Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:49

«Böyük çevrənin Milli Şurası»


Müxalifət liderləri Novxanıda - 298 may 2013
Müxalifət liderləri Novxanıda - 298 may 2013
-
Bakıda Respublika Günü ilə bağlı atəşfəşanlıq başladığı dəqiqələrdə, yəni günün başa çatmasına saatlar qalanda Demokratik Qüvvələrin Milli Şurası elan olundu. Onun yaradıcıları bu addımı «tarixi» adlandırırlar.

Milli Şuranın yaradılmasının təşəbbüskarı Rüstəm İbrahimbəyovun adından yayımlanan məktubda deyilir:

«Yüz il əvvəl Şərqdə ilk demokratik respublikanı quran xalq sübut edəcək ki, tarixi təsadüflər olmur».

Rüstəm İbrahimbəyov bunu da vurğulayır:

«Son illərdə ilk dəfə olaraq belə bir geniş siyasi koalisiya yaradılıb. Şuraya Təsis Bəyannaməsini imzalayan müxtəlif peşə, sosial qrup, yaş və dünya görünüşünə malik insanlar daxildir. Təsis Bəyannaməsində gələcək işin əsas istiqamətləri əksini tapıb. Əsas məqsəd 2013-cü il prezident seçkilərinin azad və ədalətli keçirilməsi uğrunda mübarizədir».

Milli Şuranı quranlarla söhbətdən bəlli olur ki, bu qurumun mayın 28-də Novxanıdakı tədbirdə elan edilməsini yubadan iki səbəb olub: qurumun tərkibi və Təsis Bəyannaməsi.

«TƏLƏSSƏK... DOĞRUMU OLARDI?»

Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli fikir ayrılıqlarının daha çox tərkiblə bağlı olduğunu söyləyir:

«Təbii ki, daha əvvəl razılıq əldə oluna bilsəydi, biz hamımız istərdik ki, Novxanıda minlərlə insanın qarşısında, Cümhuriyyətimizin 95 illiyi ilə bağlı törəndə Milli Şuranı elan edək. Həmin saatlara qədər razılıq əldə edilməmişdi. Novxanıda minlərlə insanın öz qəti iradəsini ortaya qoyub bu prosesin iştirakçılarını kompromisə dəvət etməsi öz təsirini göstərdi. O saatadək ortaq razılığa gəlmədiyimiz məqamlarla bağlı gecə saatlarında kompromis əldə olundu. Milli Şura arzusunda olanlar bizi tələsdirirdilər. Mən bu adamların hisslərini başa düşürəm. Amma biz tələsib daha məhdud dairədə Milli Şura yaratsaydıq, doğrumu olardı? Biz çalışdıq ki, təmkinlə danışıqları davam etdirək, elə şərait yaradaq ki, böyük çevrənin Milli Şurası yaradılsın, ölkədəki real siyasi partiyaların, vətəndaş cəmiyyəti fəallarının, ziyalıların, inanclı kəsimin, gənclərin, bütün fəal kəsimin iştirak edəcəyi Demokratik Qüvvələrin Milli Şurasından söhbət getsin».

Sülhəddin Əkbər
Sülhəddin Əkbər
«O ZAMAN RƏSUL MÜƏLLİM BƏYAN ETDİ Kİ, BU, MİLLİ MARAQ MƏSƏLƏSİDİR»

Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər danışıqlarda daha çox kompromisə getdiklərini söyləyir:

«Burda xüsusi qeyd etmək istəyirəm ki, Rəsul müəllimin mövqeyi danışıqlarda, sözün müsbət mənasında, qırılma nöqtəsi oldu. Biz ictimai maraqları əsas götürüb elə şərtlər irəli sürdük ki, razılaşma əldə olundu. Mən detallara girmək istəmirəm. Tərkiblə bağlı əvvəldən tənqidi çıxışlarımız olmuşdu. İstəyirdik ki, partiyalar burda bərabər əsaslarla çıxış etsinlər. Bərabər iştiraka bəzi yoldaşlar razı olmadılar, o zaman Rəsul müəllim bəyan etdi ki, bu, milli maraq məsələsidir, sosial sifarişdir. Hansı şərtlər olur-olsun, Şuranı yaratmaq lazımdır».

Sülhəddin Əkbər danışıqların detalları haqda danışmaq istəmir. Amma artıq tərkibin bəlli olduğunu deyir. O, kiçik düzəlişləri də istisna etmir.

Milli Şurada təmsil olunan Liberal Partiyanın lideri Lalə Şövkət AzadlıqRadiosuna deyib ki, strateji məsələlər həll olunduqdan sonra mətbuata açıqlama verəcək.

KİMLƏR NƏDƏN QIRAQDA QALDI?

Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov mətbuata açıqlamasında Milli Şuraya uğurlar arzuladığını bildirib və partiyanın Şurada təmsil olunub-olunmayacağı ilə bağlı sualı AMİP rəsmilərinə yönəltməyi məsləhət görüb.

AMİP Mərkəzi Şurasının üzvü Əli Oruclunun dediyinə görə, partiya Milli Şurada təmsilçiliklə bağlı bəzi təkliflər verib. Ancaq o, bu təkliflərin bir hissəsinin rədd edildiyini söyləyir:
Əli Kərimli
Əli Kərimli
«Biz istəyirik ki, partiyalar bərabərhüquqlu olsun, hər partiyanın konkret kvotası olsun və sonradan heç kim yaxınlarını müxtəlif adlarla ora cəlb edib qurumu süni şəkildə genişləndirməsin. Orda da səs çoxluğu kiminsə əlində olmasın. Hər halda faciə deyil, uğur arzulayırıq».

Əli Oruclu gələcəkdə – proseslər dəyişəcəyi halda AMİP-in də qərarının dəyişməsini istisna etmir.

REAL bəyan edib ki, Milli Şurada təmsil olunan qüvvələr seçkilərə vahid namizədlə qatıla bilsələr, onlar da bu quruma üzv olacaqlar.

«BİZ BUNU ƏLDƏ EDƏCƏYİK»

Əli Kərimli əmindir ki, oktyabrdakı prezident seçkilərinə Mİlli Şura vahid namizədlə qatılacaq və REAL-ın tərəddüdlərinə son qoyulacaq:

«Bu qədər fərqli qüvvələrin bir təşkilatda birləşə biləcəyi bir neçə ay əvvəl şübhəylə qarşılanırdı. Amma artıq biz buna nail olmuşuq. Yaxın günlərdə son tərkibi və Milli Şuranın bəyannaməsini elan edəcəyik. Seçkilərə az qalmış bir araya gəliriksə, demək vahid namizədlə iştirak da gözləniləndir. İndi qarşılıqlı kompromislər vaxtıdır. Partiyaların demokratiyaya keçid məqsədilə ayrı-ayrılıqda göstərdiyi cəhdlər yetərli deyil. Ona görə də fərqli qüvvələrin bir araya gəlib vahid güc mərkəzinə çevrilərək vahid namizədlə iştirakı zamanın tələbidir. Biz bunu edə biləcəyik!».

ACP sədri Sülhəddin Əkbər də Şura daxilində ab-havanın vahid namizəd məsələsində ortaq məxrəcə gəlməyə imkan verəcəyini düşünür.

Bəs Milli Şuranın missiyası, hədəfi nədir? Sülhəddin Əkbərin dediyinə görə, məqsəd Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi yoluyla dinc və demokratik dəyişikliyə nail olmaqdır.

Siyavuş Novruzov
Siyavuş Novruzov
AXCP sədri Əli Kərimli də deyir ki, qurumun hədəfi hökuməti demokratiyaya keçidə sövq etmək, xalqı demokratik seçkilərə toparlamaq, seçkilərdə qalib gəlmək və sonrakı mərhələdə Konstitusiya islahatlarına getməkdir.

YAP ŞÜBHƏ EDİR

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib ki, müxalifət Milli Şuradan əvvəl bir neçə təşkilat yaratsa da, heç bir perspektivi olmayıb və Milli Şuranı da yaranan digər birliklərin taleyi gözləyir:

«Milli Şuraya toplanan insanlar eyni insanlardır və o insanlar öz partiyaları tərəfindən nüfuzunu itirdiklərinə, partiya tərəfindən dəstək qazana bilmədiklərinə və öz siyasi partiyalarında onların namizədliyinin irəli sürülməsinə etiraz olunduğuna görə ayrı-ayrı təşkilatlar vasitəsilə öz namizədliklərini irəli sürmək istəyirlər. Bu baxımdan ortada heç bir perspektiv yoxdur».

Azərbaycanda indiyədək iki Milli Şura yaradılıb. İlk Milli Şura 1918-ci ilin mayın 27-dən iyunun 17-ə və noyabrın 16-dan dekabrın 7-dək fəaliyyət göstərib.

Sayca ikinci Milli Şura 1991-ci ildə – Azərbaycan Ali Sovetinin nəzdində yaradılıb. 50 nəfərlik bu Şura yarıbayarı kommunist və demokratlardan formalaşdırılmışdı. 180 gün fəaliyyət göstərən Şura 1992-ci il mayın 18-dən Milli Məclis adlandırılıb.
XS
SM
MD
LG