Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:42

Berlinədək gedən inad Cahangir


Cahangir Quliyev
Cahangir Quliyev
-
«Dedilər, müharibə başladı. «Kimdir müharibəni başladan?». Dedilər Hitler. Bizi göndərdilər vətənin müdafiəsinə»...

1941-ci ildə 17 yaşlı Cahangir Quliyevin İkinci Dünya müharibəsi ilə tanışlığı belə başladı. Gədəbəydən ovaxtkı Şamxora, yəni indiki adıyla Şəmkirə, bir neçə ay hazırlıqdan sonra da Mahaçqalaya göndərildi:

«O zaman almanlar Mozdokda vurhavur döyüşür, Qroznını bombalayırdılar. Bir gün axşam alay komandiri gəlib dedi ki, hazırlaşın, bu axşam döyüşə gedirik. Döyüşə çıxıb Mozdoka vardıq. Orada qızğın döyüşlər gedirdi...».

MOZDOKDAN BERLİNƏDƏK

Cahangir Quliyev həmin döyüşdə başından yaralanır. Onu Krasnodara, sonra Kislovodska göndərirlər. Bir neçə ay müalicə olunur. Sağalandan sonra yenə döyüşə yollanır:

«Diviziyada qəbul elədilər məni. Vuruşa-vuruşa Berlinədək gedib çıxdım. 3-4 ay Berlində qaldım. Həkimlər yoxlayandan sonra evə buraxıldım. Əvvəldən axıradək müharibədə oldum».

89 yaşlı Cahangir Quliyevə Mozdok döyüşündə atılan güllə bu gün də başındadır. Tərpənməyən barmaqları da müharibəni xatırladır, 2-ci qrup əlilliyi də.

«MƏNİM HAQQIM» DEYİB HAQQININ BİR HİSSƏSİNİ NECƏ ALDI?

Onu ötən ayın 15-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qəbul şöbəsində görmüşdüm. Müharibə veteranı kimi haqqı çatdığı maşın və ev üçün gəlmişdi. Narazı idi, 22 illik süründürməçilikdən gileylənirdi. Amma ruhdan düşmür və «mübarizə aparacağam, haqqımı alacağam» deyirdi:

«Qiymətləndirmirlər, günümü görmürsən? Qəbul eləmirlər məni. Maşına, evə görə gəlmişəm. İlk siyahıda 1991-ci ildə olmuşam. Adımı siliblər. Məcbur qalıb 2008-ci ilin fevralında ikinci dəfə komissiyadan keçdim. O vaxtdan yenə məni aldadırlar. Ev də verməlidirlər, maşın da. Qoca kişiyəm mən. Aldadırlar ki, bu gün get, səhər gəl... Adamı nə qədər aldadarlar?».

Maşını artıq həyətindədir.
Maşını artıq həyətindədir.
O gün Cahangir Quliyev «haqqımı verin!» – deyib nazirlikdən çıxmadı. Deyirdi ki, ya nazir, ya da müavini məni qəbul etməsə, buradan getməyəcəyəm. Qapıda nazir müavinini gözləyib qəbuluna düşdü. Elə həmin gün ona maşın verdilər.

3 MİNİ SAĞDIR

Haqqının bir hissəsini ala bildiyindən sevinirdi. Maşını artıq həyətindədir. İndi də ev üçün sənəd hazırlayır. Deyir, evi də versəydilər, rahat olardım. Bilərdim ki, bu qədər süründürməçilikdən sonra haqqım olanları gec də olsa ala bildim.

Statistikaya görə, 1941-1945-ci illər savaşında Azərbaycanın hər beş sakinindən biri döyüşüb. 3.4 milyonluq (1941) əhalidən 681 min nəfəri cəbhəyə gedib. Onlardan 250 min nəfəri həlak olub.

400 mindən çox əsgər və zabit döyüş ordeni və medalla təltif edilib. 123 nəfər o vaxtın ən yüksək adına – Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Bu gün müharibə veteranlarından təxminən 3 mini sağdır.
XS
SM
MD
LG