Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:24

Vaxtilə 50000 dollar reklam alan qəzet indi 7000 alır


Rauf Arifoğlu
Rauf Arifoğlu
-
«Bunu hakimiyyətin bizə başqa sahələrdə vurduğu zərərin qismən kompensasiyası kimi qəbul edirik».

Bu ilin ikinci yarım ili üçün dövlət büdcəsindən mətbuata ayrılan vəsaiti şərh edən «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu belə deyir. KİV-ə Dövlət Dəstəyi Fondunun 1 milyon manat ayırdığı yerli qəzetlərin arasında «Yeni Müsavat» da var.

Builki siyahıda 29 qəzetə aşağısı 5 000, yuxarısı 50 000 manat maliyyə vəsaiti ayrılıb. «Yeni Azərbaycan», «Səs», «Kaspi», «Mövqe», «Ədalət», «525-ci qəzet», «Olaylar», «Ayna-Zerkalo» qəzetlərinə 50 000 manat ayrılıb. Hakimiyyətə radikal mövqeyi ilə seçilən «Azadlıq» qəzeti isə 30 000 manat alıb. Bu məbləği alan qəzetlər sırasında «Paritet», «Palitra», «Paralel», «Həftəiçi» də var.

«SATIŞA TƏSİR GÖSTƏRMƏK ÜÇÜN...»

«Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu deyir ki, ayrılmış məbləğə ay ərzində 20 səhifəlik material hazırlanmalıdır. Onun dediyinə görə, əsasən Qarabağ mövzusunda olan bu materialları hazırlayan qəzet əməkdaşları müvafiq qonorar ala bilirlər. Amma hazırlanan materiallar qəzetin satışına ciddi təsir göstərmir:

«Satışa ciddi təsir göstərmək üçün araşdırma jurnalistikasının inkişafına ehtiyac var. Bu sahədə jurnalistlərin maddi-texniki vəsaitlə təminatı lazımdır».

Rauf Arifoğlu fonddan bir ildə gələn 100 000 manat vəsaiti illik dövriyyələrinin az bir hissəsi hesab edir. Deyir ki, bu vəsaitdən nəşriyyata olan borclarına, kağız xərclərinə də ayırırlar:

««Eurovision» musiqi yarışması zamanı metrolardakı qəzet satış stendlərini yığışdırdılar. İki aydır ki, biz bundan aya 12 000 manat itirmişik».

Rəşad Məcid
Rəşad Məcid
Baş redaktor hesab edir ki, ölkədə reklam bazarı inkişaf etsəydi, dövlətin ayırdığı məbləğdən qat-qat artıq reklam əldə edə bilərdilər.

REKLAM BAZARI OLSA...

«525-ci qəzet»in baş redaktoru Rəşad Məcid də xatırladır ki, bir vaxtlar qəzetin büdcəsi 700 000 dollardan yuxarı olub:

«Elə ay olub ki, 50-60 min dollar reklam almışıq. Amma indi 7-8 min dollarlıq reklam ala bilmirik. Qəzetlər internetə çıxandan sonra satış lap zəifləyib. Yazılı mətbuatın gələcəyi haqda müzakirələr gedir. Məncə, ayrılan məbləği bu müddət ərzində dövlət dəstəyi kimi qiymətləndirmək olar».

Rəşad Məcid deyir ki, fonddan ayrılan vəsait redaksiya əhlinin maaşına elə də təsir etməyib. Vəsait əməkdaşların qonorarı ilə yanaşı, qəzetin maliyyə xərclərinə yönəldilib. Baş redaktor fonddan gələn dəstəyin daimi olmayacağını da proqnozlaşdırır və hesab edir ki, mətbuatın iqtisadi durumunu dəyişmək üçün reklam bazarı yaradılmalıdır.

AYRILAN VƏSAİT SATIŞA TƏSİR GÖSTƏRMİR

«Kaspi» qəzetinin baş redaktoru Natiq Məmmədli də indiyədək aldıqları vəsaitləri layihə üzrə - dövlət və ictimai maraqların müdafiəsi ilə bağlı materialların hazırlanmasına xərclədiklərini söyləyir.
Natiq Məmmədli
Natiq Məmmədli
Onun dediyinə görə, bu vəsait müxbirlərin əməkhaqqına ciddi təsir göstərib:

«Onlar maaşdan əlavə də gəlir əldə etmək imkanı qazanıblar».

Amma bu vəsait hesabına hazırlanan materiallar qəzetin satışına təsir göstərməyib. Natiq Məmmədli deyir ki, bir güllə bahar olmadığı kimi, bir yazı ilə də qəzetin satışının qalxmasını gözləmək sadəlövhlükdür.

«BU, ƏLƏ ALMA YOLUDUR»

Jurnalist Şahvələd Çobanoğlu isə hesab edir ki, dövlətin qəzetlərin layihəsini maliyyələşdirməsi söz və fikir azadlığı prinsiplərinə ziddir:

«İcra strukturu mətbuata pul ayıra bilməz. Ayırırsa, bu, ələ alma yoludur».

Müsahibimiz əlavə edir ki, ondansa ölkə mətbuatının qarşısında duran əngəllər – yayım və reklam maneəsi aradan qaldırılmalı, rəqabətli şərait yaradılmalıdır:

«Onda oxucunun ürəyinə yol tapan qəzetlər meydanda qalacaq, böyüyüb inkişaf edəcək».
XS
SM
MD
LG