə MSK məhkəməyə verilə bilər.

Prezident seçkilərinə qatılmaq üçün MSK-ya üz tutanların sayı 21 nəfərdir. Onlardan ikisi iddiasından İlham Əliyevin xeyrinə geri çəkilib, 5 nəfər ayrılan müddətdə imzaları yığa bilməyib.

XS
SM
MD
LG