Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:23

Ramiz Mehdiyev İranda «rəngli inqilab»lardan danışdı


Ramiz Mehdiyev və Mahmoud Ahmadinejad
Ramiz Mehdiyev və Mahmoud Ahmadinejad
-
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev İranda səfərdədir. İranın rəsmi IRNA agentliyi xəbər verir ki, prezident Mahmoud Ahmadinejad onunla görüşdə Qərb dövlətlərinin, ABŞ-ın, ikitərəfli qardaşlıq münasibətlərinə ziyan vura bilməyəcəyini söyləyib.

«SİZİN ADINIZ VƏ AÇDIĞINIZ YOL...»

«Azərbaycan Milli Təhlükəsizlik Şurasının katibi Ramiz Mehdiyev isə deyib ki, qərblilər Azərbaycanda rəngli inqilablar etməyə çalışıblar və bunun üçün bir neçə cəhd ediblər. O, Qərb dövlətlərinin Azərbaycanda sülh və sabitliyi pozmaq istədiyini və bəzi addımlar atdığını bildirib. Cənab Mehdiyev Milli Demokratiya İnstitutu rəhbərinin bu məqsədlə bir milyon dollar xərclədiyini də dilə gətirib. O, keçmiş prezident Heydər Əliyevin İran-Azərbaycan münasibətlərinə böyük önəm verdiyini də vurğulayıb və İran hökumətinin Bakıya müxtəlif hallarda verdiyi dəstəyi yüksək qiymətləndirib» – IRNA prezident Ahmadinejad-a istinadla R.Mehdiyevin daha sonra belə dediyini yazıb:

«Sizin daxili, regional və qlobal siyasətdə adınız və açdığınız yol qızıl hərflərlə yazılmalıdır. Bunu çox aydın görürük və buna görə sizə yüksək ehtiramımızı bildiririk».

Bir müddət əvvəl Prezident Administrasiyasının rəhbəri «AzərTAc» informasiya agentliyinə müsahibəsində Qərb institutlarını kəskin tənqid etmişdi. Daha öncə Azərbaycan Milli Məclis üzvlərinin ABŞ-a səfərləri zamanı onlar ölkənin şimalla cənub arasında sıxışdırıldığını bildirmişdilər. Hər iki məqamı gözə alanda, istər-istəməz, ortaya sual çıxır: Ramiz Mehdiyevin son mesajları nəyi göstərir?

İRAN VƏ QƏRB HAVASI

Politoloq Arif Yunus Azərbaycan hakimiyyətinin Qərbyönümlü və ya tam tərsinə – Rusiyapərəst deyil, «dollarpərəst» olduğunu, yalnız öz maraqlarını güddüyünü bildirir.
Arif Yunus
Arif Yunus
Onun fikrincə, hakimiyyət seçki ilində Qərbdən insan haqları və demokratiya ilə bağlı təzyiqlərin, iradların olacağını anlayır. Bu səbəbdən Qərbdə keçirilən görüşlərdə də İran, Rusiya amili qabardılır, İranda isə ayrı «mahnı ifa olunur»:

«Kimsə hesab edir ki, Elmar Məmmədyarovun İsrail səfəri orada səfirliyimizin açılması ilə bağlıdır. Xeyr, o da seçkilərlə əlaqədardır. Yəni, yəhudi lobbisi prezident seçkisi zamanı öz rolunu oynasın, Qərbdən təzyiq bir az yumşaq olsun. Ancaq anlayırlar ki, İsrailə səfər İranın xoşuna gəlmir. İrana da Ramiz Mehdiyevi göndərirlər. Onun da missiyası belədir ki, «İrana get, Qərbi necə istəyirsən söy, təki İrandan Azərbaycana təzyiqlər olmasın». Kimə nə lazımdır, onu da oxuyurlar».

Arif Yunus hakim rejimin öz maraqlarına uyğun siyasət yürütdüyünü bildirir:

«Qərblə görüşəndə islam təhlükəsindən danışırlar, islam ölkələrinin nümayəndələri ilə görüşəndə də islamofobiyadan. Gah məscidləri sökürlər, gah da islama söz açırlar».

Hakimiyyətyönlü politoloqlar Azərbaycanın heç bir ölkə ilə münasibətləri gərginləşdirməkdə maraqlı olmadığını, regionda öz siyasətini yürütdüyünü vurğulayırlar. Elə Prezident İlham Əliyev də Nazirlər Kabinetinin son iclasında deyib ki:

«Biz bütün ölkələrlə münasibətləri qarşılıqlı hörmət və bir-birinin işinə qarışmamaq prinsipləri üzərində qururuq. Bu, dünya miqyasında, beynəlxalq aləmdə qəbul edilən prinsipdir. Biz özümüz bilirik ölkəmizi necə idarə etməliyik. Bizə kənardan məsləhətlər lazım deyildir. Biz güclü ölkəyik. Xalqla iqtidar arasında birlik, vəhdət vardır».

Tehranda hərbi parad - 17 aprel 2012
Tehranda hərbi parad - 17 aprel 2012
ABŞ STRATEGİYASI

«The National Interest» internet dərgisi İranın regionda hədələrini artırdığına diqqət çəkir. Müəllif Alexandros Petersen İran parlamentarilərinin bu yaxınlarda Bakının İrana birləşdirilməsi tələbi ilə çıxış etdiyini xatırlayır, Azərbaycanın həm Rusiya, həm də İranın təhdidlərinə məruz qaldığını yazır:

«Nüvə silahlı İran təkcə İsrailin varlığına qorxu yaratmayacaq. Nüvə imkanlarından yararlanaraq daha zəif qonşularından – Azərbaycan, İraq və Bəhreyndən də güzəşt qoparmaq İran liderlərinin ürəyincə olardı. ABŞ-ın istənilən strategiyası sadalanan qonşuları da mümkün qədər əhatə etməlidir. İran liderlərinin Azərbaycanı birləşdirməyə dair açıq hədələri onların İsrailə hücum məqsədilə ilə eyni səviyyədə qəbul olunmalıdır».

BAYRAQ OLMALIYDIMI?

Ramiz Mehdiyevin görüşlərində bir məqam sosial şəbəkələrin diqqətini daha çox çəkib. Bu, Milli Təhlükəsizlik üzrə Ali Şuranın sədri Səid Cəlili ilə görüşdə Azərbaycan bayrağının asılmamasıdır. Ancaq İran rəsmi saytlarında ölkə rəsmilərinin əksər görüşlərində ancaq İran bayrağı görünür. Rusiya xarici işlər naziri Sergei Lavrov-la görüşdən fotolarda da bunu görmək olur:

Daha öncə prezident İlham Əliyevin bəzi görüşlərində ölkə bayrağı tərsinə asıldığından yerli auditoriyanın bayraq məsələsinə həssaslığını anlamaq olar. Yada salaq ki, bir müddət əvvəl YAP-çı deputat Aydın Mirzəzadə Şimali Kipr Türk Cümhuriyyətində səfərdə olarkən,
Mahmoud Ahmadinejad Rusiyanın Xarici İşlər naziri Sergei Lavrov-u qəbul edir. Rusiya bayrağı yoxdur
Mahmoud Ahmadinejad Rusiyanın Xarici İşlər naziri Sergei Lavrov-u qəbul edir. Rusiya bayrağı yoxdur
bu ölkənin parlament rəhbəri ilə görüşdə Azərbaycan bayrağının asılmamasını əsas gətirərək ona göstərilən yerdə oturmaqdan imtina etmişdi. O, bunu görüş protokolları üçün bir qüsur saymışdı.

BDU-nun Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsi dosenti, «Diplomatik protokol» kitabının müəllifi Vəliyulla Cəfərov AzadlıqRadiosuna deyir ki, «qalstuksuz» görüşləri, məsələn, MDB dövlət başçılarının Soçi görüşlərini çıxmaqla, dövləti təmsil edən şəxslərin bütün görüşlərində bayraq asılmalıdır. O, Azərbaycan rəsmisinin görüşündə bayraq asılmamasını «ağlasığmaz» adlandırır:

«Bəlkə jurnalistlər elə çəkiblər ki, görüşdə bayraq görsənmir. İran tərəfinin üstünə yıxmaq da düzgün deyil. Bizim səfirlik var, bütün addımları müşayiət edir. Bayrağın orda olmaması ağlasığmaz şeydir».

Hüquqşünas Erkin Qədirli isə «Facebook» səhifəsində yazır:

«Ramiz Mehdiyev dövləti təmsil etmir. Onun vəzifəsi siyasi deyil, xalq seçməyib. Heç bir rəsmi səlahiyyəti də yoxdur. Məsləhətləşmə və xəbərləşmə üçün göndərilib. Protokola görə, qəbul edən tərəf belə görüşlərdə bayrağımızı asmağa borclu deyil. Biz də, dövlətini təmsil etməyən, siyasi vəzifəsi və ya rəsmi səlahiyyəti olmayanları qəbul edəndə, gəldikləri ölkələrin bayrağını asmağa borcu deyilik. Asmaq olar, təbii ki, xüsusi ehtiram və ya başqa niyyətlə. Amma bu tip səfərlərdə tələb olunmur. Odur ki, gəlin, təmkinli olaq. Bayrağımızla, onun yerləşdirilməsi, rənglərinin ardıcıllığı, ona hörmətlə bağlı gerçək problemlərə duyarlı olaq».
XS
SM
MD
LG