Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:20

Gəncənin mərkəzində üfunət qoxuyan, qəzalı yataqxana...


Gəncə tikiş fabrikinin yataqxanası və balaca sakini
Gəncə tikiş fabrikinin yataqxanası və balaca sakini
Gəncənin əsaslı təmir, abadlıq işləri gedən mərkəzi küçələrindən heç də uzaqda olmayan bir bina da var. Bu yaşayış binasına yaxınlaşanda üfunət qoxusu açıqca duyulur. Bu binada nə su xətti var, nə də kanalizasiya. İllər əvvəl çəkilmiş və sıradan çıxmış su xətti binanın zirzəmisinə axır. Nəmişli yerdə yuva qurmuş iri siçovullar bəzən binanın qarşısında da, o tərəf bu tərəfə qaçışır. Binaya baxanda ifrat yoxsulluğu görməmək mümkün deyil. 4 mərtəbəli qəzalı yataqxananın eyvanlarının bəziləri kərpicdən, bəziləri taxtadan, bəziləri də dəmirdəndir. Hərə öz eyvanına bir «yamaq» vurub. Binanın birinci blokundakı evin beton eyvanı aşağı mərtəbəyə sallanır. Qəzalı vəziyyətdə olan yataqxananın koridorları da uçub dağılır.

Bir sözlə söhbət Gəncə tikiş fabrikinin 28 il əvvəl öz işçiləri üçün inşa etdirdiyi yataqxanadan gedir. İndi yataqxana sakinlərinin sayı 2-3 dəfə artıb. Ancaq sakinlər elə həmin şəraitsiz, susuz, nəmli və məhdud sayda otaqlara sığınıblar. Yataqxana sakini Sona Nəcəfova 7 nəfərlik ailəsi ilə 1 otaqda yaşayır. Sözü-söhbəti giley-güzardır:

«AZƏRBAYCANDA HÖKUMƏT YOXDUR»

28 il əvvəl tikilən yataqxananın bu günü
28 il əvvəl tikilən yataqxananın bu günü
- «Azərbaycanda hökumət yoxdur. Ev uçur başıma, 7 nəfərlə 1 otaqda qalmışam. Növbəm kombinatdadır, heç kim də baxmır. Yataqxanadakı başqa otağa köçmək istəyirəm, vermirlər. Müraciət etmişəm deyirlər 4 min dollar ver. Haradan alım. 100 manat təqaüd alıram. Su yox, qazı yox, şəhərin mərkəzində biz balon qazı yandırırıq. Sonra ...Pulu da işığa, qaza veririk. Xəstəlikdir».

Hazırda 9 və 10 saylı Mənzil İstismar Sahəsinin balansına verilmiş yataqxana sakinlərinin əksəriyyəti Gəncədə təmizlik işlərinə baxır, yol süpürürlər. Yataqxanaya gəlin gəlmiş 31 yaşlı Günay da süpürgəçilik edir. Tozlu torpaqlı işdə çalışan Günay yuyunmaq üçün binanın qabağından 3-cü mərtəbəyə ağır qablarla su daşıdığını deyir:

«GEDİRİK YOL SÜPÜRÜRÜK, TOZUN İÇİNDƏ OLURUQ, YUYUNMAĞA SU TAPMIRIQ»

- «Ailəm üçün oxumamışam, ali təhsilli deyiləm, ailəmi dolandırmaq üçün işləyirəm. Uşaqlarımız oxusun deyə. Burdakıların 80 faizi kommunalda işləyir, gərək bizim sözümüz keçərli ola. Heç olmasa kanalizasiya düzəlsin, suyu olsun. Gedirik yol süpürürük, tozun içində oluruq, yuyunmağa su tapmırıq. Əllə su daşıyırıq, o da günaşırı verilir. Hər gün su istifadə olunur».

Yataqxana sakinlərinin gileyi bitmirdi. Kimisi şəraitsiz evindən, kimisi üfunət qoxusundan, kimisi də susuzluqdan şikayətlənirdi. Üstəlik gileylənirlər ki, heç kim qayğılarına qalmır, bu şəraitdə onlara çatmalı olan ünvanlı yardımı da doğru düzgün təyin etmirlər:

«SƏNƏ SOSİAL DÜŞÜR, AMMA 6 AYI MƏNİMDİR»

Yataqxana sakini
Yataqxana sakini
- «Gedirəm, uşaqları aparmışam, deyir bilirsən nə var, sənə sosial düşür, amma 6 ayı mənimdir. Hökumət demir ki, 6 ayını məmur alsın, 1 illik verir. Deyir yox hökumət deyir 6 ayını kəsin, 6-sını da biz yeyək».

- «Adımda torpaq yox, ünvanlı yardım vermir. Getmişəm deyir 6 ayını mənə ver, 6-sını sən götür. 6 ayını sənə niyə verim ki? Bəs mən nəylə dolanım?».

Mənzili yanan sakinlərdən biri isə qayğısızlıqdan şikayətlənir:

- «Mənim evim 2 aydır yanıb, baxan yoxdur. Qısaqapanmadan olub. Evin 1 otağı tamam yanıb. İcra Hakimiyyətinə bəlkə 20 dəfə getmişəm. Hər dəfə də aldadırlar, get, sabah gəl. Şəkərəm, belimdə «qrija» var».

Yataqxanada 30-dan çox balaca körpə böyüyür. 24 yaşlı gənc ana Firuzə deyir ki, ev nəmişli olduğundan 2 uşağı çox vaxt öskürür. Vərəmə yoluxacaqlarından narahatdır:

«ZİRZƏMİ SUDUR»

- «1-ci mərtəbədə oluruq. Altı sudur, zirzəmi sudur. Mamam yol idarəsində işləyir, həm günorta işləyir, həm də gecə. Süpürgəçidir. Körpələrim var. Qalmağa yerimiz yoxdur. Zirzəmidə su var bir də gördün uçdu».

Digər sakinlər də onun şikayətlərinə qoşulur:

Yataqxanada qaz problemi
Yataqxanada qaz problemi
- «Suyumuz yox, qazımız yox. «Podval» yarıya qədər sudur. Körpələrimiz var, infeksiyaya yoluxurlar. Siçovul, milçək uşağın üstünə gəlir. Hökumət əsgər istəyir bizdən. Yaxşı şərait olsun böyüdək verək».

«YOLDAN KEÇƏN BİZƏ NİFRƏT EDİR Kİ, BUNLAR BURADA NECƏ YAŞAYIRLAR»

- «Elə bir yerdə yaşayırıq ki, axşam olanda uşaqları burdan uzaqlaşdırırıq ki, bu havanı udmasın. Qoxudan burda durmaq olmur. Yoldan keçən bizə nifrət edir ki, bunlar burada necə yaşayırlar. Şəhər bu qədər təmir olunur bir dəfə olsun gəlib maraqlanmırlar. Əhali nə vəziyyətdə yaşayır maraqlanmırlar».

Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İdarəsinin rəisi Elgün Məmmədov isə yataqxanalardakı vəziyyətlə elə də yaxından tanış olmadığını deyir. Əlavə edir ki, şəhərdəki yataqxanaların cari və ya əsaslı təmiri, ancaq məcburi köçkünlərin yerləşdiyi yataqxanalar boşaldılandan sonra baş tutacaq:

«QOY QAÇQINLARI KÖÇÜRƏK, BAXAQ KİM VAR, KİM YOX, SONRA O MƏSƏLƏYƏ BAXARIQ...»

- «Planlaşdırılıb, gələn ilin sonuna. O yataqxanada 50-60 faiz Tikiş Fabrikinin işçiləridir. Kənardan gələnlər də var. Yəqin ki, dövlət tərəfindən bir şey olunar. Bu il baxış keçirilməyib ora. Qoy qaçqınları köçürək, baxaq kim var kim yox, kim qalır... sonra baxarıq o məsələyə».

Üstəlik o, yataqxanadakı sakinlərdən otaqlarını dəyişmək üçün pul istənməsi ilə bağlı deyilənləri də təkzib edir.

Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin müdir müavini Hürriyyət İsmayılova isə deyir ki, əksər yataqxanaların təmirə ehtiyacı var. Sözügedən yataqxanada isə vəziyyət çox acınacaqlıdır:

«BİABIRÇI VƏZİYYƏTDƏDİR»

-
«Əksəriyyətinin əsaslı təmirə ehtiyacı var. Qəzalı vəziyyətdə olanlar var. Hamısı haqqında məsələ qaldırmışıq ki, əsaslı təmir olunsun. Bəlkə də tamamilə sökülüb yenidən tikiləcək. Su, kanalizasiya sistemi yenidən qurulmalıdır, dam örtüyü düzəlməlidir, sanitar qovşağı bərbad haldadır. Biabırçı vəziyyətdədir».

O ki qaldı sakinlərin sosial yardım üçün onlardan rüşvət istənməsi barədə iddialarına Gəncə şəhər Dövlət Sosial Müdafiə Mərkəzindən bildirdilər ki, suallara ancaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən cavab verə bilərlər. Nazirliyin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdir müavini İlham Məmmədov isə bildir ki, bu ilin 6 ayı ərzində onlara edilən şikayət məktublarının 1412-si məhz ünvanlı sosial yardım sənədlərin hazırlanması, təyinatların gecikdirilməsi ilə bağlı olub. Yerli qurumlardan şikayətlərin gəlməsini etiraf edən nazirlik rəsmisi onu da deyir ki, müraciətlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faizədək azalma olub.

İlham Məmmədov qeyd edir ki, nazirliyin yaratdığı komissiya ünvanlı yardımın kimlərə və necə verildiyinə nəzarət etdir və qanunsuzluqların azalmasına çalışırlar. Nazirliyin sözçüsünün fikrincə, Azərbaycanın 27 rayonunda həyata keçirilən birdəfəlik ünvanlı sosial yardım proqramının bütün ölkədə tətbiq edilməsindən sonra bu kimi narazılıqların minimuma enəcəyi gözlənilir.

Yataqxana sakinlərinin arzuları isə təxminən eynidir. İstəkləri sadəcə tozlu əllərini yumağa suyu, uşaqlarının sağlam böyüməsi üçün şəraiti pis olmayan evdir. Bir də təbii ki, öz haqlarını minnətsiz, rüşvətsiz əldə edə bilmələri...

XS
SM
MD
LG