Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:24

Prezidenti tərifləyən məktubların ünvanı


Foto: Arxiv
Foto: Arxiv
-
«Sizin son «Dünyada Azadlıq -2013» hesabatınızdan ciddi narahat oldum. Bu hesabat mənim ölkəmə qarşı qərəzli və qeyri-obyektivdir. Hesabat Azərbaycanda insan haqları və demokratiyanın durumunu düzgün göstərmir, bizim bu sahələrdəki mühüm uğurlarımız nəzərə alınmayıb».

ƏLİ ƏHMƏDOVUN AÇIQLAMASI VƏ...

İngiliscə yazılmış bu məktub AzadlıqRadiosunun elektron poçtuna Pərvin Mirzəzadə imzası ilə gəlib. Məktub «Freedom House» təşkilatının elektron poçt ünvanlarına da göndərilib.

Bu qurum ötən həftə açıqladığı hesabatda Azərbaycanı «qeyri-azad ölkə» adlandırıb. Əslində Azərbaycanın illərdir oturuşmuş reytinqində dəyişiklik olmasa da, ölkə rəsmilərinin «Freedom House»a soyuq yanaşması daha da soyuyub. Rəsmilər özəlliklə də qurumun tanınmamış Dağlıq Qarabağ rejimini «qismən-azad» adlandırması ilə barışmadıqlarını dilə gətirirlər.

YAP sədrinin müavini Əli Əhmədov yanvarın 17-də yap.org.az saytına deyib ki, «separatçı bir rejimi azadlıq şkalası üzrə necə qiymətləndirməsindən asılı olmayaraq, təkcə bu faktın özü kifayətdir ki, bu təşkilatın mahiyyəti haqqında insanda bitkin fikir formalaşsın».

Əli Əhmədov onu da əlavə edib ki, Azərbaycan ictimaiyyəti həmişə haqlı olaraq qərəzli beynəlxalq təşkilatların qeyri-obyektiv dəyərləndirmələrinə etirazını bildirib:

«İnanıram ki, «Freedom House»un son hesabatı xalqımızın qəti etirazı üçün daha ciddi əsas verir».

Əli Əhmədov
Əli Əhmədov
Düşünmək olar ki, Pərvin Mirzəzadə imzalı oxucumuzu yuxarıdakı məktubu yazmağa həmin açıqlama həvəsləndirib. Amma həmin müsahibədən öncə də – yanvarın 15-dən AzadlıqRadiosunun veb-saytına bənzər məzmunlu şərhlər gəlib. Bu şərhlərdə daha çox Prezident İlham Əliyevin korrupsiya üzrə «İlin adamı» seçilməsinə irad bildirilir.

Şərhlərdə eləcə də «düşmən dəyirmanına su tökən bəzi qüvvələr» pislənir.

«HEÇ KİMƏ TAPŞIRIQ VERİLMƏYİB»

Bənzər məktublar korrupsiyadan yazan jurnalistləri birləşdirən OCCRP-yə – həmin dəyərləndirməni aparan quruma da göndərilib. Qurumun redaktoru Drew Sullivan «BBC Azərbaycanca»ya deyib ki, ona 4200 etiraz məktubu gəlib.

Onun fikrincə, bəzi məktubların saxta ünvanlardan göndərildiyini düşünməyə əsas verən əlamətlər var, əksəriyyəti, görünür ki, şəxsi elektron poçt ünvanlarından gəlib. «Bizim təhlilimizə görə, məktublar sadəcə kampaniyadır və kütləvi poçt deyil», – deyə o, fikrini açıqlayıb.

«Turan» informasiya agentliyi yanvarın 15-də məktəblərə «zəhmətkeş məktubları»nın təşkili üçün göndərilən təlimatdan yazıb.
Zəminə Əliqızı
Zəminə Əliqızı
Sosial şəbəkələrdə yayılmış məktubda ölkədə gedən abadlıq və quruculuq işlərindən razılıq ifadə olunur, «bu cür səhv və reallığı əks etdirməyən məlumatların yayılması»nda məqsədin «ictimaiyyəti ancaq çaşdırmaq» olduğu vurğulanır.

Bakı şəhər Baş Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin müdiri Zəminə Əliqızı AzadlıqRadiosuna deyir ki, bu təlimat barədə eşitməyib:

«Heç kimə belə bir tapşırıq verilməyib. Müəllimlər arasında da belə bir narahatlıq yoxdur».

KAMPANİYA SƏRTLƏŞSƏ...

Politoloq Zəfər Quliyevin fikrincə, prezident seçkiləri yaxınlaşdıqca, hakimiyyət mümkün tənqidlərdən özünü sığortalamağa, tənqidi fikirlərin dəyərini azaltmağa çalışa bilər. Bu hərəkat seçki ərəfəsi güclənərsə, bunu əminliklə siyasi kampaniya saymaq olar.

–Beynəlxalq qurumların əvvəlki hesabatlarında da Azərbaycanın yeri ürəkaçan olmayıb. Niyə hakimiyyət indi daha çox əndişələnib?

Zəfər Quliyevi
Zəfər Quliyevi
–Bu, daha çox prezident seçkisi ilə bağlıdır, çünki bu, adi seçki deyil. Hakimiyyət bu seçkinin əhəmiyyətini, özü üçün riskli olduğunu gözəl başa düşür. Əvvəlki illərdə Qərb ölkələri, beynəlxalq qurumlara qarşı kampaniya aparanda, hakimiyyət bunu elə də pərdələmirdi, televiziyalarda, Milli Məclisdə bu, açıq-aşkar edilirdi. Çox vaxt bu kampaniya geosiyasi maraqlarla bağlı olurdu, məsələn, Azərbaycan Qərb və Rusiya arasında manevr edirdi. İndiki seçkidə daxili vəziyyət də dəyişib, cəmiyyət fəallaşıb. Hakimiyyət hiss edir ki, kənardan da ölkə daxilindəki proseslərə təsir göstərən qüvvələr var. Eyni zamanda, aparıcı Qərb ölkələri, beynəlxalq təşkilatlar Azərbaycana qarşı daha sərt kampaniya aparsalar, seçki vəziyyəti dəyişə bilər. Hakimiyyətin bütün resurslarına, maliyyə və təsir imkanlarına, saxtalaşdırma üzrə peşəkarlıqlarına baxmayaraq, bu seçki onun üçün ciddi problemə çevrilə bilər.

«Freedom House»un hesabatlarına ABŞ-da və bütün dünyada etibar edirlər. Bunu AzadlıqRadiosuna müsahibəsində ABŞ Dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisinin müavini, əvvəl həmin qurumda icraçı direktorun müavini çalışmış Thomas Melia da deyib:

«Beynəlxalq dəyərləndirmələrin bu cür üst-üstə düşməsini nəzərə almamaq dəvəquşu davranışı olardı... Yaxşı olar ki, Azərbaycan rəsmiləri bu dəyərləndirmələrə daha ciddi yanaşaraq, ölkənin nüfuzunu yüksəltmək yollarını arasın və bu işdə ciddiyyət göstərsinlər».
XS
SM
MD
LG