Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:20

Ermənistanda məmurlar maaşın hesabına yaşayırlar, yoxsa rüşvətin?


Ermənistan parlamenti
Ermənistan parlamenti
Ermənistanın prezidenti ayda təxminən min dollar maaş alır. Baş nazir 850 dollara yaxın, parlament üzvləri vergi xaric ayda 600 dollar əməkhaqqı alırlar. Ermənistan parlamentində müxalifətdən olan millət vəkili Lyudmila Sarqisyan deyir ki, eyni məbləğdə olan maaş müxalif və hakim partiyadan olan millət vəkilləri üçün tamamilə fərqli məna kəsb edir:

«Respublika və ya digər aparıcı hakim partiyadan olan millət vəkilləri nəyə görə bu maaşdan razıdırlar? Çünki onların bu maaşa ehtiyacı yoxdur, əlavə gəlirləri var. Onlardan fərqli olaraq müxalif partiyadan olan deputatları bu maaş qane edə bilməz, çünki biz bu maaşa yaşayırıq, yeganə gəlirimizdir. Amma biz xalqımızın necə yaşadığını nəzərə alaraq bu məsələni qaldırmırıq. Xalqın çox ağır sosial vəziyyətini nəzərə alanda deputatların maaşı sadəcə yaşamaq üçün olan maaşdan bir addım irəlidir».

«MİLLƏT VƏKİLİNİN MAAŞI NORMAL YAŞAMAĞA BƏS ETMİR»

Aparıcı Respublika partiyasından olan millət vəkili Ovanes Saakyan deyir ki, həqiqətən də təkcə maaşı hesabına yaşamır, həm də ailə üzvlərinin qazancı var:

«Əgər ailədə təkcə sən işləmirsənsə, ailənin digər üzvləri də işləyirsə, məsələn, mənim ailəmdə olduğu kimi, bizdə həm də qardaşlarım, atam və anam işləyirlər, belə olan halda sən normal yaşaya bilirsən. Amma millət vəkillərinin maaşı normal yaşamağa bəs etmir».

Sirr deyil ki, hakim partiyadan olan millət vəkillərinin ciddi biznesləri var və bunun hesabına yaşayırlar. Bu barədə Ovanes Saakyan deyir ki:

«Hakim partiyadan olan heç də bütün deputatların biznesi yoxdur, kimin varsa da, son dəyişiklikdən sonra bizneslərini etibarlı əllərə təslim etdilər. Əlbəttə ki belə olan halda da onlara müəyyən gəlir gəlir, amma biznes özlərinə yox, ailələrinə məxsus olur».

BİZNES YOX, RÜŞVƏT!

Arxiv foto
Arxiv foto
İqtisadçı ekspert Ara Qaloyan isə əmindir ki, əksər məmurlar milyonları heç də biznes hesabına deyil, rüşvət və vəzifələrindən sui-istifadə etmək yolu ilə əldə edirlər:

«Əksər məmurlarımız, oliqarxları nəzərdə tutmuram, məhz məmurlarımız sadəcə görüntü yaradırlar ki, guya biznesləri var, amma əslində öz vəzifələri hesabına varlanırlar. Mağaza və ya kafelərinin olmasından isə ona görə danışırlar ki, gəlirləri rüşvətlə yox, məhz buradan əldə etdiklərinə inandıra bilsinlər. Amma mən əminəm ki, məmurların 90 faiz gəlirləri onların vəzifələrindən sui-istifadə etmələri sayəsində əldə olunur».

Ara Qaloyana görə, əksər yüksək vəzifəli şəxslər üçün rəsmi maaşlarının nə qədər olması əhəmiyyətli deyil, hətta bu məbləğ çox yüksək olsa belə, bu onların rüşvət almasının, öz vəzifələrindən sui-istifadə etmələrinin qarşısını almayacaq:

«Bir neçə il bundan əvvəl hökumət xüsusilə də məhkəmə sistemində korrupsiyanın qarşısını almaq məqsədilə hüquqşünasların maaşlarını artırdı. Nəticədə bu gün onlar ölkə başçısından daha yüksək maaş alırlar, amma heç bir mütəxəssis deyə bilməz ki, məhkəmə sistemində korrupsiya heç olmazsa az da olsa dəyişib».

SADƏ VƏTƏNDAŞLAR NƏ DEYİR?

Sadə vətəndaşlara gəlincə isə, Ermənistanda orta aylıq əməkhaqqı 300 dollardır. Milli Statistika Xidmətinin əməkdaşı Lyusin Kalantaryan müxtəlif sferalarda əməkhaqqını müqayisə edir:

«Ermənistanda ən yüksək maaşı maliyyə və sığorta sferasında işləyənlər alır – orta hesabla 700 dollar. Daha sonra rabitə sahəsində işləyən gəlir, orta hesabla 650 dollar qazanırlar. Ən aşağı maaşı isə mədəniyyət, əyləncə və istirahət sahəsində çalışanlar alırlar, onların aylıq gəliri orta hesabla 170 dollardır. Onu da demək istərdim ki, tibb və təhsil sahəsində işləyənlərin də maaşları aşağıdır. Hökumətin bütün səylərinə baxmayaraq, ölkədəki vəziyyəti nəzərə alsaq onların maaşı aşağı olaraq qalır. Şəhərdə və kəndlərdə çalışanlar arasında da maaş fərqi var. Kəndlərlə müqayisədə şəhərdə çalışanlar daha yüksək maaş alırlar. İş yerlərinin sayı da şəhərdə, xüsusən paytaxtın özündə daha çoxdur».
XS
SM
MD
LG