Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:37

Məhbus nədən ölür


Foto: Arxiv
Foto: Arxiv
-
«Həbsxanada intiharların və ölümlərin sayının artması əsaslı narahatlıq doğurur».

Bunu vəkil Elçin Namazov dekabrın 21-də İnsan Haqları Evi, Hüquq və Azadlıqların Müdafiəsi İnstitutu, Siyasi Azadlıqları Müdafiə Alyansının təşəbbüsü ilə keçirilən müzakirədə deyib.

QOBUSTANDAN XƏBƏRLƏR GƏLİR

Vəkil dekabrın 16-da 17 saylı cəzaçəkmə yerində Pərviz Mikayılovun intihar etməsi faktı üzrə cinayət işinin qaldırılması tələbilə prokurorluğa müraciət göndərib.

O, Qobustan həbsxanasında da vəziyyətin çox mürəkkəb olduğunu, müxtəlif mənbələrdən orada amansız işgəncələr və ölümlərə dair məlumatlar gəldiyini bildirib.

Hüquqşünas Ənnağı Hacıbəyli isə deyib ki, «Penitensiar Xidmətdə kimsə ölürsə, buna görə dövlət məsuliyyət daşıyır».

Vəkil ƏsHabəli Mustafayev bildirib ki, hüquqlarını müdafiə etdiyi, ömürlük həbsə məhkum edilmiş 5 nəfərin ciddi müalicəyə ehtiyacı var, ancaq bundan məhrumdurlar.

İŞGƏNCƏ DÖVLƏTİN SİYASƏTİDİR?

Vəkil Qurban Məmmədov isə həbsdə olan Nemət Pənahlının və hüquqları pozulan digər məhbusların dəstəklənməsini vacib hesab edib.

AXCP sədri Əli Kərimli isə bildirib ki, «həbsxanada işgəncə dövlətin siyasətidir, ayrı-ayrı məmurların özbaşınalığı deyil».

Müzakirələrdə dekabrın 16-da 17 saylı koloniyada ölən Pərviz Mikayılovun anası da iştirak edib. O, bildirib ki, oğlu işgəncələrə məruz qalıb və öldürülüb, intihar etməyib.

«ÖLÜMLƏR ARAŞDIRILIR»

Müzakirə iştirakçıları sonda bəyanat qəbul edib.
Mehman Sadıqov
Mehman Sadıqov
Bəyanatda hakimiyyət orqanlarından cəzaçəkmə yerlərində özbaşınalıqların araşdırılması, hüquq müdafiəçilərə monitorinqlərin aparılması üçün şəraitin yaradılması tələb olunur.

Penitensiar Xidmət İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, baş verən ölümlər araşdırılır:

«İntihar etsə də, xəstəlikdən vəfat etsə də, hər bir məhkumun vəfatı bizim üçün faciədir. Hər bir fakt üzrə prokurorluq məhkəmə tibbi ekspertiza keçirir. Ekspertizanın rəyindən asılı olaraq prokurorluq buna hüquqi qiymət verir. Bu ölümlər hər hansı işgəncə və ləyaqətin alçaldılması nəticəsində baş vermir».

Mehman Sadıqov deyir ki, bütün məhkumların saxlanması daxili nizam qaydaları və hüquqi aktlarla tənzimlənir:

«Siyasi mənsubiyyətindən və məhkumluqdan əvvəlki vəzifəsindən asılı olmayaraq, bütün məhbuslar qanunlara əməl etməlidir».
XS
SM
MD
LG