Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:43

İmişlinin Ağaməmmədli kəndində torpaq islahatından hələ də şikayət edirlər...


İmişlinin Ağaməmmədli kəndi
İmişlinin Ağaməmmədli kəndi
-
İmişli rayonunun Ağaməmmədli kəndində yaşayan Əsəd Xanlar oğlu Xəlilov pay torpağının bir hissəsindən istifadə edə bilmədiyini deyir. Onun sözlərinə görə, keçmiş Ağaməmmədli kolxozu üzrə islahat başa çatandan sonra «dəqiqləşdirmə» adı altında təkrar bölgü aparılıb və nəticələr saxtalaşdırılıb.
«İŞDƏN ÇIXARILANDAN SONRA TORPAĞIMI DA ƏLİMDƏN ALDILAR»
Əsəd Xəlilov bildirir ki, torpaq islahatı aparılan dövrdə İmişli Rayon İcra Hakimiyyəti başçısının Ağaməmmədli kəndi üzrə nümayəndəsi olub və yerli islahat komissiyasının işində iştirak edib:
«Torpaq təsərrüfat qurumları arasında püşkatma yolu ilə bölünüb və bundan heç kəs narazı qalmayıb. 1998-ci ildə tərtib edilən sənədlər müvafiq aktla Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim olunub. 2000-ci ildə tutduğum vəzifədən kənarlaşdırılandan sonra yeni təyin olunan icra nümayəndəsi rayonun vəzifəli şəxsləri ilə əlaqəyə girib, islahatın nəticələrini saxtalaşdırdı. Ailə üzvlərimə düşən torpağın xeyli hissəsi əlimdən alınaraq icra nümayəndəsinin yaxınlarının adına sənədləşdirilib, əvəzində bizə kəndin «İydəlik» adlanan ərazisindən yer ayrılıb».
MİLYONLARIN ƏVƏZİNDƏ YARARSIZ AQREQAT TƏKLİF OLUNUB
74 yaşlı kəndlini yandıran odur ki, atası kolxozun qurucusu olmağına, 40 il də özü bu təsərrüfatda çalışmağına baxmayaraq, özəlləşdirmədə onun əmlakından pay ala bilməyib:
«Ağaməmmədli kolxozundakı 8 milyon 83 min 453 rubl əmlak payım əvəzində mənə yarasız vəziyyətdə olan taxılyükləyən aqreqat təklif olundu. Bundan imtina etdim. 9 nəfərdən ibarət ailəmin payına düşən torpağın 5 hektarından 13 ildir ki, istifadə edə bilmirəm. Şikayətimə baxılmır. Təkcə Torpaq Komitəsinə 300-dən çox ərizə və teleqram yollamışam. Dəfələrlə gəlib yerində araşdırma aparılıb, saxtakarlıq faktları təsdiqini tapıb, amma təsirli tədbir görülməyib».
Əsəd Xəlilov
Əsəd Xəlilov
RƏSMİLƏR SAXTAKARLIQ FAKTLARINI ETİRAF EDİB?
Əsəd Xəlilovun şikayəti əsasında Dövlət Torpaq Xəritəçəkmə Komissiyasının mütəxəssisi Musa Allahverdiyev İmişliyə ezam olunub. Yerli islahat komissiyasının sənədləri araşdırılandan, mübahisəli əraziyə baxış keçiriləndən və bütün tərəflər dinləniləndən sonra 2000-ci il iyulun 30-da akt tərtib edilib.
Həmin sənəddə göstərilir ki, yerli islahat komissiyasının sədri Gürşad Rəhimov və ərazi üzrə icra nümayəndəsi Şəmsəddin Pənahov təkrar bölgü aparmış, bu zaman Əsəd Xəlilovun ilkin siyahıdakı yerini dəyişmiş, torpaq almaq hüququna malik olmayan şəxslərin adlarını siyahıya daxil etmiş, bəzi şəxslərə qanunsuz yolla əlavə torpaq ayırmışdır.
Ortaya çıxan faktlarla bağlı inzibati tədbir görülməyinin vacibliyi qeyd edilən aktda bu sözlər də yer alıb: «Əsəd Xəlilovun haqlı şikayətinin həll edilməsi Rayon Aqrar İslahat Komissiyasına məsləhət bilindi».
SAKİNLƏRƏ DÖVLƏT ADINDAN İMZASIZ AKT VERİLİB
İmzasız akt
İmzasız akt
Əsəd Xəlilov bildirir ki, Ağaməmmədli kənd sakinlərinə paylanılan «Torpağa mülkiyyət hüququna dair dövlət aktı» DTXK İmişli rayon şöbəsinin müdiri tərəfindən imzalanmayıb:
«Aktda şöbə müdiri Aydın Məmmədovun ad-soyadı qeyd edilib, möhür vurulub, amma imza yeri boşdur. Çox güman ki, sənədlərin saxtalığına görə onu nə sabiq müdir imzalayıb, nə də indiki».
«SİZ UZAQ KEÇMİŞ BARƏDƏ SORUŞURSUNUZ»
İmişli Rayon İcra Hakimiyyətinin aqrar şöbəsinin müdiri Fərrux Mirzəyev islahat zamanı Ağaməmmədlidə yol verilən əyintilərin aradan qaldırılmaması ilə bağlı sualımızı konkret cavablandırmadı:
«İslahat aparıldığı illərdə mən Rayon Aqrar İslahat Komissiyasının sədri olmamışam. Siz uzaq keçmiş barədə soruşursunuz. O vaxt mübahisə çox yerdə olub. Komissiya artıq ləğv edilib, onun fəaliyyətinə aid suallara cavab verməyə borclu deyiləm».
TƏKLİF: «MƏHKƏMƏYƏ MÜRACİƏT ETSİN»
DTXK-nın sədri Qərib Məmmədovdan Əsəd Xəlilova qısa cavab
DTXK-nın sədri Qərib Məmmədovdan Əsəd Xəlilova qısa cavab
DTXK-nın sədri Qərib Məmmədov son illər Əsəd Xəlilovun eyni məzmunlu şikayətlərinə qısa cavab verir:
«Bildiririk ki, torpaq münasibətlərində məhkəmənin qərarı son hədd sayıldığından məsələ ilə əlaqədar məhkəmə orqanlarına müraciət etmək səlahiyyətiniz vardır».
DTXKK İmişli rayon şöbəsinin sabiq müdiri Aydın Məmmədov həmin aktı imzalamamağının səbəbinin Əsəd Xəlilovun ehtimalı ilə uyğun gəldiyini etiraf etdi:
«O vaxt Ağaməmmədlidə nə baş verdiyini xatırlamıram. Görünür nə olubsa, o sənədləri imzalamamışam. Əsəd Xəlilov fərdi olaraq bu faktları araşdırmaqla heç nə əldə edə bilməyəcək, ona məsləhət görürəm ki, məhkəməyə müraciət etsin».
XS
SM
MD
LG