Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:17

Naxçıvan məktəblərində imtahansız attestat paylanıb...


Arxiv foto
Arxiv foto
Bu il Naxçıvan Muxtar Respublikasının orta məktəblərində buraxılış imtahanları keçirilməyib. Bu haqda bir qrup Naxçıvan sakini məlumat verib. Onların bildirməsinə görə, bu il 11-ci sinfi bitirən şagirdlərə attestatlar il boyu aldıqları qiymət əsasında verilib.

Valideyn Həsrət Əliyev deyir ki, attestatların imtahansız ucdantutma paylanması şagirdlərdə arxayınçılıq yaradır:

«UCDANTUTMA ATTESTAT VERDİLƏR»

«Bu il Naxçıvan məktəblərində nə TQDK, nə də ki, Təhsil Nazirliyi buraxılış imtahanı keçirib. Kimin adı 11-ci sinfin siyahısında idi, hamısına ucdantutma attestat verdilər. Bu, düzgün deyil. Belə olanda şagirdlər özlərində məsuliyyət hiss eləmirlər. Mənim oğlum gələn il məktəbi bitirəcək. Artıq onda indidən arxayınçılıq yaranıb ki, oxusa da, oxumasa da attestat verəcəklər».

Naxçıvanda nə TQDK, nə də ki, Təhsil Nazirliyi buraxılış imtahanı keçirib
Naxçıvanda nə TQDK, nə də ki, Təhsil Nazirliyi buraxılış imtahanı keçirib
Üstəlik iddialara görə, bu il adları Naxçıvandakı orta məktəblərin siyahısında olmayan şəxslərə də attestatlar verilib. Adının çəkilməsini istəməyən müəllimlərdən biri deyir ki, həmin şəxslər Azərbaycanın digər bölgələrində yaşayan şagirdlərdir:

«NAXÇIVANDAN SAXTA ATTESTAT ALMAĞA ÜSTÜNLÜK VERİRLƏR»

«Həmin şagirdlər öz rayonlarında məktəblərə getməyənlərdi. Onlar əsasən oxumaq üçün orta məktəb yerinə müəllim yanına getməyə üstünlük verənlərdir. Ona görə də orta məktəblər onlara attestat vermir. Onlar da gəlib Naxçıvandan saxta attestat almağa üstünlük verirlər. Dərs ilinin qurtarmasını 3-4 gün qalmış nazirlikdən hər məktəbə 7-8 belə şagirdin siyahısını gətirirlər, adlarını jurnallara yazdırırlar, sonra da saxta attestat verirlər. Belə edirlər ki, müəllimlər etiraz eləməsinlər».

Deyilən iddialara münasibət öyrənmək üçün TQDK ilə əlaqə saxladıq. Bu qurumun mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bu il TQDK-nın Naxçıvanda buraxılış imtahanı keçirmədiyini təsdiqlədi:

Elnur Nağızadə
Elnur Nağızadə
«Naxçıvan MR Təhsil Nazirliyi tərəfindən şagird bazası formalaşdırılmamışdı, ona görə də bizə bu baza təqdim olunmadı. TQDK da Naxçıvanda buraxılış imtahanı keçirmədi».

Bunun ardınca Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə də əlaqə saxladıq. Nazirliyin şöbə müdiri Firudin Zamanov da Naxçıvanda buraxılış imtahanlarının keçirilmədiyini təsdiqlədi. O bunu belə izah etdi:

«NAXÇIVAN MƏRAKEŞDİR, BANQLADEŞDİR, YOXSA HARADIR?»

- TQDK da bildi ki, burada test olmadı. Dövlət səviyyəsində olan bir şeydir. Biz kimik ki? Özbaşına kim attestat verə bilər. Bu hansı cəmiyyətdir? Naxçıvan Mərakeşdir, Banqladeşdir, yoxsa haradır?

- Bizə məlumat verirlər ki, Naxçıvan orta məktəblərində həm də saxta attestat verilir.

«BƏLKƏ DESİNLƏR Kİ, İRANDAN ŞAGİRD GƏTİRİB ATTESTAT VERİRİK?»

- Bu, çox səhv məlumatdır. Naxçıvan rəhbərliyi yüksək səviyyədə işləyir. Təhsildə normal vəziyyətdir, hər şey qaydasındadır. Bura bəyəm Amerika ölkəsidir? Buradakı Təhsil Nazirlinə rəhbərliyin qayğısı da yüksəkdir. Burada olan yüksək səviyyənin heç yarısı da Bakıda yoxdur. Bəlkə desinlər ki, İrandan şagird gətirib attestat veririk? Bu sözü deyənlərə ar olsun».

Təhsil üzrə ekspert Etibar Əliyev isə orta məktəb şagirdlərinə imtahansız attestatların verilməsini düzgün saymır:

«BELƏ ÇIXIR Kİ, NAXÇIVANIN TƏHSİL NAZİRLİYİ MÜSTƏQİL SİYASƏT YERİDİR»

Etibar Əliyev
Etibar Əliyev
«Prezident sərəncam verdi ki, Azərbaycanda buraxılış imtahanlarını TQDK keçirəcək. Həmin qərarda göstərilməmişdi ki, Naxçıvan istisna olunmalıdır. Belə çıxır ki, Naxçıvanın təhsil nazirliyi müstəqil siyasət yeridir. Bu, tam qanuna ziddir. Belə hərəkəti özbaşına edə bilməzlər. Yəqin ki, yuxarı dairələrdə razılaşdırılıb. Bu ondan xəbər verir ki, Naxçıvanın təhsil nazirliyi gələcəkdə daha müstəqil addımlar ataraq Azərbaycan qanunlarına tabe olmayacaq».

Etibar Əliyev deyir ki, əgər bəzi şagirdlərə heç təhsil almadıqları orta məktəblərdən attestatların verilməsi ilə bağlı deyilənlər düzdürsə, bu da qanuna ziddir:

«Orta məktəblərə köçürmə 10-cu sinfə kimi aparılır. 11-ci sinifdə hansısa şagirdi digər məktəbə köçürmək qanunsuzluqdur. Valideynlər uşaqlarının buraxılış imtahanlarından keçə bilməyəcəklərindən qorxub, bu addımı atırlar. Yəni, attestatı daha asan yolla ala biləcəkləri Naxçıvan məktəblərinə müraciət edirlər. Naxçıvanda da qanunu pozaraq onlara attestat verirlər. Bu qəbul olunmaz haldır».
XS
SM
MD
LG