Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:46

Hədəfdə yazıçıdır [Video]


Yazarlar Mövlud Süleymanlı və Seymur Baycan «Daş yuxular» romanına görə ittihamlara tuş gələn yazıçı Əkrəm Əylisli haqda fikirlərini bölüşürlər.

-


Mövlud Süleymanlı:

«Mən Əkrəmə yaxın olmuşam. Biz «Azərbaycan» jurnalında bir yerdə işləmişik. Onun doğurdan da gözəl tarixi fəaliyyəti olub. Mən Əkrəmin bu kökə düşməsinə görə təəssüfümü bildirirəm. Mən kədər və təəssüfümü həm də ona görə bildirirəm ki, onun etdiyi bu tarixi səhv dünənin, bu günün yox, gələcəyin belə bağışlamayacağı bir səhvdir. Oxuculardan, ziyalılardan bir xahiş etmək istəyirəm ki, əsəri oxumayan adam müdafiəyə qalxmasın. Pisinə və ya yaxşısına. Ümumiyyətlə, bizdə bu saat elədir ki, deyir mən əsəri oxumamışam, amma müdafiəyə qalxır. Oxuyan biləcək orada nə var, nə yox. Oxumamış söz demək düzgün deyil. Çünki burda söhbət bu əsərdən gedir. Mən buna tarixi səhv ona görə deyirəm ki, Əkrəm tarixi saxtalaşdırıb. Erməni kilsəsinin minilliklər boyu etdiyi səhv, saxtakarlıq hamıya məlumdur. Yazıçı anlamadığı, bilmədiyi şeyi yazmamalıdır. Əkrəm 12 kilsədən söhbət edir əsərdə. Əylis kəndində 12 kilsənin adını çəkir. Əsərdə göstərir ki, guya Azərbaycan türkləri o kilsələrin adını dəyişib. Tarixi bu boyda təhrif etmək olmaz. Sabah, biri gün biz ölüb gedəcəyik. Qalan bizim əsərlərimiz olacaq. Amma Əkrəmi bu tarixi səhvə görə heç vaxt heç kim bağışlamayacaq...».

Seymur Baycan:

«Bir vaxtlar əsərlərinə görə hücumlara məruz qalan adamın belə danışması məni təəccübləndirir. Təəssüf edirəm. Vaxtilə əsərlərini oxuduğum bir insanın bu dərəcədə məzlum vəziyyətə düşməsi insanı həqiqətən də pis vəziyyətə salır. Mən Mövlud Süleymanlını nəzərdə tuturam. Əkrəm haqqında necə ürəklə danışır, amma Nizami Cəfərovun Əkrəm Əylislini Azərbaycandan qovmaq lazımdır fikrinə münasibət bildirmir. Məsələ ondadır ki, hər ikisi qələm adamıdır. O evin qarşısına çıxan uşaqlar ki var, heç bilmirdilər hara gəliblər. Deyir ki, burda müxalifətçi var, ona etiraz etməyə gəlmişik. Kimlərsə yazıb verib o plakatları onların əlinə. Deyib ki, gedin orada qışqırışın gəlin. Amma hakimiyyətdə təmsil olunan bu yüksək məmurlar, hakimiyyət nümayəndələri, deputatlar bu cür fikir deyəndə, bu, ölkədəki ifadə azadlığının nə dərəcədə biabırçı olmasının göstəricisidir. Deyirlər ki, Əkrəm Əylisli ermənidir. Bəs onda niyə bu erməniyə «Şöhrət» ordeni vermişdilər? Bir yazıçının əsərinə qarşı bu dərəcədə aqressiya ilə, kütləvi halda hücum etmək olmaz. Ələlxüsus da qızışdırıcı rolu hakimiyyət nümayəndələri oynayır. Bu nə ritorikadır ki, insanı təhqir etmək üçün ona erməni deyirlər? Tutaq ki, sabah Dağlıq Qarabağ problemi həll olundu və biz yenə orada ermənilərlə birgə yaşamalı olduq. Onda necə olacaq? Bu ritorika ilə problemin necə sülh yolu ilə həllinə çalışmaq olar?..»
XS
SM
MD
LG