Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:33

Əbülfəz Elçibəyin oğlu: «Zəhərlənmə ehtimalı o vaxtdan var idi»


Ərturqut Əliyev
Ərturqut Əliyev
-
Eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev AzadlıqRadiosuna danışıb.

Ərturqut Əliyevin 25 yaşı var. Kooperasiya Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib. İşsizdir.

Bu il qəbul edilən və artıq qüvvədə olan «Eks-prezidentlər haqqında» qanuna əsasən, mərhum Elçibəyin xanımı müavinət almalı idi. Amma Ərturqut Əliyev deyir ki, 3 aydır qanunun tətbiqinə başlansa da, onlar qanuni haqlarını ala bilməyiblər. Bunun səbəbi ilə maraqlanmayıblar da. Elə buna məsul qurumlar da zəhmət çəkib onlara izahat verməyiblər.

«QANUNU ONLAR VERİBLƏRSƏ, ONLAR DA İCRA ETMƏLİDİRLƏR...»

- Siz özünüz və ya ananız işləyirmi?

- Xeyr.

- Belə çıxır ki, bu pula ehtiyacınız var.

- Bəli.

- Bəs necə dolanırsız?

- Belə dolanırıq, Allahın köməyi ilə...

- Bəs həmin müavinəti almaq üçün harasa müraciət edəcəksizmi?

- Xeyr. Çətin ki. Qanunu onlar veriblərsə, onlar da icra etməlidirlər. Başa düşərlərsə, özləri etməlidirlər. Mənim deməyim lazım deyil ki. Onlar addım atmalıdır, mən yox.

«ATAMIN EVİ VAR BURDA... AMMA... BURDA YAŞAMAĞA İMKAN YOXDUR»

- Eks-prezidentlərlə bağlı qanun layihəsi təzə gündəmə gələndə, Aqil Səmədbəyli (Əbülfəz Elçibəyin kürəkəni - Ş.B) dedi ki, Azərbaycanı tərk etmək istəyən Elçibəy ailəsinə müraciət olunub. Onlara təklif edilib ki, Azərbaycanda qalsınlar və ailəyə hər cür şərait yaradılacaq. Belə bir təklif gəlmişdimi?

- Bəli, belə təklif olmuşdu. Onda mən Ankarada təhsil alırdım. Belə fikrim vardı ki, anamı-bacımı götürüm gedim Türkiyəyə. Sonra burdan dedilər ki, Elçibəyə eks-prezident statusu veriləcək, getmək lazım deyil. Ondan sonra qaldıq. Gözləyirik hələlik.

- Kim müraciət etmişdi sizə? Prezident Administrasiyasından, yoxsa Nazirlər Kabinetindən?

- Bilmirəm. Mən burda deyildim. Aqil bəyə demişdilər. O zəng vurdu ki, getmək lazım deyil.

- Amma bu gün Aqil Səmədbəyli ailəsi ilə Türkiyədə yaşayır. Yaxın yarım ildə, 1 ildə həmin müavinəti verməsələr, sizin də Azərbaycanı tərk etmək fikriniz varmı?

- Bəli. Olmasa, gedəcəyəm. Sözsüz, aradabir gələcəyəm. Atamın evi var burda. Amma yaşamağa yəqin Türkiyədə yaşayacağam. Burda yaşamağa imkan yoxdur.

- Ərturqut bəy, iş tapmaq çətindirmi Azərbaycanda?

- Dövlət işində çətindir. Mənə çox yerdə dövlət işində işləməyə imkan yoxdur. İşləsəm də özəl şirkətdə mümkündür.

- Yəni deyirsiz ki, Sizə dövlət qurumlarında işləməyə imkan verməzlər?

Əbülfəz Elçibəy
Əbülfəz Elçibəy
- Bir dəfə dövlət işində işləməyə cəhd etdim. Alınmadı.

«BİRİNƏ VERİLİB, BİRİNƏ VERİLMƏMƏSİ AYRI-SEÇKİLİKDİR»

- Bəs sizin ailəyə eks-prezidentin ailəsi kimi müavinət verilməməsinə necə baxırsız? Artıq qanun eks-prezident Ayaz Mütəllibova şamil olunur.

- Məncə, bu, ayrı-seçkilikdir. Bu 3 ay içində icra olunursa, Mütəllibova verilirsə, Elçibəyin ailəsinə də verilməlidir. Hər ikisinə eyni vaxtda verilməlidir. Birinə verilib, birinə verilməməsi, məncə, ayrı-seçkilikdir.

- Sizcə, bu, nədən qaynaqlanır?

- Heç özüm də bilmirəm. Mənə çatmır.

«BU MƏSƏLƏNİ AÇMAQ İSTƏYİRDİLƏRSƏ, 12 İL ƏVVƏL - ELÇİBƏY RƏHMƏTƏ GEDƏNDƏ ETMƏLİYDİLƏR»

- Bir də, Əbülfəz bəyin zəhərlənməsi ilə bağlı cinayət işi qaldırılıb. Neçə ildən sonra bu işin qaldırılmasına Siz necə baxırsız?

- Bu məsələni açmaq istəyirdilərsə, əvvəldən, 12 il əvvəl - Əbülfəz Elçibəy rəhmətə gedəndə etməliydilər. O vaxt etməyiblərsə, 12 il sonra bunu qaldırmaq mənasızdır. Mən istəmirəm ki, mənim atamın qəbri 12 il sonra açılsın.

- Siz buna icazə verməyəksiz?

- Xeyr.

- Amma həqiqətin üzə çıxması üçün bu lazımdırmı?

- Lazım deyil, məncə...

«ZƏHƏRLƏNMƏ EHTİMALI O ZAMAN DA VARIYDI»

- Siz dediniz ki, araşdırmanı 12 il öncə apara bilərdilər. O zaman belə bir ehtimalı varıydımı?

- Varıydı. Ehtimal çox idi. Amma heç kim üstünə düşmürdü. Belə deyim də, dövləti düşündürmürdü ki, Elçibəyi zəhərləyə bilərlər, ya öz əcəli ilə ölüb? Onun üçün 12 ildən sonra qəbri açmağın yeri yoxdur.

- Bu ehtimalı kim səsləndirirdi?

Əbülfəz Elçibəy Tərtərdə, avqust 1992
Əbülfəz Elçibəy Tərtərdə, avqust 1992
- Bəyin Türkiyədən olan həkimləri.

- Amma həkimi deyib ki, belə bir şey görmədik.

- Atamın bir yaxın həkim dostu vardı Türkiyədə. Atamın həkimi olmayıb düzdür, amma belə dəyərləndirirdi.

- O həkim nəyə əsaslanıb belə deyirdi? Əlində hansısa analizlərin nəticəsi var idi?

- Bilmirəm. Heç özüm də soruşmamışam.

- Sizcə, kimlər onu zəhərləyə bilərdi?

- Ehtimalım yoxdur.

- İndi AXCP sədri Əli Kərimlinin adı hallanır. Bu ehtimala necə baxırsız?

- (Susur) İnanmıram. Atamın silahdaşı elə bir iş görməz məncə.

«İNANMIRAM Kİ, KİMSƏ ELÇİBƏY OLAR...»

- Bir çox müxalifət liderlərinin övladları sonradan atalarının yolunu davam etdirirlər? Belə bir addım atmaq fikriniz varmı yoxsa siyasətdən kənar qalacaqsız?

- Yox, siyasətdən kənar qalmağı seçirəm. İnanmıram ki, kimsə Elçibəy kimi ola bilər. Oğlu da olsam, bilirəm ki, heç kim onun kimi ola bilməyəcək burda.

- Ümumiyyətlə, indiki hakimiyyətə Sizin baxışınız necədir?

- Yox, bu haqda danışmaq istəmirəm.
XS
SM
MD
LG