Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:28

Quba sakini: «6 şüşəyə görə 7 aydır həbsdəyəm»


Quba, 1 mart 2012
Quba, 1 mart 2012
-
Sentyabrın 17-də bu il martın 1-də Qubada baş vermiş iğtişaşlarla bağlı 8 və 9 nəfərdən ibarət qrupların məhkəməsi davam edib. Quba rayon Məhkəməsində keçirilən hər iki prosesdə şahid ifadələri dinlənilib.

8 nəfərin məhkəməsində sahə müvəkkili Ramiz Abışov deyib ki, hadisə günü o, təqsirləndirilən Samir Xasməmmədovu qonaq evini yandıran yerdə görüb. Təqsirləndirilən şəxs isə ittihamı qəbul etməyib.

6 ŞÜŞƏYƏ GÖRƏ 7 AY HƏBSDƏ

Jurnalist Cəmil Məmmədli AzadlıqRadiosuna deyir ki, hər iki prosesdə eyni şahidlərin ifadələri dinlənilib. 9 nəfərlik qrupun işində də sahə müvəkkili Ramiz Abışov ifadə verib. Ancaq o, təqsirləndirilənləri tanımadığını deyib.

Təqsirləndirilən Xəyyam Yunusov da digərləri kimi iğtişaşlarda iştirak etmədiyini deyib. Bildirib ki, həmin gün o, keçmiş icra başçısı Rauf Həbibovun evindən 6 şüşə spirtli içki götürüb. Həmin şüşələri evin həyətində sındırıb: «6 şüşəyə görə 7 aydır həbsdəyəm».

Hər iki prosesdə ittiham olunanlar əmlakı qəsdən məhvetmə, ictimai qaydanı pozma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqetmə maddələri ilə ittiham olunurlar. Hər iki qrupun məhkəməsi oktyabrın 2-də davam edəcək.

ƏLİNİ QALDIRIB, KAMERAYA DÜŞÜB

Məhkəmə prosesini izləyən Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin nümayəndəsi Aftandil Məmmədli deyir ki, bütün təqsirləndirilənlərə eyni maddə ilə ittiham irəli sürülüb:

«Bütün təqsirləndirilənlərin polisə müqavimət göstərməsi, ev yandırdığı bildirilir, ancaq çoxu özlərini günahkar bilmirlər. Hamısı eyni işi görə bilməz. Təqsirləndirilənlərdən Səxavət adlı biri dedi ki, həmin gün görüb yol bağlıdır, o, da müşahidəyə gəlib. Necə olubsa, əlini qaldırıb, onda kameraya düşüb. İndi o, 4 maddə ilə ittiham olunur. Zərərçəkən polislərin ifadələrində isə ziddiyyətlər var. Məsələn, polislərdən biri istintaqda deyib ki, icra aparatının inzibati binasının qarşısında xəsarət alıb.
Əshabəli Mustafayev
Əshabəli Mustafayev
Məhkəmədə dedi ki, Rauf Həbibovun evi qarşısında xəsarət almışam».

Prosesdə Rauf Həbibovun məhkəmədə iştirakına dair vəsatət qaldırılsa da, təmin olunmayıb

İNSANLARI AKSİYALARDAN ÇƏKİNDİRMƏK

Quba hadisələri ilə bağlı həbs olunan daha 7 nəfərin istintaqı yekunlaşıb. Yaxın günlərdə onların da məhkəməsi başlayacaq. Həmin qrupda olan Akif Əliyevin vəkili Əshabəli Mustafayev deyir ki, bu, siyasi işdir:

«Hamıya eyni ittihamlar irəli sürülüb. Orada olmağa görə hamısını həbs etmək olmaz ki. Bu, onu göstərir ki, istintaq hər biri haqqında sübut və faktların toplanmasına səy göstərməyib. İstintaq ehtimalı ilə kifayətlənərək hamıya eyni ittiham irəli sürüblər. Əslində bu, insanları bu cür etiraz aksiyalarından çəkindirmək üçündür. Bununla xof, qorxu yaradılır. Burada hüquqi məsələ yoxdur. Ancaq siyasi məsələ var».

Quba, 1 mart 2012
Quba, 1 mart 2012
«HƏLƏ SÜBUTLARA QİYMƏT VERİLMƏYİB»

Məhkəməsi davam edən qruplarda vəkillərdən biri vəkil Rauf Kazımov isə deyir ki, Quba işi qanunvericiliyə uyğun keçirilir:

«Məhkəmə istintaqı gedir, tərəflər dindirilir. Şahidlər, zərərçəkənlər ifadələr verir. Məhkəmə Prosessual Məcəlləyə uyğun aparılır. Hələ sübutlara qiymət verilməyib, ona görə indidən nəsə demək olmur. Çatışmazlıqlar, nöqsanları öz çıxışlarımızda qeyd edəcəyik».

Quba hadisələri ilə əlaqədar 30 nəfər məsuliyyətə cəlb edilib. Onlardan 12-si həbs edilib, 18 nəfər barəsində başqa yerə getməməklə bağlı iltizam alınıb.

İndiyə qədər 17 nəfər məhkəmə qarşısına çıxarılıb. İttiham təsdiqlənərsə, həmin şəxslər 3 ildən 7 ilə qədər azadlıqdan məhrum edilə bilərlər.

Bu il martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Aksiya zamanı icra hakimiyyətinin yardımçı binaları, icra başçısının şəxsi evi yandırılıb.

Martın 2-də prezident İlham Əliyev Rauf Həbibovu vəzifəsindən azad edib.
XS
SM
MD
LG