Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 15:23

Əbülfəs Qarayevin Saatlı qəbulu


Əbülfəs Qarayev vətəndaşları qəbul edir - 19 aprel 2013
Əbülfəs Qarayev vətəndaşları qəbul edir - 19 aprel 2013
-
Aprelin 19-da Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Saatlıda 9 rayondan olan vətəndaşları qəbul edib.

Hələ nazir gəlməzdən əvvəl, sübh tezdən rayon polisi ayaqda olub. Qəbulun keçiriləcəyi Gənclər Mərkəzi hər tərəfdən çoxsaylı polis və mülkigeyimli dövlət qulluqçuları tərəfindən dövrəyə alınıb, ərazidə post-patrul və təcili yardım avtomobilləri hazır vəziyyətdə dayanıblar.

NAZİRLƏ GÖRÜŞ ÜÇÜN PREZİDENT SARAYINA EDİLƏN ZƏNG

Əvvəlcə rayon icra hakimiyyətinə baş çəkən nazir bir qədər sonra qəbulun keçiriləcəyi Gənclər Mərkəzinə yollanıb. Bu vaxt Saatlı və ətraf rayonlardan olan vətəndaşlar polis kordonunu yarıb nazirə yaxınlaşmaq istəyib, amma tez də bunun qarşısı alınıb.

Nazirlə görüşməyə cəhd edənlərdən biri, Saatlı rayonunun Ağarəhimli kənd sakini Əşrəf Nağıyev nazirə söyləmək istədiklərini AzadlıqRadiosuna deyib:

«Çiy kərpicdən olan evim qəzalı vəziyyətdədir, indiyədək müraciətlərimə baxılmayıb. Eşitdim nazir gəlib, dedim bəlkə dərdimi ona deyərəm. İcra nümayəndəmiz də buradadır. Məni görən kimi polislərə çuğulladı, qəbula düşməyimə imkan vermədi».

Saatlının Genişkənd sakini, Qarabağ müharibəsi veteranı, ikinci qrup əlil Arif Abdullayev qəbula düşə bilməyənlərdəndir. Dediyinə görə, görüş üçün Prezident Administrasiyasına da zəng edib. Amma bunun da bir nəticəsi olmayıb.

HAMI MİNNƏTDARLIQ EDİRDİ

Qəbul otağındayıq. Buradakı dinləmədən və sonrakı müşahidələrdən məlum olur ki,
Qəbula gələnlər
Qəbula gələnlər
qəbula gələnləri Mədəniyyət və Turizm Nazirliyinin yerli şöbə rəhbərləri əvvəlcədən seçib, təlimatlandırıblar. Belə ki, nazirlə görüşməzdən əvvəl onlara nə deyəcəkləri belə sözbəsöz izah olunurdu.

Görüşdən çıxan İmişlidən olan muğam müəllimi Vahid Əliyevin dediyinə görə, o, nazirliyin yerli şöbəsinin nəzdindəki incəsənət məktəbi üçün yeni bina tikilməsini istəyib. Saatlıdakı uşaq musiqi məktəbinin direktoru Kamal Gülüşov da müəssisəyə musiqi avadanlıqlarının verilməsini istəyib. Qəbula gələnlər ölkə başçısına və nazir Əbülfəs Qarayevə minnətdarlıq edirdilər.

NAZİR RAZI, VƏTƏNDAŞ NARAZI

Qəbul başa çatdıqdan sonra Əbülfəs Qarayev görüşün yekunu barədə məlumat verib:
Əbülfəs Qarayev
Əbülfəs Qarayev

«50-dək müraciətin yarıdan çoxu mədəniyyət müəssisələrində işin təkmilləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi barədə oldu. Mən sevinirəm ki, bizim şöbələrdə çalışan, mədəniyyətlə bağlı insanlarda belə təşəbbüslər var. Ümumi mühit onu göstərir ki, bu gün qəbula gələn insanların böyük əksəriyyəti son illər Azərbaycan dövlətinin gördüyü işləri yüksək qiymətləndirir».

«SAATLININ HAZIRKI PROBLEMİ ZURNA-BALABAN DEYİL AXI»

Saatlı şəhər sakini Ziyafət Hüseynli isə nazirin keçirdiyi görüşün «ictimaiyyətlə görüş» adlandırılmasının əleyhinədir:

«Bir halda ki, tabeliyində olan işçilərlə görüşür, daha bunu niyə «ictimaiyyətlə görüş» adlandırırlar? Saatlının hazırkı problemi zurna-balaban deyil. Bu musiqi alətləri köhnəlibsə, onun yenilənməsi üçün məktəb direktoru rəsmi qaydada müraciət edə bilərdi. Daha bundan ötrü nazirin basa-basa rayona gəlməyinə nə ehtiyac vardı?».
XS
SM
MD
LG