Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:19

Azərbaycanda qızların 10%-nin yoxa çıxmasının sirri


Foto: Arxiv
Foto: Arxiv
-
«KNYAZ NƏSLİ-ZADDIR BƏYƏM?»

32 yaşlı Bakı sakini Səfurə Məmmədli deyir ki, ilk iki övladı qız doğulub və oğlu doğulanacan bir neçə dəfə aborta əl atmağa məcbur qalıb:

«Üçüncü qız ola bilməzdi. Daha çox qayınanamdan eşidirdim ki, «oğlumun qanını kim davam etdirəcək?»... Ay nə bilim, «qohum-əqrəba yanında xəcalətli gəzirik». Yoldaşıma zarafatla – «knyaz nəsli-zaddır ki, mütləq davamı olsun?» – deyirdim. Şükür Allaha, bir oğlum oldu, canım söz-söhbətdən qurtardı».

24 yaşlı Hüsniyə Zeynalova isə deyir ki, ilk övladı qız olsa da, ikincinin mütləq oğlan olmasını arzulamayıb. Ancaq ultrasəs müayinəsi zamanı eşitdikləri onu və həyat yoldaşını təəccübləndirib:

«Həkim dedi ki, cinsi qızdır. İstəmirsinizsə, gələn həftə gəlin, bir də baxaq, götürək. Üç ayına az qalmışdı. Dedim «bizim üçün fərqi yoxdur, evdə də qızım var». Doğrusu, o söz bizə xeyli qəribə gəlmişdi. Necə yəni «qızdır, istəmirsinizsə, gəlin, götürək?»».

10% QIZ DÜNYAYA GÖZ AÇMIR

Azərbaycanda qızların 10%-nin yoxa çıxmasının sirri

Araşdırmadan bir hissə

Birinci övlad oğlandırsa, ikinci uşaqların sayında cinslərin nisbəti dəyişmir, yəni ikinci övladın qız, yaxud oğlan doğulması önəmli deyil. İlk övlad qız doğularsa, nisbət artır, ilk iki uşaq qızdırsa, bu nisbət daha da çoxalır və hər 100 qıza 128 oğlan düşür. Ailədə birinci uşaq qızdırsa, sonrakı övladların cins fərqi həm Ermənistanda (Şəkil 2), həm də Azərbaycanda (Şəkil 3) artıb. Birinci uşaq oğlan olanda isə bu fərq gözə qabarıq çarpmayıb.

Hələ 1990-cı ildə Nobel mükafatı laureatı Amartya Sen yazırdı ki, Asiyada qadın və qızların sayı gözləniləndən 100 milyon nəfər azdır. Bunun səbəbini Hepatit B-yə bağlayan Sen indi qadınların sayca azalmasını daha çox selektiv abortla əlaqələndirilir. Doğuşdakı cins fərqinin Sovet İttifaqı dağılandan sonra daşınar ucuz ultrasəs aparatlarının gətirilməsinə bağlayanlar da var: «Stalin dövründə kontraseptivlər və abort məhdud idi. Ölkədə uşaq sayını artırmaq məqsəd qoyulmuşdu. Ancaq Xruşşovun 1955-ci ildə həyata keçirdiyi islahatlar nəticəsində abort liberallaşdı və getdikcə bir tələbə çevrildi». 1980-ci illərin ortalarından «Qlasnost» və «Perestroyka» (Aşkarlıq və Yenidənqurma – red.) ilə əlaqədar diaqnostikada ultrasəs texnologiyası sürətlə artmağa başladı.
Bu yaxınlarda açıqlanmış bir araşdırma üzə çıxarıb ki, Azərbaycanda qızların 10%-i dünyaya göz açmadan məhv edilir. Təbii cins nisbətinin 100 qadına 105 kişi olduğunu nəzərə alsaq, 2010-cu ildə Azərbaycanda 84 min 890 qadın doğulardı – qeydə alındığından 8 min 381 nəfər çox.

Sözügedən araşdırmanı, ayrı-ayrı ölkələrin rəsmi statistikasına dayanaraq, ABŞ-da mənzillənən, cinsi və reproduktiv sağlamlıq üzrə ixtisaslaşan Quttmaxer İnstitutunun əməkdaşları aparıb.

Bu araşdırmadan o da bilinib ki, Azərbaycan və Ermənistanda cinsə görə selektiv abort geniş yayılıb. Müəlliflər özəlliklə ultrasəs müayinəsinin tətbiqindən sonra bəzi postsovet ölkələrində selektiv abortların artdığını vurğulayır.

Tədqiqat 3 postsovet ölkəsində – Ermənistan, Azərbaycan və Gürcüstanda 2005-2009-cu illərdə 100 qıza azı 116 oğlan düşdüyünü üzə çıxarıb (Şəkil 1). Bu rəqəmlər Çin və Hindistanla müqayisə olunur. Bənzər fenomenə başqa postsovet ölkələrində, məsələn, Qazaxıstan, Moldova və Ukraynada rast gəlinməyib.

100 QIZA 115 OĞLAN

Azərbaycanda hər 100 qıza 115 oğlan düşür. Araşdırma müəllifləri problemi önləmək üçün ailə planlaşdırması və qanuni müdaxilələrin gərəkli olduğunu vurğulayırlar. Ötən il Dünya Bankı da Azərbaycanda hər yeni doğulan 100 qıza 115 oğlan düşdüyünü bildirirdi.

Ölkə rəsmiləri də son illər ölkədə qız uşaqlarının azalmasından narahatlıqlarını dilə gətiriblər. Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu yaxınlarda mediaya bildirmişdi ki, ultrasəs müayinəsi nəticəsində indi ölkədə 5-6 qız uşağı olan ailələrə rast gəlinmir, çünki «o doğulacaq bacılar indi abort olunur. Ana yalnız birini dünyaya gətirir».

Komitə sədri parlamentdə «Reproduktiv sağlamlıq haqqında» qanun layihəsi müzakirə olunacağını da deyirdi:

«Cinsi fərqliliyə gətirib çıxaran məsələyə mütləq baxılacaq. Məsələ qanunvericilikdə əks olunmalıdır. Onda biz biləcəyik ki, hələ doğulmayan qız uşaqları dövlət tərəfindən qorunur. Bu, çox ciddi məslədir».

AİLƏ PLANLAŞDIRMASI

Komitənin informasiya və analitik araşdırmalar şöbəsinin böyük məsləhətçisi Aynur Veysəlova yeni doğulan oğlan uşaqlarının sayca qızlardan bir az çox olduğunu desə də, hələlik durumun böhran həddinə çatmadığını bildirir.
Aynur Veysəlova
Aynur Veysəlova
Onun fikrincə, tədbirlər görülməzsə, 20-30 ilə ciddi fəsadlar törənə bilər. Veysəlova maarifləndirmə işinə, özəlliklə uşağın cinsiyyətinin qadından deyil, kişidən asılı olduğunun cəmiyyətə aşılanmasına, eləcə də arzuolunmaz hamiləlik məsələsinə diqqət ayırmaq zərurətini vurğulayır:

«Övladlarımızı planlı şəkildə dünyaya gətirsək, bu məsələ öz-özlüyündə həllini tapar. Doğulan uşağın sağlamlıq məsələləri də gündəmdədir. Strateji məsələ olduğundan həm parlamentdə, həm Səhiyyə Nazirliyində, həm komitəmizdə bu müzakirələr aparılır».

Hələ bir müddət öncə Azərbaycanda ultrasəs müayinəsi zamanı uşağın cinsinin açıqlanmasını yasaqlamaq barədə təkliflər səslənirdi. Ölkənin qoşulduğu konvensiyalara görə, 12 həftəliyə qədər dölün abortuna icazə verilir. 12 həftəlikdən sonra bu, ancaq tibbi göstərişlə həyata keçirilir.

İslam dininə görə, yalnız ananın həyatına risk olarsa, yaxud südəmər uşaqlı qadın yenidən hamilə qalarsa və onun körpəsinə süd anası tutmağa imkanı olmazsa, aborta icazə verilir. Oğlan və ya qız olduğuna görə abort etdirmək İslam tərəfindən bəyənilmir.

AİLƏ VƏ CƏMİYYƏT AMİLİ

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova cəmiyyətdə qız uşağının istənilən olmamasının başlanğıc səbəbini ailədaxili stereotiplərlə izah edir:
Mətanət Əzizova
Mətanət Əzizova

«Ana özü də hamilə vaxtı daha çox oğlan uşağı istəyir. Fikirləşir ki, bu halda ailədəki yerini möhkəmlədər. Axı o, nəslin davamçısını dünyaya gətirmiş olur. Bu halda ona daha hörmətlə yanaşacaqlar».

Mətanət Əzizovanın fikrincə, oğlan uşaqlarının daha çox arzulanması qadının cəmiyyətdəki rolu ilə də bağlıdır:

«Oğlan uşağı daha önəmli olan bir cəmiyyətdə, üstəlik, qadınlara ikinci sort kimi baxıldığı cəmiyyətdə oğlan uşağı dünyaya gətirməyə meylli olurlar. Əgər qızların gələcək təhsilində, cəmiyyətdə öz sözünü deməsində, statusunda problem olmasaydı, istər-istəməz, insanlarda şüuraltı bir dəyişiklik olar və seçim etməzdilər».

Mətanət Əzizova ultrasəs müayinəsi zamanı dölün cinsinin açıqlanmamasını və ya abortu qadağan etməyi çıxış yolu saymır. Axı bu halda ya kriminal abort, ya da rüşvət arta bilər. O, problemin həllini qadının cəmiyyətdəki statusunun artırılmasında, müxtəlif təlimlər, maarifləndirmə kampaniyaları aparmaqda görür.

«OĞLAN DÜŞMƏN ÇƏPƏRİDİR»

Rəyini soruşduğumuz Bakı sakinlərinin çoxu uşağını qız, ya oğlan olmasına fərq qoymadığını desə də, bəzi ailələrdə oğlana üstünlük verilməsinin səbəbini də özünəməxsus şəkildə izah edir:
Foto: Arxiv
Foto: Arxiv

– Mənim üçün fərq etmir. 2 qızım, 2 oğlum var.

– Oğlan özünü dolandırır, özünü saxlayır, qız üçün bir az çətindir.

– Oğlan düşmən çəpəridir, ancaq anaya-ataya qalan da qız olur. Yəqin qızın çox olmağını istəmirlər də. Ana özü əziyyət çəkir deyə, istəmir qızı çox olsun...

– 3 qızım var, qız övladı mənim üçün əsasdır. Əslində, hər ikisi əsasdır. Allah verən paydır.

– Ataya-anaya yanan qızdır. Qız ruzi-bərəkətdir, anadır.

– Oğlan, deyirlər, düşmən çəpəridir, qız isə artımdır, nəsildir, yaradandır.

– Oğlanı ana-atanın gələcəyi sayırlar deyə, ona görə istəyirlər. Ancaq ana-ataya qalan da elə qızdır.

– Oğlan rahat olur, qız həmişə anasını düşünür.

– Oğlan-qız, nə fərqi? Oğlan ki, narkoman oldu, neynirəm?
XS
SM
MD
LG