Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:11

Belə neft gəliri olan ölkənin yollarına baxanda...


Arxiv foto
Arxiv foto
-
«Mingəçevir şəhərində yaşayıram, cənub zonasına gedəndə İmişli rayonun Bəhrəmtəpə qəsəbəsini Biləsuvar rayonu ilə birləşdirən 45 kilometrlik yolu keçmək məcburiyyətində qalıram. Hər dəfə bu yolu keçəndə özümüzə yazığım gəlir. 45 kilometr yolu maşınla 2-3 saata qət etmək mümkündür».

«Qaynar xətt»ə şikayətlənən Mingəçevir sakini Mehdi Səlimov deyir ki, hər il yolların təmir-bərpasına fantastik məbləğdə pul ayrılsa da, qarşılığında əhalinin yol rahatlığı təmin olunmur. Məsələn, İmişli yolunda sürücü həyatını riskə atmış olur.

«Belə neft gəliri olan ölkənin yoluna baxanda adam xəcalət çəkir. Görəsən o rayonların millət vəkilləri nə işlə məşğuldurlar. Həmin yol cənubdakı 7 rayonda yaşayan vətəndaşlarımızı aran, qərb və şimalda yaşayan vətəndaşlarla birləşdirən yeganə yoldur».

ASFALTDAN ƏSƏR-ƏLAMƏT YOXDUR...

Müsahibim deyir ki, bu yoldan hər gün Lənkəran, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, İmişli rayonlarının sakinləri istifadə edirlər. Sovet dönəmində çəkilmiş yoldakı asfaltdan əsər-əlamət qalmayıb. Çünki bu yollarda heç vaxt təmir-bərpa işləri aparılmayıb. Sürücülər bu yollarda maşınları çətinliklə idarə edirlər.

Nəqliyyat nazirliyindən AzadlıqRadiosuna bildiriblər ki, yolların təmiri növbəli şəkildə həyata keçirilir. Hazırda Bakı-Rusiya yollarının təmir-bərpası işləri davam etdiyindən, İmişli ilə cənub zonasını birləşdirən yolların bərpası mümkün deyil. Ancaq Nəqliyyat Nazirliyinin əməkdaşları maksimum çalışırlar ki, bu yolda sürücülərin təhlükəsizliyi təmin olunsun.
XS
SM
MD
LG