Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:12

«Azərbaycan İranın şairlərə cinayət işi açmasına imkan verməyəcək»


Şəhriyar Hacızadə və Fərid Hüseyn
Şəhriyar Hacızadə və Fərid Hüseyn
Artıq 52 gündür ki, azərbaycanlı şairlər Fərid HüseynŞəhriyar Hacızadə (Del Gerani) İranda həbsdədirlər. İstintaq başa çatanadək onları ayrı-ayrı yerlərdə saxlayıblar. Yalnız 22 gündən sonra şairlər bir yerdə saxlanılıb. Bu müddət ərzində Fərid Hüseyn və Şəhriyar Hacızadə 3 dəfə yaxınları ilə telefon əlaqəsi saxlayıblar.

Bu barədə AzadlıqRadiosuna Şəhriyarın atası Mail Hacızadə məlumat verib:

«Keçən cümə zəng eləmişdi Şəhriyar. Bu, üçüncü dəfədir. Yenə orada işləyən müstəntiqin telefonu ilə danışırdı. Dedi ki, ata, Təbrizdən kitablar almışdıq. O kitabları burada bizdən almışdılar. Onları qaytardılar özümüzə. Deyir, hər şey qaydasındadır. Səhhətimiz, yemək-içməyimiz yaxşıdır. Sadəcə, bunlar deyir ki, dövlətlər arasında söhbət gedir. O söhbət olsun, sonra sizi buraxacağıq. Hər gün Allaha dua edirəm ki, gəlsinlər, gözlərimiz yollardan yığışsın».

İran mediası isə artıq Fərid Hüseyn və Şəhriyar Hacızadənin narkotik qaçaqmalçılığı və casusluqda ittiham olunduğunu xəbər verir. Bu işdə Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi (MTN) və İsrailin «Mossad» xüsusi xidmət orqanının adı da hallandırılır.

İranın Bakıdakı səfirliyindən məsələ ilə bağlı bir şey öyrənsələr, bizi məlumatlandıracaqlarını vəd etdilər. Amma sonra səfirlikdən xəbər çıxmadı.

«ŞAİRLƏRİN GÜNAHI YOXDUR»

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) isə Azərbaycan vətəndaşları - Fərid Hüseyn və Şəhriyar Hacızadənin cinayət törətməsini təkzib edir.

XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev iyunun 28-də keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycan vətəndaşlarının cinayət törətdiklərinə dair hər hansı rəsmi məlumat yoxdur.
Elman Abdullayev
Elman Abdullayev
Bu isə o deməkdir ki, mediada yayılanlar İranın rəsmi mövqeyi deyil:

«Bu cür məlumatlar cəmiyyətdə çaşqınlıq yaradılmasına xidmət edir. Cəmiyyətin əhval-ruhiyyəsinə mənfi təsir edir. Vətəndaşlarla görüşə imkan yaradılması, onların barəsində ətraflı məlumat verilməsi Vyana Konvensiyası ilə tənzimlənir. İranın bizə bu şəraiti yaratmaması o deməkdir ki, bu konvensiyanın maddələri pozulub. Bu məsələ bizim üçün prioritetdir. Vətəndaşlarımızla görüşmək üçün səylərimizi əsirgəməyəcəyik. İranla danışıqlar davam etdirilir. Tehrandakı səfirliyimiz vasitəsilə İrana nota təqdim olunub. İmkan verməyəcəyik ki, vətəndaşlarımız barəsində cinayət işi açılsın»

MTN-nin ictimai əlaqələr mərkəzinin rəhbəri Arif Babayev də «Media forum» saytına deyib ki, iki Azərbaycan vətəndaşının MTN-lə əməkdaşlıq edərək Rusiyadan Avropaya narkotik daşıması barədə yazılanlar uydurmadır:

«MTN belə cəfəng və uydurma məlumatları şərh etmir».

«ŞAİRLƏR GEC-TEZ SAĞ-SALAMAT AZƏRBAYCANA QAYTARILACAQ»

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, İranın Azərbaycan vətəndaşlarını girov saxlamaqda məqsədi var. Gənc şairlərə qarşı həqiqətən narkotik və casusluq ittihamı irəli sürülsə, demək, Tehran onları Azərbaycanda həbsdə olan kiminləsə dəyişmək istəyir.
Elxan Şahinoğlu
Elxan Şahinoğlu
Ya da Azərbaycana təzyiq etmək istəyir ki, öz siyasətində korrektlər etsin:

«Vaxtilə bizim bir alimimizi də tutmuşdu İran. Ona da xarici kəşfiyyata işləməklə bağlı ittiham irəli sürülmüşdü. Halbuki, buna görə İranda hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq, edam cəzası nəzərdə tutulur. Amma uzun danışıqlardan sonra onu qaytardılar. İranın müasir siyasətində belə hallar dəfələrlə olub. Amerikanın, İngiltərənin vətəndaşlarını həbs ediblər, bu cür ittihamlar irəli sürüblər, amma müəyyən müddətdən sonra buraxıblar. Mən tam ümidliyəm və müşahidələr də göstərir ki, İran gənc şairləri də qaytaracaq».

Elxan Şahinoğlu deyir ki, İran adətən başqa dövlətlərlə münasibətlərdə, xarici siyasətində müəyyən gərginliyə gedir. Amma elə bir hədd var ki, ora çatanda, dayanır. Anlayır ki, bu nöqtədən sonra ciddi problemlər yaşaya bilər. Politoloq düşünür ki, Fərid Hüseyn və Şəhriyar Hacızadə məsələsində də İran hakimiyyəti qırmızı xətdən o yana keçməyəcək və şairlər gec-tez sağ-salamat Azərbaycana qaytarılacaqlar.

İrana poeziya tədbirinə gedən gənc şairlər - Fərid Hüseyn və Şəhriyar Hacızadə bu il mayın 2-də Təbrizdə bu ölkənin xüsusi xidmət orqanları tərəfindən saxlanılıblar.
XS
SM
MD
LG