Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 14:30

Azərbaycan səfirləri Ramil Səfərovun işi barədə


Vilayət Quliyev
Vilayət Quliyev
-
Sentyabrın 21-də Diplomatik Akademiyanın yeni tədris binasında Prezident İlham Əliyev Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə qapalı müşavirə keçirib. Görüşdə bu yaxınlarda Macarıstandan ölkəyə gətirilərək əfv olunan Azərbaycan ordusunun zabiti Ramil Səfərov barədə də fikirlər səsləndiyi bildirilir.

Toplantıdan sonra bəzi səfirlərlə Ramil Səfərovun əfvi və bu hadisənin yarada biləcəyi mümkün problemlər barədə danışdıq.

«QURDDAN QORXAN MEŞƏYƏ GETMƏZ»

Azərbaycanın Macarıstandakı səfiri, ölkənin keçmiş Xarici İşlər naziri Vilayət Quliyev deyir ki, Ramil Səfərovun əfvindən sonra Azərbaycanın təkcə Macarıstanda yox, digər ölkələrdəki səfirləri üçün də müəyyən problemlər yaradıb. Çünki erməni terror şəbəkəsi tək bir ölkədə fəaliyyət göstərmir, bütün dünyanı əhatə edir. Səfirin fikrincə, bu hadisədən Azərbaycana qarşı istifadə etmək istəyənlər də var. Amma bütün bunlar Azərbaycan dövlətini öz vətəndaşlarına hüquqi yardım göstərməkdən çəkindirə bilməz. Hətta cinayət törətmiş şəxs də Azərbaycan vətəndaşıdır və ona yardım göstərmək hökumətin və diplomatların vəzifəsidir. Diplomatların təhlükəsizliyinə gəlincə, Vilayət Quliyev deyir ki:

«Macarıstan tərəfi orada bizim təhlükəsizliyimizi hələ ki, yüksək səviyyədə təmin edir. Həm səfirlik, həm də səfirin iqamətgahı 24 saat ərzində qorunur. Bir də ki, necə deyərlər, «qurddan qorxan meşəyə getməz». Təbii ki, biz bu addımı atarkən, onun müəyyən risklər törədəcəyinin fərqində idik. Ona görə də, istənilən vəziyyətə hazırıq».

Vilayət Quliyev Ramil Səfərovun dərhal əfv olunmasına görə Macarıstanın Azərbaycandan narazı qalması ilə bağlı deyilənlərə də münasibət bildirib. Onun dediyinə görə, tərəflərin münasibətində elə bir ciddi dəyişiklik yoxdur. Oktyabrın 8-9-da Budapeştdə Azərbaycan-Macarıstan hökumətlərarası iqtisadi komissiyasının növbəti iclası keçiriləcək. Əvvəlcədən planlaşdırılan bütün tədbirlər qüvvədə qalır.

QƏTNAMƏLƏRİN GÜCÜ VARSA, SÜLH PROSESİNƏ TƏSİR ETSİNLƏR

Azərbaycanın Rumıniyadakı səfiri, keçmiş Baş prokuror Eldar Həsənov isə hesab edir ki, Ramil Səfərovun əfvi ilə bağlı bir sıra ölkələrdən və beynəlxalq təşkilatlardan səslənən bəyanatlar
Eldar Həsənov
Eldar Həsənov
sifarişlidir:

«Aydın görünür ki, bu məsələdə erməni lobbisi çox aktiv fəaliyyət göstərir. Çalışırlar ki, beynəlxalq təşkilatlarda bu və ya digər şəkildə hansısa qərarlar, qətnamələr qəbul etdirsinlər. Lakin bu qərarlar, bəyanatlar vəziyyətə təsir göstərə bilməz. O təşkilatlar öz qətnamələri ilə təsir etmək gücündədirlərsə, status-kvo vəziyyətinə təsir etsinlər, sülh prosesini sürətləndirsinlər. Ramil Səfərovun bu cür əfvi Azərbaycanın milli ruhuna, vətənpərvərliyinə, cəsarətli və müstəqil xarici siyasətinə xidmət edən bir əməldir».

Eldar Həsənov Azərbaycan diplomatlarına qarşı terror ehtimallarının olması barədə səslənən fikirlərə də münasibət bildirib. O deyib ki, ASALA-nın atacağı istənilən addım Azərbaycan tərəfdən cavabsız qalmayacaq:

«Azərbaycan hüquq çərçivəsində və müvafiq təcrübəsinə əsasən onların cavabını verəcək».

Səfir ümid edir ki, bütün bu yaşananlar beynəlxalq birliyi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə yanaşmada müəyyən korrektlərə sövq edəcək:

«BMT-nin, Avropa Birliyinin, NATO-nun, İslam Konfransı Təşkilatının, hətta son dövrlər yaradılmış Qoşulmayanlar Hərəkatının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərarları, qətnamələri, sənədləri də bunu tələb edir».

Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov
SƏFİRLƏRİN ÇIXARDIĞI NƏTİCƏ

Azərbaycanın Estoniyadakı səfiri, keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov isə bildirir ki, onlar bu hadisədən istifadə edərək diqqəti Azərbaycan torpaqlarının işğal altında olduğuna yönəltməyə çalışıblar. Ermənistandan səslənən təhdidlərlə gəlincə, Zülfüqarov deyir ki, Estoniya tərəfi Azərbaycan səfirliyinin və diplomatlarının təhlükəsizliyinin təminatını gücləndirmək barədə qərar qəbul edib:

«Bu hadisə ilə bağlı müxtəlif mənbələrdən gələn bəyanatlar bir-birindən çox fərqlənirdi. Həm obyektiv, həm də qeyri-obyektiv bəyanatlar səslənir. Mən hesab edirəm ki, biz öz işimizi daha da fəal qurmalıyıq. Beynəlxalq ictimaiyyətə və müxtəlif qurumlara öz mövqeyimizi çatdırmalıyıq. Bildirməliyik ki, bu və digər məsələlərin əsasında Ermənistan-Azərbaycan konflikti dayanır».

Azərbaycan ordusunun zabiti Ramil Səfərov 2004-cü ildə Budapeştdə keçirilən hərbi kurs zamanı erməni zabit Gurgen Margaryan'ı öldürdüyü üçün bu ölkədə ömürlük həbsə məhkum edilmişdi.

2012-ci il avqustun 31-də Ramil Səfərov Azərbaycana təhvil verilib, elə həmin gün də Prezident İlham Əliyevin sərəncamı ilə əfv olunaraq azadlığa buraxılıb.

Birləşmiş Ştatlar, Avropa Birliyi, Avropa Parlamenti, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə vasitəçilik edən ATƏT-in Minsk Qrupu onun əfv olunmasından narahatlığını bildirib.
XS
SM
MD
LG