Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:42

Quba hadisələrinin istintaqı getmir?


Qubada aksiya
Qubada aksiya
-
«Quba hadisələrinə görə həbs dilən Samir Xammədov indiyə qədər bir dəfə dindirilib».

Bunu AzadlıqRadiosuna Samirin atası Valeh Xasməmmədov bildirib.

Onun dediyinə görə, Kürdəxanı istintaq təcridxanasında saxlanılan oğlu ilə sonuncu dəfə 15 gün əvvəl görüşüb:

«Soruşdum ki, səni dindirən varmı? Dedi ki, cəmi bir dəfə gəlib izahat alıblar, sonra heç kim gəlməyib. Oğlum saxlanma şəraitindən narazı deyil».

Samir Xammədovun vəkili Qubad Salayev də çoxdandır müdafiə etdiyi şəxsdən xəbərsiz olduğunu deyir:

«Nə valideynləri mənimlə maraqlanır, nə özü. Müstəntiq də məni çoxdandır çağırmır. Demək, onun haqqında istintaq aparılmır».

Samirin atası Valeh Xasməmmədov isə deyir ki, artıq onlar başqa bir vəkillə müqavilə imzalayıblar.

«Xəyal» televiziyasının icraçı direktoru Vüqar Qonaqovla televiziyanın baş redaktoru Zaur Quliyevin işində də hər hansı yenilik yoxdur.

Bunu «Turan»a müsahibəsində Zaur Quliyevin vəkili, Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı deyib:

«Jurnalistlər sonuncu dəfə aprelin əvvəlində dindirilib və bundan sonra onlara qarşı hər hansı istintaq hərəkəti aparılmayıb».

Martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Dinc aksiya bir qədər sonra icra hakimiyyətinin yardımçı binaları və Rauf Həbibovun evinin yandırılması ilə sona çatıb.

Etirazlara səbəb isə Rauf Həbibovun 2011-ci il noyabrın 22-də səsləndirdiyi bəzi fikirlər olub. Sosial şəbəkələrdə yayılan həmin çıxışı rayon sakinləri özlərinə təhqir kimi qiymətləndiriblər.

«Xəyal» televiziyasının baş redaktoru Zaur Quliyev icra başçısının çıxışını montaj etməkdə ittiham olunur.

Rəsmi açıqlamalarda Quba hadisələri ilə əlaqədar ümumilikdə 12 nəfərin həbs edildiyi bildirilir.
XS
SM
MD
LG