Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:20

«Topaz» qumarxana yoxsa idman inkişafı?


"Topaz"ın bukmeker kontoru
"Topaz"ın bukmeker kontoru
-
Martın 5-də AzadlıqRadiosunun «İşdən Sonra» verilişində futbol azarkeşi Mehdi İbrahim, Futbolpress.az saytının baş redaktoru Elçin Cəlilov və «Bukmeker» qəzetinin baş redaktoru Rövşən Sultanov «Topaz» yoxsa qumar oyunu?» mövzusunda danışıblar.

Futbolpress.az saytının baş redaktoru Elçin Cəlilovun dediyinə görə, bu bir oyundur və bu oyunu oynayıb-oynamamaq insanın öz iradəsindən asılıdır. İnsanlar qalib gəldikcə daha çox pul qoyur, daha çox qazanmağa can atır, bunun nəticəsi isə çox vaxt insanların müflisləşməsinə gətirib çıxarır. «Topaz»ın müsbət cəhətləri isə çox azdır. Əgər udandan sonra insan özünü cilovlayıb dayana bildisə, bu onun xeyridir.

«TOPAZ KİMLƏR ÜÇÜNSƏ QAZANC MƏNBƏYİDİR, KİMLƏR ÜÇÜNSƏ DƏ EVİNİN YIXILMASIDIR»

Elçin Cəlilov
Elçin Cəlilov
Elçin Cəlilov deyib ki, futbol oyunlarına mərc qoyanlara baxsaq görərik ki, bunlardan 10 faizi qalib olursa, 90 faiz insan məğlub olur.

«Bukmeker oyunları çıxandan sonra, hamıda futbola maraq artıb, insanlar artıq oyunları diqqətlə izləyirlər, çünki ona yatırım edirlər».

«Azərbaycanda bu oyunlara marağın artması insanların işləmədən, bir dəfəyə çox miqdarda pul qazanmaq istəməsi ilə bağlıdır».

Elçin Cəlilovun fikrincə, belə mərc oyunlarına marağın çox olması həm də işsizliklə əlaqədardır.

«Xarici ölkələrdə insanlar bukmeker oyunlarına qazanc yeri kimi baxmırlar, amma bizdə əksinədir. Sosial ehtiyaclar və işsizliyin də buna təsir etdiyini zənn edirəm».

«TOPAZ QUMARIN QANUNİ FORMASIDIR»

Elçin Cəlilov onu da deyib ki, «Topaz»dan əvvəl hamı deyirdi ki, bu oyunlar qumardır, amma daha sonra «Topaz»ı yaradaraq bu oyunları qanuniləşdirdilər. «Topaz»ın «qara bazar»dan əsas fərqi odur ki, «Topaz»da əmsallar daha aşağıdır.

Jurnalistin fikrincə, qara bazarda olan kontorlara da kimlərsə icazə verir ki, onlar fəaliyyət göstərir, yoxsa bu kontorlar fəaliyyət göstərə bilməz.

«Topazdan gələn gəlirlərdən AFFA, Gənclər və İdman Nazirliyi, AzərİdmanServis də faiz alır. Bu faizlərdən gələn gəlirin müəyyən məbləğinin idmanın inkişafına təsir etməsi fikrini isə məntiqi saymıram».

Bukmeker kontoru
Bukmeker kontoru
«Bukmeker» qəzetinin baş redaktoru Rövşən Sultanov deyib ki, bir az tarixə nəzərə salsaq görərik ki, «Topaz»dan əvvəl də bu oyunlar qeyri-qanuni olaraq keçirilirdi. «Topaz»da isə qaydalar var : 18 yaşdan aşağı insanlar oynaya bilməz, 200 manatdan artıq pul qoymaq olmaz, bundan əlavə «Topaz» dövlətə qanuni olaraq vergisini verir, mənim fikrimcə, «Topaz»ın fəaliyyət göstərməsi yaxşı haldır.

«Bu oyunlar onsuz da dünyanın hər yerində var, məhdudiyyət və qadağalarla bunun qarşısını almaq mümkünsüzdür, buna görə də, qanun çərçivəsinə salındı. «Topaz» olmasaydı da, bu oyunları internet vasitəsilə kifayət qədər oynayan olacaqdı».

Rövşən Sultanov Azərbaycanda insanların «Topaz»dan düzgün istifadə etmədiyini deyib :

XARİCDƏ BU OYUNLARA «AZART» KİMİ BAXIRLAR...

«Azərbaycanda insanlarda asan yolla pul qazanmaq həvəsi var, amma xaricdə insanlar bu oyunlara sadəcə «azart» kimi baxırlar, bir az həyəcan yaşamaq üçün oynayırlar».

Rövşən Sultanov «Topaz»ın idmanın inkişafına da xeyri olduğunu qeyd edib :

«Topaz gəlirdən dövlətə vergi ödəyir və bu məbləğ də idmanın inkişafına xərclənir».

Son olaraq «Topaz»ın oyunları satması ilə bağlı fikirlərinə toxunan Rövşən Sultanov qeyd edib ki, bunlar heç bir fakta əsaslanmır:

«Topaz hal-hazırda Premyer Liqanın sponsorudur, oyunların satılması məsələsi ilə bağlı həmişə söz-söhbətlər olub, amma buna dair heç bir fakt yoxdur».

Arxiv foto
Arxiv foto
Gənc futbol azarkeşi Mehdi İbrahim «Topaz»ın idmana heç bir xeyri dəymədiyini, insanlara ziyan vurduğunu deyib:

«Topaz idmanın inkişafına xeyir vermir, insanları bu oyunlardan asılı vəziyyətə salır».

Gənc nəslin «Topaz»a axışmasının səbəbini isə Mehdi İbrahim bütün çayxanaların «Topaz»laşmasında görür. Onun dediyinə görə, gənclər də bir-iki dəfə orada olandan sonra həvəslənib oynamağa başlayır, daha sonra isə uduzduqları məbləği geri qaytarmaq üçün oynamağa davam edirlər və beləcə asılılıq yaranır.

«TOPAZ İNDİYƏ QƏDƏR NƏ HESABAT VERİB, NƏ...»

İqtisadçı ekspert Natiq Cəfərlinin dediklərinə görə isə, mərc oyunları çox böyük bir bazardır. Onun sözlərinə görə, bu bazarın aylıq dövriyyəsi 10 milyard dollara yaxındır.

Natiq Cəfərli
Natiq Cəfərli
«Avropada mərc kontorları daha şəffaf şəkildə işləyir, aylıq hesabatlar verir, Azərbaycanda isə «Topaz» indiyə qədər nə bir hesabat verib, nə də pulların hara xərcləndiyinə dair bir fikir səsləndirib. Buna görə də şəffaflıqdan söhbət gedə bilməz».

Son olaraq ekspert deyib ki, bu oyunlar xəstəlikdir, bu oyunlarda qazanan yalnız iş yeri sahibi olur, sadə insanlar isə əksər vaxtlarda uduzur:

«Bu cür oyunlar insanlara bədbəxtlik gətirir, ailələr dağılır, gənc insanları təhsildən yayındırır və digər fəsadlar törədir».

Verilişi tam olaraq buradan dinlə:


XS
SM
MD
LG