Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:31

Rüstəm İbrahimbəyov: «İndiki prezidentə oxşasam, həyatım məhv olar» [Video]


-


Milli Şuranın prezidentliyə vahid namizədi AzadlıqRadiosunun «İşdən sonra» proqramına müsahibə verib.

- Rüstəm müəllim, vahid namizəd seçildiniz, amma bəzi narahatlıqlar var – Bakıya qayıda və sonadək gedə bilməməyinizlə bağlı...

- Bu, böyük bir məsuliyyətdir. Minnətdaram ki, mənə belə bir etimad göstərilib. Əlimdən gələni əsirgəməyəcəyəm. Taleyini də, tarixini də xalqın özü həll edir. Mən buna inanmasaydım, heç vaxt razılıq verməzdim. Bu yolu axıradək gedəcəyəm. Məni bir balaca tanıyanlar bilirlər ki, sözümün üstündə duran adamam. Hər şey aydındır mənə, amma indi kimsə deyirsə ki, gəlsin Bakıya, bunu deyən ya təxribatçıdır, ya da məqsədi bilinmir. Çünki yüz faiz ona inanıram ki, Azərbaycan xalqı səsini demokratik qüvvələrin namizədinə verəcək. Yəni, məsuliyyət də mənim boynuma düşür və inanıram ki, bu seçkini uda bilərəm. Bununla bərabər onu da bilirəm ki, bu seçkini də saxtalaşdırmağa çalışacaqlar. 20 ildir ki, bir seçki də saxtakarlıqsız keçməyib. Əlimdən gələni etməyə çalışıram ki, bu saxtalaşdırmanın səviyyəsini azaldım. ABŞ-a getdim, görüşlər keçirdim... Avropaya, Rusiyaya, Türkiyəyə də gedəcək, oralarda da danışıqlar aparacağam. İndi deyəndə ki, mən Bakıya gəlim, – bunun mənası nədir, anlamıram. Milli Şuranın 128 üzvü Bakıdadır. Onlar kifayət deyilmi? Təbii ki, orda olmalıyam. Mən özümə görə bir kişiyəm, söz vermişəm. Yoxsa... anlamıram, ya təxribatçıdırlar, ya dayaz adamdırlar, ya da siyasətdən uzaqdırlar. Bizim media da onlara kömək edəndə təəccüblənirəm. Gərək media onların ağzından vursun... Desin ki, bunu niyə tələb edirsiniz, kişi işlə məşğuldur, axı. Biz bir neçə dəfə seçkini uduzmuşuq, ona görə yox ki, bizə səs verməyiblər. Ona görə ki, hakimiyyət seçkini saxtalaşdırıb.

- Ümid edək ki, prezident seçilsəniz, ilk işiniz sizə sual verən, şübhə edənlərin ağzından vurmaq olmayacaq...

- Çirkin-çirkin məqalələr oxuyuram. Elə adamdır ki, seçkidən sonra olsun, ya qabaq, önümə çıxsa, özüm vuraram ağzından, məsuliyyətini də çəkərəm. Axı elə çirkin şeylər yazırlar... Satqın adamlardır. Onlarla heç diplomatik söhbət də aparmaq istəmirəm.

- Prezident seçiləndən sonra adamın toxunulmazlıq hüququ olur, məsuliyyətdən azad olur, belə mesajlar verirsiniz?

- Mən elə uzağa baxmıram. İndiki prezidentin hansı işlər gördüyünü bilirik. Seçilsəm, ona oxşasam, həyatım məhv olar.

- İsa Qəmbərin namizədliyi qüvvədə qalır. Müsavatın qərarı belədir. O öz namizədliyini, ən azı, sizin namizədliyiniz qeydə alınanadək geri götürməyəcək. Bunu «ştreykbrexer»lik sayırsınız?

- Xeyr, «ştreykbrexer»lik saymıram. Amma Milli Şura bir namizəd irəli sürübsə, onlar öz namizədini geri çəkməlidirlər. Vaxt gələr, çəkərlər.

- ABŞ-a, Avropaya səfərlərinizdə hansı mesajları çatdıracaqsınız?

- Mesaj köhnə mesajdır. Azərbaycanda insan haqları tapdanır, seçkilər saxtalaşdırılır. Ona görə də onlardan xahişim budur ki, imkanlarından yararlanıb qanun çərçivəsində davranması üçün Azərbaycan iqtidarına təzyiq eləsinlər... Və heç kim darıxmasın, mütləq Azərbaycana gələcəyəm!


XS
SM
MD
LG