Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:25

«Uşağımı hərbi hissədə öldürüb, daxili orqanlarını çıxardıblar»


İradə Məmmədova
İradə Məmmədova
Biləsuvarda məskunlaşmış Cəbrayıl köçkünü İradə Məmmədova «Qaynar xətt»ə övladının hərbi hissədə işgəncə ilə qətlə yetirildiyini və ölüm hadisəsinin intihar kimi qələmə verildiyini deyib:

«4 ay tamam deyildi əsgər aparılmışdı. Pulumuz yox idi 4 ayda bir dəfə Naxçıvana yanına getməyə. Qardaşına zəng edirmiş, deyirmiş burda məni incidirlər, qardaşı da deyirmiş ki, biz də əsgər olmuşuq, əsgərlikdə belə şeylər olur, döz. Ölümündən bir neçə gün əvvəl yenə zəng edib, yenə şikayət edib, qardaşı yenə onu sakitləşdirib, bizə də heç nə deməyib ki, narahat olarıq. Uşağın meyiti gələndən sonra bilmişik bunu».

İradə Məmmədova danışır ki, oğlu İsmayıl İbayev 4 ay əvvəl hərbi xidmətə çağırılıb. İyulun 31-də isə bir nəfər ona zəng vuraraq əsgərin meyiti ilə kəndə yaxınlaşdığını deyib:

«Meyit yolda, ancaq bizə söz deyən yoxdur. Heç zəng vurub xəbərdarlıq da etməyiblər. Kəndə çathaçatda zəng vurublar ki, meyiti gətiririk. Adam necə olar? Bir əsgər idi, bir də maşını sürən sürücü, vəssalam. Meyiti, bir də onlara verilmiş bizə çatacaq kağızı atıb qaçdılar. Basdırandan sonra həmin əsgər yenə gəldi. Dedik bu uşağı kim vurub, nə səbəbə? Dedi, o kağızda yazılanlardan başqa heç nə bilmirəm».

«UŞAĞIMIN BƏDƏNİNİ SİQARETLƏ KÖZLƏYİBLƏR»

Əsgərin «kağız» dediyi ölüm haqqında şəhadətnamədir. Orada yazılıb ki, İsmayıl İbayevin ölümünə səbəb kəlləni dəlib keçən odlu silahdan bir ədəd güllə yaralanmasıdır. Ancaq ana kağızda yazılanlarla razılaşmır:

«Bir gülləlik deyil, mənim uşağımın bədənini siqaretlə közləyiblər. işgəncə veriblər. Daxili orqanlarını çıxarıblar».

Əsgər anasının sözlərinə görə, ona nəinki oğlunun ölümünün səbəblərindən danışan yoxdur, heç bircə dəfə nə hərbi hissədən, nə də Müdafiə Nazirliyindən zəng vurub «keçmiş olsun» deyən də olmayıb:

«Qalmışıq Bakının ortasında, bizi bir adam qəbul eləmir. Bu necə ölkədir, bu qədər dərəbəyilik olar? Prezident Aparatına, Heydər Əliyev Fonduna, Respublika Hərbi Prokurorluğuna getmişik. O göndərir bunun üstünə, bu göndərir onun üstünə. Uşağımın ölüsünü açdım, az qaldım havalanam. Deyirlər özünü güllə ilə vurub, ancaq meyitin üstündə o qədər xəsarət vardı ki. Hamısını çəkdik. Çəkməyimizdən nə fayda? Kimdir o şəkillərə baxan? Hansı qapıya gediriksə, deyirəm, uşağımın meyitinin şəkillərinə baxın, görün üstündə nə qədər işgəncə izi var. Bunlara görə kim cavab verəcək. Ordan da göndərirlər başqa qapıya. Bu da bunların Azərbaycan əsgərinin ölüsünə və ailəsinə göstərdikləri münasibət».

RƏSMİ MƏLUMAT

Arxiv foto
Arxiv foto
Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb ki, Milli Ordunun əsgəri, 19 yaşlı İsmayıl Rafiq oğlu İbayev xidməti silahla başından atəş açaraq özünü öldürüb və əsgərin ölümü ilə bağlı araşdırma aparılır.

Hərbi Prokurorluğun mətbuat xidməti isə əsgər valideyninin dediklərinə rəsmi cavab göndərib:

«Naxçıvanda «N» saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olmuş əsgər İsmayıl Rafiq oğlu İbayev 31 iyul 2012-ci il tarixdə qarovul xidmətində olarkən xidməti istifadəsində olan avtomat silahdan özünün alın nahiyəsinə atəş açaraq xəsarət yetirmiş və «başın alın nahiyəsindən sıyrılıb ənsə nahiyəsindən çıxan odlu silah, güllə yaralanması» diaqnozu ilə hərbi hospitala yerləşdirilmişdir. Aparılmış müalicə tədbirlərinə baxmayaraq həmin gün əsgər İsmayıl İbayev almış olduğu güllə yarasından vəfat etmişdir. Qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə-tibbi ekspertlərin iştirakı ilə hərbi prokurorluğun əməkdaşları tərəfindən mərhum İsmayıl İbayevin meyitinin xarici və daxili müayinəsi keçirilmiş, müvafiq ekspertizaların aparılması üçün hərbi tibbi ekspert tərəfindən nümunələr götürülmüşdür.

Əsgər İsmayıl İbayevin ölməsi faktına görə 31 iyul 2012-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Hərbi prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.

İSTİNTAQ DAVAM EDİR

Hal-hazırda baş vermiş hadisənin bütün hallarının tam, hərtərəfli araşdırılması istiqamətində zəruri istintaq hərəkətlərinin icrası davam etdirilir».

Respublika Hərbi prokurorluğunun Mətbuat xidməti əlavə olaraq bildirir ki, Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin rəisi meyitin müayinəsi zamanı qanunvericiliyin tələblərinə müvafiq olaraq həyata keçirilən tədbirlər barədə kütləvi-informasiya vasitələrinə kifayət qədər ətraflı məlumat versə də, əsgərlərin daxili orqanlarının çıxarılıb satılması barədə həqiqətə uyğun olmayan yazılar hələ də bəzi informasiya vasitələrində bilərəkdən və ya bilməyərəkdən çap edilir.

Respublika Hərbi prokurorluğu bir daha bildirir ki, kütləvi informasiya vasitələrində reallığı əks etdirməyən bu cür məlumatların dərc edilməsi yolverilməzdir».
XS
SM
MD
LG