Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 09:45

Naxçıvanda müsavatçı siyasi əqidəsinə görə işdən çıxarıldığını deyir


Naxçıvanda müxalifət partiyalarının yerləşdiyi bina
Naxçıvanda müxalifət partiyalarının yerləşdiyi bina
Naxçıvanda Müsavat Partiyasının fəalı Əfqan Məmmədov siyasi əqidəsinə görə təqib olunaraq işdən çıxarıldığını bildirir.

O deyir ki, 25 ilə yaxın Naxçıvan Dövlət Filarmoniyasında, 35 il də muxtar respublikadakı müxtəlif musiqi məktəblərində musiqi müəllimi kimi işləyib. Son iş yeri Culfa rayon Bənəniyar kənd uşaq musiqi məktəbi olub.

Əfqan Məmmədovun bildirdiyinə görə bu ilin avqustunda onu Naxçıvan Dövlət Filarmoniyasındakı işindən çıxarıblar, bunun ardınca isə işlədiyi musiqi məktəbində müəllimlikdən azad ediblər. Müsavatçı fəal eyni vaxtda hər iki iş yerindən çıxarılmasını özünə qarşı siyasi təzyiq sayır:

«BİZ SƏNİNLƏ İŞLƏMƏK İSTƏMİRİK»

Müsavat partiyası MR təşkilatı
Müsavat partiyası MR təşkilatı
«Avqustda məzuniyyətdən yenicə qayıtmışdım işə. Filarmoniyanın müdiri məni çağırdı yanına, dedi ki, «sən işdən çıxarılırsan». Səbəbini soruşdum, heç bir tutarlı əsas göstərmədi. Dedilər ki, «sən orda – burda hakimiyyətin əleyhinə danışırsan». Bundan sonra da Culfadakı Bənəniyar kənd uşaq musiqi məktəbinə çağırıb dedilər «biz səninlə işləmək istəmirik». Oradan da heç bir əsas göstərmədən çıxardılar. Dedilər, yuxarıdan təzyiq var. İndi nə işdən çıxarılmam haqda əmrin surətini verirlər, nə də ki, əmək kitabçamı qaytarırlar. Deyirlər, «gəl, öz istəyinlə işdən çıxmağın haqda ərizə yaz, qaytaraq». Bunların hamısı siyasi əqidəmə görədir. Gələn il seçki ilidir. Onlar məktəblərdə bununla bağlı təbliğat aparırlar. Qorxurlar ki, biz də hakimiyyətin əleyhinə əks-təbliğat apararıq».

Əfqan Məmmədov deyir ki, işdən çıxarılmasına dair əmrin surətini ala bilmədiyindən ona qarşı qanunsuzluqla bağlı məhkəməyə müraciət də edə bilmir.

Əfqan Məmmədovun işdən çıxarılması məsələsinə aydınlıq gətirmək üçün Naxçıvan Dövlət Filarmoniyasının direktoru Elman Əliyevlə əlaqə saxladıq.

«YALAN DEYİR, SƏNƏDLƏRİNİ VERMİŞİK»

Elman Əliyev Əfqan Məmmədovun işdən çıxarılmasının onun siyasi mənsubiyyəti ilə əlaqəsi olmadığını bildirdi:

«Əfqan əmək intizamını pozduğuna görə işdən çıxarılıb. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq işə gəlmirdi. Yalan deyir, onun əmək kitabçasını da, əmrin surətini də vermişik».

Culfa rayon Mədəniyyət şöbəsinin direktoru Fikrət Cəfərov da Əfqan Məmmədovun əmək intizamını pozduğuna görə Bənəniyar musiqi məktəbindən işdən çıxarıldığını bildirdi:

«Onun 5 gün işdə olmadığı aşkarlandı, biz də onu işdən çıxardıq. İcra nümayəndəliyindən də gəlib yoxlayıblar. Hər kəs əqidəsində azaddır. Biz onu əqidəsinə görə işdən çıxarmamışıq».

5 İŞ GÜNÜNƏ GÖRƏ İŞDƏN ÇIXARMAQ?

Yalçın İmanov
Yalçın İmanov
Hüquqşünas Yalçın İmanov bildirir ki, işdən çıxarılan şəxsə həm bu haqda əmrin surəti, həm də əmək kitabçası dərhal təqdim olunmalıdır:

«Əmək məcəlləsinə görə, üzrsüz səbəbdən işə gəlməyən şəxslərə öncə xəbərdarlıq olunmalı, daha sonra töhmət yazılmalıdır. Həmin şəxsin 5 iş günü buraxdığına görə dərhal işdən çıxarılması düzgün deyil. Bu, siyasi təzyiq də ola bilər. Azərbaycanda, xüsusilə də Naxçıvanda insanların siyasi mənsubiyyətinə görə işdən çıxarılması faktlarına tez – tez rast gəlinir».

NAXÇIVANDA MÜXALİFƏTÇİ OLMAQ NƏ DEMƏKDİR

AXCP Naxçıvan təşkilatının sədri Yaşar Bağırsoy da Naxçıvanda müxalifətçilərin siyasi əqidələrinə görə zaman – zaman təqib olunduqlarını bildirir:

Yaşar Bağırsoy
Yaşar Bağırsoy
«Naxçıvanda müxalifətçi olmaq çox çətindir. İstər dövlət müəssisələrində, istər digər iş yerlərində müxalifətçilər daim təzyiq və təqib altında olurlar. Bir az fəallığını artıranların ya qohumlarını, ya da özünü dərhal işdən çıxarırlar. Burada haqsızlıq hədsiz dərəcədədir. Hakimiyyətlə barışmaz mövqedə dayananları «dəlixana»ya salmaqdan belə çəkinmirlər».

Bundan əvvəl də Naxçıvanda bir neçə şəxs siyasi əqidəsinə görə işdən çıxarıldığını, yaxud təzyiqə məruz qaldığını deyirdi. Məsələn, müsavatçı İntiqam İsmayılov da müxalifətçi olduğuna görə özünün və həyat yoldaşının işdən çıxarıldığını bildirmişdi. 2010-cu il parlament seçkilərində həyat yoldaşı müxalifət namizədinə səs verdiyi üçün Şərur rayon sakini Zülfüqar Tağıyevin işlədiyi elektrik idarəsində işıqçı vəzifəsindən azad edildiyi deyilirdi. Digər Şərur rayon sakini Zakir Əsgərov da həmin seçkilərdə müşahidəçi olduğuna görə rabitə idarəsindəki işindən qovulduğunu bildirmişdi. Sədərək sakini İsmayıl Hüseynovun isə polisdən şikayətçi olduğuna görə psixi dispanserə salındığı deyilirdi.
XS
SM
MD
LG