Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:35

Misir Mərdanovun yeni dərs ili mesajları


Foto: Arxiv
Foto: Arxiv
-
«Uşaq orta məktəbin son iki ilini repetitor yanına getməsəydi, ali məktəbə qəbul olmazdı».

Bunu AzadlıqRadiosuna bu il iki övladı ali məktəbə imtahan vermiş Bəsirə Məmmədova bildirir. Deyir xüsusilə 11-ci siniflərdə uşaqları məktəbə formal olaraq gediblər. Əsas diqqət repetitorlara verilib. Bütün maddi çətinliklərə baxmayaraq, əlindən gələni edib ki, dövlətin verə bilmədiyi təhsili öz dolanışığından kəsməklə uşaqları əldə etsin:

«Uşaqları repetitor yanına göndərməyin nəticəsi o oldu ki, oğlum ali məktəbə qəbul olundu. Amma qızım qəbul oluna bilmədi. Bunun da bir səbəbi o oldu ki, repetitorların da heç də hamısı yaxşı dərs keçmirlər. Amma orta məktəbdə yaxşı dərs versəydilər, mənim uşaqlarım orada aldıqları təhsilə repetitorlardan öyrəndiklərini də əlavə edib bəlkə test imtahanında daha yaxşı nəticə əldə edərdilər».

Valideyn müşahidələrinə əsaslanıb deyir ki, yaşlı repetitorlar cavanlarla müqayisədə şagirdlərə daha yaxşı bilik verirlər. Amma bu amilin özü də uşaqların onlardan dərs almasına müəyyən problem yaradır. Belə ki, yaşlı müəllimlər yaxşı öyrətdikləri üçün onların şagirdləri çox olur. Vaxtı bir neçə qrupun arasında bölmək üçün az dərs deyirlər. Cavan müəllimlər yaxşı bilmədikləri üçün bəzən uşaqları yola verməyə çalışırlar.

REPETİTORLUQ NORMALDIR, AMMA...

Təhsil naziri Misir Mərdanov isə sentyabrın 10-da Bakının təhsil işçilərinin konfransında deyib ki, şagirdlərin bir məktəbdən digərinə köçürülməsinin qarşısını almaq üçün növbəti dərs ilində ciddi addımlar atılmalıdır. (apa).

Nazirin deməsinə görə, bu il orta məktəblərin birinci sinfinə gedən şagirdlərin sayının 5000-dən çox artacağı proqnozlaşdırıldığı halda, 10-11-ci siniflərlə bağlı bunu söyləmək mümkün deyil. O bildirib ki, 10-11-ci siniflərdə bir çox valideynlər guya uşağının məktəbini dəyişmək bəhanəsi ilə onları məktəbdən çıxardaraq repetitorlarla hazırlaşdırır.

Misir Mərdanov
Misir Mərdanov
Ümumən repetitorluğun olmasını normal hal sayan Misir Mərdanov onu da qeyd edir ki, repetitorluq təhsilin keyfiyyətinə təsir göstərməməlidir. Halbuki, Azərbaycanda bu iş məktəbin, müəllimin, bütövlükdə təhsilin nüfuzuna xələl gətirir:

«Artıq əhalidə də belə bir fikir formalaşıb ki, repetitor yanına getməyən adam nüfuzlu təhsilə malik ola bilməz».

YAŞI 65-DƏN YUXARI MÜƏLLİMLƏRİN İŞDƏN ÇIXARILMASI

Jurnalistlərə açıqlamasında nazir onu da deyib ki, ötən tədris ilindən başlayaraq yaşı 65-dən çox olan müəllim və məktəb direktorlarının əksəriyyəti işdən azad edilib. Onun dediyinə görə, qanunvericilik bu məsələdə yaşı 65-dən çox olan işçilərin 2 faizinin əmək fəaliyyətini davam etdirməsinə icazə verir. Bunda əsas məqsəd yaşı 65-ə çatanları işdən azad etmək deyil, onların arasından Azərbaycan təhsilinə məsuliyyətlə və ləyaqətlə yanaşanları seçib işdə saxlamaqdır.

Yaşı 65-i keçmiş müəllimlərlə söhbətdən isə bəlli olur ki, onların bir qismi işdən çıxmaq istəməsələr də, buna etiraz etməməyə də səbəbləri az deyil. Adının çəkilməsini istəməyən 67 yaşlı müəllimə deyir ki, onu artıq işdən çıxardıblar. Amma ailə üzvlərindən iki nəfər həmin məktəbdə dərs dediyi üçün mübahisə açmaq istəməyib. Başqa bir yaşlı müəllimə isə deyir ki, onu işdə saxlayırlar. Sadəcə bu ilə dərs saatı verməyiblər.

40-50 İLİN ƏNƏNƏSİ
Firudin Cəlilov
Firudin Cəlilov

Misir Mərdanovun dediklərinə münasibət bildirən Azərbaycanın keçmiş Təhsil naziri Firudin Cəlilovun fikrincə isə, məktəblərdə tədrisin ürəkaçan vəziyyətdə olmaması ölkənin təhsil sistemində illərlə yığılıb qalmış problemlərin nəticəsidir:

«Azərbaycanda təhsilin problemlərini həll etmək o qədər də asan deyil. Bu illərlə formalaşmış sistemdir. Burada əmrlə, qadağa ilə nəyinsə qarşısını almaq da mümkün deyil. Sadəcə, orta məktəblərdə tədris proqramlarını 21-ci əsrin tələblərinə uyğunlaşdırmaq lazımdır. Bunun üçünsə inkişaf etmiş, aparıcı ölkələrin təcrübəsindən bəhrələnmək lazımdır. Bizim tədris proqramlarımız 40-50 il əvvəlki ənənə ilə davam edir. İslahatlara getməyəndə, şərait özü tələb edir ki, valideynlər daha münasib yol tapsınlar. Beləliklə də uşaqlar orta məktəbdə tapa bilmədiklərini gedib başqa yerlərdə axtarırlar».

MÜƏLLİMİ MƏMUR SEÇMƏMƏLİDİR

65 yaşdan yuxarı müəllimlərin yalnız 2 faizinin işdə saxlanılması ilə qalanlarının kənarlaşdırılmasına gəlincə, Firudin Cəlilov hesab edir ki, bu məsələdə hər kəsə fərdi yanaşma olmalıdır. Çünki bəzən 70 yaşda elə müəllimlər olur ki, onlar 50 yaşlı həmkarları ilə müqayisədə daha işə yararlı vəziyyətdə olurlar:

«Müəllimlərin seçimini məmurlar yox, valideynlər, şagirdlər etməlidir. Onlar seçməlidirlər ki, hansı müəllim qalıb dərs deməlidir. Sistemi belə qurmaq lazımdır».

Firudin Cəlilov deyir ki, Azərbaycan cəmiyyətini korrupsioner sistem idarə edir, bütün sahələri arxasınca apararaq öz mahiyyətinə uyğunlaşdırır. Ona görə də, səhiyyədə, yol tikintisində və digər sahələrdə də vəziyyət təhsildəki kimidir. O hesab edir ki, bu səbəbdən də yalnız təhsili düzəltməyə çalışmaqla heç nəyə nail olunmayacaq. Nəyəsə nail olunması üçün təhsillə yanaşı, səhiyyə və digər sahələrdə kompleks tədbirlər həyata keçirilməli, islahatlar aparılmalıdır.
XS
SM
MD
LG