Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:27

Zərdab polisində ölən şəxsin videosu yayılıb


Arzu Hüseynovun YouTube-da yayılan görüntüsü
Arzu Hüseynovun YouTube-da yayılan görüntüsü
-
Zərdab polisində bu günlərdə ölən Arzu Hüseynovun YouTube sosial şəbəkəsində görüntüləri yayılıb. Görüntülərdə onun boynunda, qollarında və başında xəsarət izləri göstərilir. [VİDEO]

ÖZ ƏCƏLİ İLƏ ÖLƏN ADAMIN BOYNUNDA İZLƏR OLUR?

Avqustun 21-də Zərdab rayon Polis şöbəsinin müvəqqəti saxlanma təcridxanasında saxlanılan Arzu Yusif oğlu Hüseynov vəfat edib. Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinin ilkin rəyinə görə, məhbus ürək-damar çatışmazlığından ölüb.

Mərhumun atası Yusif Hüseynov isə bildirir ki, oğlunun səhhətində heç bir problem olmayıb. O, oğlunun döyülərək öldürüldüyünü iddia edir:

«Ürəkdən ölən adamın belində, ürəyinin üstündə qaraltı olar. Bunun boynunda, qollarında, burnu üzərində işgəncə izləri var. Öz əcəli ilə ölən adamın boynunda niyə şırım izləri var? Demək, bu öz əcəli ilə yox, işgəncə ilə döyülərək öldürülüb».

Yusif Hüseynov hadisənin araşdırılması üçün prokurorluq orqanlarına müraciət edib.

TƏCRİDXANAYA GƏTİRİLƏRKƏN BƏDƏNİNDƏ İZLƏR OLUB

Arzu Hüseynov avqustun 17-də soyğunçuluqda şübhəli bilinib. Kürdəmir rayon Məhkəməsi onu soyğunçuluqda təqsirli bilərək barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib.

O, Zərdab rayon Polis Şöbəsinin müvəqqəti saxlanma təcridxanasına göndərilib. Ölüm hadisəsi də 2 gündən sonra Zərdab polisində qeydə alınıb.

Zərdab rayon Polis Şöbəsinin rəisi Elnur Həsənov deyir ki, məhbus təcridxanaya gətirilərkən onun bədənində gözlə görünən xəsarət izləri olub:

«Bizim müvəqqəti saxlanma təcridxanasına qəbul olunarkən hər bir məhbus tibbi müayinədən keçir. Bu məhbus da qeydiyyatdan keçirilərkən bizim həkimlər onun boynunda və qollarında gözlə görünən, göyümtül 1-2 sm-lik xəsarət izləri müəyyənləşdiriblər».

«PULUN 70 MANATINI QAYTARIB, QALIB 20 MANATI»

Kürdəmir rayon Polisinin ictimai təhlükəsizlik bölməsinin rəisi Fikrət İmanov da Arzu Hüseynovun polisdə döyüldüyünü inkar edir:

«Vətəndaş 102-yə zəng edir ki, bankomatdan pulu alanda bir nəfər tanımadığı şəxs onun 90 manatını götürüb qaçıb, özünə də xəsarət yetirib. Halbuki onlar qonşudurlar. Əməliyyat qrupu hadisə yerinə gedir, zərərçəkən deyir ki, Arzu Hüseynov onun 70 manatını qaytarıb, 20 manatını isə aparıb. Sonra da bu adam (Arzu Hüseynov) özü polisə gəlir, qardaşının yanında öz dili ilə etiraf edir ki, «bəli, pulu mən götürmüşəm». Cibindən də 20 manatı çıxarıb göstərir. Özü öz dili ilə deyirsə ki, bunu mən etmişəm, onu ya istintaqda, ya tədqiqatda, əməliyyatçı niyə döyməlidir?».

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə AzadlıqRadiosuna bu məsələdən şou düzəltməməyi tövsiyə edir:
Foto: Arxiv
Foto: Arxiv

«Yaxınlarını, əzizlərini itiriblər, indi ona görə də bu itkiylə bağlı müxtəlif şayiələr, fərziyyələr yaradıblar. Amma rəsmi sənədlər, həkim rəyləri onu deməyə əsas verir ki, bu adam öz əcəli ilə vəfat edib. İndi bu ölüm ətrafında şou yaratmaq yaxşı deyil. Bu adam öz əcəli ilə, xəstəliyindən ölüb. Amma buna baxmayaraq, bizdə araşdırmalar aparılır».

DAXİLİ TƏHQİQAT OLMALIDIR

Keçmiş polis rəisi Mahmud Hacıyev isə deyir ki, adam polisə heç bir xəsarət olmadan gətirilibsə və sonradan polisdə ölübsə, üstəlik onun üzərində xəsarət izləri aşkarlanıbsa, deməli, adam döyülüb. Harada və necə döyülməsinə dair iddiaları təkzib etməkdənsə, daxili təhqiqat aparılmalı, günahkarlar cəzalandırılmalıdır:

«Bu, bütün polis şöbələrində baş verir. Həmişə polisdə döymə və işgəncə vermə faktları olub. Çox təəssüflər olsun ki, müstəqillik dövründən sonra bu cür hallar daha da artıb. Bu halların qarşısını almaq, kökünü kəsmək mümkündür. Bunun üçün ilk növbədə daxili təhqiqat aparılmalıdır. Amma təəssüflər olsun ki, rəhbərlikdə təmsil olunanlar bunu etmirlər. Nəticədə də belə faktlar daha da artır».

Foto: Arxiv
Foto: Arxiv
DÖVLƏT DEPARTAMENTİNİN HESABATINDAN

ABŞ Dövlət Departamentinin 2011-ci ili əhatə edən insan haqları hesabatında Nizami Polis İdarəsinin təcridxanasında ölmüş Elvin Əsgərovun, Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında vəfat etmiş Turac Zeynalovun adları çəkilirdi. Hesabatda
deyilirdi ki, insan haqları müdafiəçiləri ötən il ən azı 9 nəfərin polisdə və ya hərbi təcridxanada ölməsi barədə məlumat verib.

Hesabatda həmçinin qeyd olunurdu ki, polis bölməsində saxlanılanlar ən pis rəftara məruz qalırlar:

«Cəzasızlıq Azərbaycanda hələ də problem olaraq qalır. Hakimiyyət saxlanılan şəxslərin müstəqil tibbi ekspertizadan keçməsini faktiki olaraq qadağan edib».

İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov avqustun 25-də Daxili İşlər naziri Ramil Usubovla görüşüb Arzu Hüseynovunu ölüm səbəblərini müzakirə edəcək.

Bu barədə AzadlıqRadiosuna Elçin Behbudovun özü məlumat verib.
XS
SM
MD
LG