Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:27

Zaqatalada bərpa çəkuzantısı


Zaqatala - 7 may 2012
Zaqatala - 7 may 2012
-

Yeni evlərdə yaşayanlar razı, evləri qəzalı olanlar narazı... Zaqatalanın Gözbarax kəndinin sakinləri zəlzələdən sonra bərpa işlərinin ləng getməsindən gileylidirlər.
Qax-Zaqatala bölgəsində olan zəlzələdən 8 ay ötür. Ancaq hələ də qəzalı evdə yaşayan yüzlərlə insan var. Onlar evlərinin təmir olunacağını gözləyirlər.

«NƏ QƏDƏR QONŞUDA YAŞAYACAĞAM?»

«Evim yaşanası vəziyyətdə deyil. Qonşunun evində qalırıq. Deyirlər bərpa üçün kompensasiya veriləcək. 8 dəfə komissiya gəlib, hər dəfəsində də eyni sözlər, - bərpa olunacaq. Bəs nə vaxt? Mayda bir il tamam olur. Görəsən, daha nə qədər qonşuda yaşamalıyam?», bu Gözbarax sakini Aişə Əliyevanın sözləridir.

Kəmaləddin Heydərov
Kəmaləddin Heydərov
Təmir-bərpa işlərini Fövqəladə Hallar Nazirliyi (FHN) gerçəkləşdirir. Nazir Kəmaləddin
Heydərov
ötən il noyabrın 16-da verdiyi açıqlamada yenidən inşa edilən evlərin çox
hissəsinin təhvil verildiyini söyləyib: «Hər həftə tikintisi aparılan evlərin 10-12 faizi təhvil
veriləcək. Şirkət rəhbərlərinin, iş icraçılarının bildirdiyinə görə, tikintisinə başlanmış evlərin hamısı dekabrın sonunadək istifadəyə veriləcək».

«ELƏ BOŞ SÖZLƏR VERİLİR»

Zaqatala sakini Hacı Vəliyevin də evi qəzalıdır. O, işin ləng getməsindən narahatdır:

«Elə boş sözlər verirlər. Zəlzələnin ilinə az qalıb. Sonuncu zəlzələ evimi bərbad vəziyyətə salıb. Yaşamaq mümkün deyil. Deyirlər «təmir olunacaq». Nə vaxt? Barı təmiz əyilib. Evin hər yeri çat-çatdır. Küçədən maşın keçəndə ev necə silkələnirsə, uşaq yatmır».

«İCRA HAKİMİYYƏTİ AYRISEÇKİLİK EDİR»

Hacı Vəliyev zəlzələni təbiətin sürprizi sayır. Sonuncu zəlzələ evlərini yararsız vəziyyətə saldığından üç ailə onun evində məskunlaşıb: «Tikintidə o qədər əyriliklər oldu ki... Kimin pulu var, evi tikildi... Kim ki pul vermədi, batdı. Sanki kənd yalnız varlılar üçündür. İcra hakimiyyəti hamıya bir gözlə baxmır, ayrıseçkilik edir. Narazıçılığımız budur».

Zaqatala şəhər icra başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Elman Ramazanov işə müdaxilə etmək yetkilərinin olmadığını bildirir: «Narazı insanlar olmalıdır. Təkcə Zaqatalada 33 min ev var. Ölkə rəhbərliyinin göstərişiylə tikilən gözəl şəraitli evlərdən hamı istəyir. Nazirlik deyəndə ki, qəzalı deyil, insanlar qıcıqlanır, icra hakimiyyətinə əl atırlar. Təbii haldır. Biz qəzalılığı müəyyən etmirik və bu işə məsul komissiyanın tərkibində deyilik».

«O PULA 2 KƏND TİKMƏK OLARDI»

Arxiv foto: Zaqatala
Arxiv foto: Zaqatala
Kənd sakini Həzrət Qurbanovun şikayəti evinin sahəsinin yanlış hesablanmasındandır:

«470 kvadratlıq evimi 230 kvadrat yazıblar. Ayrılan pula 2 kənd tikmək olardı. Hər gələn komissiya pul gözləyir. Kim pul verirsə, onun evi tikilir. Prezidentə, Fövqəladə Hallar Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə müraciətlərimiz cavabsız qalıb. Bütün büdcəni dağıdıb yedilər. Axırda da 100-dək ev qaldı kənarda. Əvvəl 385 evin sənədləri vardı, sonradan artdı 620-yə çatdı. Bir qıraqdan pul verib adlarını siyahıya saldırırlar».

E. Ramazanov bütün bunları yalanlayır. İndi rayonda 3 min 3 evdə iş getdiyini, yaxın günlərdə tikintinin bitəcəyini deyir: «Başa çatmayan 250-yə yaxın ev qalıb. Eyni zamanda 1200 qəzalı ev var. Onların tikintisinə yazqabağı başlanacaq. 21 orta-ixtisas təhsil məktəbi, bir bağça və Müəllimlər İnstitutunun binası təmir olunub. İlkin rəqəm 4200 idi. Artıq 3 min ev tikilib. Üstəlik, nazirlik evlərinin təmiri üçün təxminən 3 min adama poçtla 14 milyon manat ödəyəcək».

TİKİNTİNİ KİMLƏR HƏYATA KEÇİRİR?

Gözbaraxdakı tikintini «Azenko»«Gilan İnşaat» həyata keçirir. «Azenko»nun adını açıqlamaq istəməyən, amma Zaqatalada gedən inşaat işlərinin sahə rəisi sayılan şəxs tikintinin başa çatmaqda olduğunu söylədi: «Bizdən başqa kənddə 3 tikinti şirkəti çalışır. Biz «Azenko» olaraq 176 ev təhvil verməliyik. Hardasa 140-a yaxın evi təhvil vermişik».

Zaqatala
Zaqatala
«Gilan Holdinq»in hüquq şöbəsinin müdiri Vüsal Dadaşov Zaqataladakı tikintiyə başqa podratçı şirkətlərin də cəlb edildiyini, amma təmir və yenidən inşa məsələlərinə baxmadıqlarını deyir: «Kimə nə qədər ziyan dəydiyini yerli icra orqanı və Fövqəladə Hallar Nazirliyi müəyyənləşdirir. Bizim şirkət ancaq tapşırıq yerinə yetirir».

«VƏSAİTİN YARISINDAN ÇOXUNUN HARA XƏRCLƏNMƏSİ SUAL DOĞURUR»

«Kür» Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev Qax-Zaqatala bölgəsindəki zəlzələnin fəsadlarının aradan qaldırılması üçün dövlət büdcəsindən öncə 20 milyon manat, daha sonra 300 milyon manat vəsait ayrıldığını deyir: «Fövqəladə Hallar Nazirliyinin noyabrda sorğumuza verdiyi cavabda qeyd olunur ki, vəsaitin 234 milyon manatı xərclənib, yəni ümumi vəsaitin 72 faizi. Görülən işlərlə bağlı bildiriblər ki, 682 ev, 7 məktəb tikilib. Bu da ümumi iş həcminin təxminən 22-23 faizidir. Bölgədə 3 min 500 evin, 35 məktəbin tikilib istifadəyə verilməsi nəzərdə tutulub. FHN-nin yanvarın 27-də açıqladığı rəqəmə görə, 2 min 984 ev istifadəyə verilib. İstər-istəməz, sual ortaya çıxır: Necə olur ki, 682 evi 6 aya tikən nazirlik 40-50 günün içində birdən-birə, az qala, 3 min evin inşasını bitirir? Tikintisi zamanı vəsaitin yarısından çoxunun nəyə xərclənməsi də sual doğurur».

«Kür» Vətəndaş Cəmiyyəti Qərargahının zəlzələ zonasından hazırladığı hesabatda evlərin qiyməti:

Otaqların sayı Podratçı şirkətə verilən nağd vəsait Yaşayış sahəsi 1 kv.metrin qiyməti Layihədə podratçı şirkət üçün nəzərdə tutulan vəsait Yaranan fərq/ mənimsənilən vəsaitin həcmi
2 otaqlı 25 min manat 90 kv.m 500 AZN 45 000 AZN 20 000 AZN
3 otaqlı 33 min manat 131 kv.m 500 AZN 65 500 AZN 32 500 AZN
4 otaqlı 52 min manat 151 kv.m 500 AZN 75 500 AZN 23 500 AZN
5 otaqlı 58 min manat 180 kv.m 500 AZN 90 000 AZN 32 000 AZN


Tikinti, təmir və dizayn xidmətləri göstərən «AZ Dizayn İnşaat» MMC şirkətinin inşa etdiyi evlərin qiyməti:

Otaqların sayı Yaşayış sahəsi Təxmini qiymət
2 otaqlı 75-80 kv.m 27 min manat
2 otaqlı 90 kv.m 30 min manat
3 otaqlı 95-100 kv.m 33-34 min manat
3 otaqlı 131 kv.m 40 min manat
4 otaqlı 150 kv.m 51 min manat


ORASI VAN, BURASI ZİYAN?



Oqtay Gülalıyev
Oqtay Gülalıyev
O. Gülalıyev Zaqatalaya Van zəlzələsinə ayrılandan 2 dəfə çox vəsait verildiyini, amma 2 dəfə az iş görüldüyünü düşünür: «Heç Zaqatala zəlzələsi ilə yox, iki il əvvəl baş vermiş Kür-Araz daşqınları ilə müqayisə edək. 460 milyon manat ayrılmışdı. Van zəlzələsinə isə 130 mln. manat. Kür-Araz daşqınlarına ayrılan vəsaitdən 3 dəfə az olsa da, görülən işlərin həcmi və sürəti ondan 3 dəfə çoxdur. Vanda böyük bir şəhər salınıb. Ən azından problem aradan qalxıb. Ancaq Kür-Araz bölgəsində bu gün də problem var. Zaqatala da onun kimi. İşin sürəti çox aşağıdır».

TƏBİİ FƏLAKƏTİN ZƏRƏRİNİ DÖVLƏT QARŞILAMALIDIR?

«Hüquq Təşəbbüsləri» Mərkəzinin sədri, hüquqşünas Ziya Quliyev yeni qüvvəyə minən «Mənzil Məcəlləsi»nin 28-ci maddəsinin 5-ci bəndinə görə, təbii fəlakətdən qəzalı vəziyyətə düşən evlərin bərpasını müvafiq icra hakimiyyətinin həyata keçirməli olduğunu deyir: «Mənzil Məcəlləsinə əsasən, təmiri həyata keçirəcək orqan bir ay müddətində Nazirlər Kabinetinə müraciət etməli, Nazirlər Kabineti də bunu təklif formasında prezidentə verməlidir. Zaqatala bölgəsindəki təmir-tikinti ilə bağlı bu cür hala rast gəlmədim. Tikintini FHN həyata keçirir. Ancaq hansı maliyyə əsasında olduğu, vəsaitin necə müəyyənləşdirilməsi haqqında heç bir məlumat yoxdur».
XS
SM
MD
LG