Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:23

O dünyadan göndərilən narkotik?


Hilal Məmmədov
Hilal Məmmədov
-

234-CÜ MADDƏ

Hakim:

- Hilal Məmmədov, təqsirləndirildiyiniz 234-cü maddə üzrə ifadə verin.

Hilal Məmmədov:

- Bildirirəm ki, nə əxlaqım, nə mənəviyyatım, nə əqidəm, nə elmi, ictimai fəaliyyətim, nə də dini baxışlarım mənə izn verir ki, bu iyrənc maddənin (söz dəyişdirilib – E.C.) satışı, ya da saxlanması ilə məşğul olum.

Mayın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə dövlətə xəyanətdə, milli-irqi ayrı-seçkilikdə və narkotik maddə saxlamaqda təqsirli bilinən «Tolışi Sədo» qəzetinin baş redaktoru Hilal Məmmədovun məhkəməsi əvvəlki iclaslardan fərqli olaraq açıq keçirildi. Hilal Məmmədov sərbəst ifadə verməyə başlar-başlamaz, ittihamları rədd etdi:

- Həbsxanada saxlandığım ötən bir il ərzində bu barədə çox düşündüm ki, niyə cibimizə narkotik maddə atırlar? Və niyə bunu azadfikirli, haqq tələb edən adamlara edirlər? Gəldiyim qənaət də belə oldu ki, yəqin, başqa variantları yoxdur. Əllərində olan silahdır, bir də narkotik maddədir ki, onu da istədikləri vaxt üstümüzə ata bilirlər».

«MƏNƏ NARKOTİK MADDƏ «VERƏN» ADAM 20 İLDİR HƏYATDA YOXDUR»

Arxiv foto
Arxiv foto
Hilal Məmmədov dedi ki, ona narkotik maddə verdiyi iddia olunan adamlardan biri, nə az - nə çox, düz 20 ildir həyatda yoxdur:

- Hörmətli məhkəmə, narkotik maddəni mənə kimlər verib və mən onu kimlərə satmışam - bu sual sizin üçün maraqlı olmalıdır. İttihamlara görə, mənə bu narkotik maddəni İranın xüsusi xidmət orqanı olan ETTELAAT verib. Burada satmaqda isə yaxın kömək edənlərim Əli Nasir, Ataxan Əbilov, Fəxrəddin Abbaszadə, Tofiq İlham, İran vətəndaşı Hüseyn Əhmədi adlı şəxslər olublar. Bircə onu deməyim kifayətdir ki, Tofiq İlham adlı şəxs 20 ildir vəfat edib. İstintaqçılara məntiqi sual: O rəhmətlik mənə narkotik maddəni o dünyadan göndərmişdi? Bu, nə biabırçılıqdır?

MƏHKƏMƏ TƏRKİBİNƏ ETİRAZ

Hilal Məmmədov danışdıqca hakim tez-tez onun sözünü kəsir və ittiham ətrafında danışmasını tələb edirdi. Növbəti xəbərdarlıq mübahisə doğurdu.

Hakim:

- Hilal Məmmədov, sizə bir daha xəbərdarlıq edirəm ki, ittiham ətrafında danışın. Keçən il iyunun 21-də narkotik maddə sizdən necə tapıldı? Deyirsiniz ki, həmin narkotik maddə üstünüzə kənar adamlar tərəfindən qoyulub. Nə vaxt, kim tərəfindən, hansı şəraitdə qoyulub, bu barədə danışın.

Hilal Məmmədov:

- Mən elə bu barədə danışıram. Deyirəm ki, o narkotik maddəni üstümə sizin Azərbaycan hakimiyyəti qoyub.

Hakim:

- Təhqirə keçməyin.

Arxiv foto
Arxiv foto
Hakim katibə tapşırır ki, Hilal Məmmədova xəbərdarlıq edilməsini məhkəmənin iclas protokoluna daxil etsin. Hilal Məmmədov üzünü katibə tutaraq əsəbi şəkildə deyir:

- Yaz ki Hilal Məmmədov dedi, bu narkotik maddəni onun üstünə Azərbaycan hakimiyyəti qoymuşdurrrrrr, rəhbərlik qoymuşdurrrrr. Nöqtəəəə.

Hakim:

- Əyləşin. Siz ifadə vermək istəmirsiniz.

Hilal Məmmədov:

- Siz mənim sözümü kəsirsiniz və ifadə verməyimə imkan yaratmırsınız.

Hakim:

- Bura məhkəmədir. Bura mitinq yeri deyil.

Hilal Məmmədov və vəkilləri bunları hakimin təzyiqi kimi qiymətləndirərək məhkəmə tərkibinə etiraz bildirdilər. Beləcə, məhkəmə iclası yarımçıq qaldı. Hakim elan etdi ki, prosesin davamı mayın 29-da olacaq. Hilal Məmmədovun vəkilləri yazılı etirazlarını da hakimə həmin gün təqdim etməlidirlər.

İttihamlar sübuta yetirilsə, Hilal Məmmədovu 15 ilədək həbs cəzası gözləyir.
XS
SM
MD
LG