Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:40

Ramiz Mehdiyevin sədrlik etdiyi komissiya təhsili müzakirə edib


Ramiz Mehdiyev
Ramiz Mehdiyev
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya təhsil sahəsindəki problemlərlə bağlı toplantı keçirib.

AzərTAc-ın məlumatına görə, Prezident Administrasiyasının rəhbəri, adıçəkilən Komissiyanın sədri Ramiz Mehdiyev toplantıda çıxış edərək təhsildəki problemlərə toxunub. O, islahatların və xüsusilə korrupsiyanın qarşısının alınması məqsədilə davamlı tədbirlərin görülməsinin mühümlüyündən danışıb.

Komissiyanın sədri deyib ki, ali təhsil müəssisələrində dekanlıqların məsuliyyəti artırılmalı, şəffaflıq təmin olunmalıdır. O, həmçinin kafedraların, müdafiə şuralarının fəaliyyəti, dərsliklərin keyfiyyəti və müasir tələblərə uyğun olmaması, kitabxanaların elektron xidmət potensialının və universitetlərin internet səhifələrinin aşağı səviyyəsi, müasir ixtisaslara tələbin olması kimi məsələləri vurğulayıb. Ramiz Mehdiyev tədrisin keyfiyyətinin artması üçün bu istiqamətdə təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyini bildirib.

Komissiya sədri tələbələrin ərizə və müraciətlərinin araşdırılmasından danışıb. O, universitetlərin idarə edilməsində tələbələrin ehtiyaclarının nəzərə alınması, sosial şəbəkələrdə təhsillə bağlı fikirlərin təhlil edilməsi və buna adekvat tədbirlərin həyata keçirilməsi ilə bağlı məsələlərə də toxunub.

Ramiz Mehdiyev ali təhsil müəssisələrində müəllimlərin maaşlarının artırılması haqda da fikrilərini səsləndirib. Komissiya sədri ödənişli təhsildən gələn vəsaitlərdən müəllimlərin əmək haqlarına edilən əlavələr üzrə vahid qaydalara ehtiyac olduğunu bildirib.

Ramiz Mehdiyev başqa universitetlərdən olan tələbə köçürmələri və təkrar ali təhsilin təşkili ilə bağlı məsələlərlə bağlı iradlarını deyib.

Komissiyanın sədri çıxışında ümumtəhsil məktəblərindəki nöqsan və problemlərə də geniş yer ayırıb. O bildirib ki, qısa müddətdə görülmüş tədbirlər nəticəsində bu sahədə dönüş yaranacaq.

İclasda Komissiyanın üzvü, baş prokuror Zakir Qaralov bildirib ki, 2010-2012-ci illərdə Baş Prokurorluq təhsil sahəsində qanun pozuntuları ilə bağlı 536 şikayətə baxıb. 72 cinayət işi istintaq olunub, bir sıra hallarda təqsirli şəxslər cinayət başında yaxalanıblar.

Baş prokuror təhsil sahəsindəki mənfi halların qarşısını almaq məqsədilə təkliflər də verib.

İclasda çıxış edən təhsil naziri Misir Mərdanov müəllimlərin işə qəbulunun şəffaf və obyektiv keçirildiyini deyib. O bildirib ki, 2012-ci ildə Təhsil Nazirliyinə 7156 şikayət daxil olub. Onlardan 1734-ü müsbət həll edilib, 1924-ü ilə bağlı izahat verilib, 1247 müraciətlə bağlı aidiyyəti təşkilatlara tapşırıqlar verilib. Nazir deyib ki, 2251 müraciət isə əsassız olub.
Misir Mərdanov bəzi tədbirlər nəticəsində ali təhsil müəssisələrindəki imtahanlarda şəffaflıq və obyektivliyin xeyli artdığını, şikayətlərin sayının isə azaldığını da bildirib.
XS
SM
MD
LG