Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:44

«Eurovision» günlərində Bakıdan dilənçiləri hara apardılar? VİDEO


Dilənçisiz Bakı
Gözlə
Embed

No media source currently available

0:00 0:04:12 0:00

Dilənçisiz Bakı

«Eurovision» yarışmasından 3 gün əvvəl Bakıya dilənməyə gedən 50-dən çox şəxsin Yevlax şəhərindəki köhnə «İsti su» Mehmanxanasına qapadıldığı bildirilir. Mehmanxana ətrafındakı binalarda yaşayan sakinlərdən biri Mustafa Əhmədov deyir ki, mehmanxananı xeyli sayda polis mühafizə edirdi:

«YEMƏYİ DƏ BURADA POLİS İŞÇİLƏRİ VERİRDİ»

- «Qaraçıları bu mahnı yarışına görə, dilənməsinlər deyə gətirib saldılar bura. Təxminən 20 günə yaxın saxladılar. 25-30 nəfərə yaxın qaraçı var idi. Yeməyi də burada polis işçiləri verirdi. Suyunu yumurtasını və sair. Polis işçiləri qoruyurdu».

Başqa bir sakin Sədayə Əliquluyeva isə deyir ki, saxlanılanlar narazılıqlarını bildirib səs-küy salsalar da polislər məhəl qoymurdular:

- «Səslərini eşidirdik də, çığırırdılar. Gəzən adamlar, qalmışdılar orada. Neçə gündür yazıqlar orada qalıblar».

Hazırda binada heç kim saxlanılmır. Mayın 29-da onlara azadlıq verilib. İndi onlar Yevlaxda dəmiryolu yaxınlığında uçuq, döşəməsiz evlərinə qayıdıblar. Küçə boyunca ayaqyalın, bəziləri də paltarsız gəzən, günəşdən qaralmış uşaqlar mehmanxanada saxlananlardan danışdılar. Onlardan bəziləri də demələrinə görə, valideynləri ilə birgə köhnə, nəmişli mehmanxananın məcburi qonağı olublar.

Gülxanım Salmanova
Gülxanım Salmanova
«Qaraçılar» adı daşıyan məhəllədə yaşayan Gülxanım Salmanova həmin mehmanxanaya necə salınmağından danışır. Deyir ki, orada ac-susuz qalıblar. Gülxanım Salmanovanın sözlərinə görə, gün ərzində onlara cəmi bircə dəfə yemək verilirmiş:

«AXŞAMA KİMİ BIR YUMURTA VERİRDİLƏR, BIR KARTOF, PARA DA ÇÖRƏK»

- «Məni 6 uşaqla ora saldılar. Quran haqqı, axşama kimi bir yumurta verirdilər, bir kartof, para da çörək. 4 hamilə var idi orada. Bu uşağı da bu gün buraxıblar. Mən 12 gün qaldım orada. Buraxmırdılar. Verdikləri çörəyi də acıqla tapdalayırdılar».

Digər saxlanılanlar da orada polislərin pis münasibət göstərməsindən və mənəvi cəhətdən əzilmələrindən giley edirlər:

- «Bizim gəlinlərimizin hamısını tutub ora salmışdılar. Bizə polislər dedi ki, «Eurovison»dur, çıxın gedin, biz də çıxdıq gəldik. Ancaq qalanlarını tutub saxladılar. Bu gün buraxdılar».

Saxlanılanlardan hamısı söhbətləri zamanı dilənərək pul qazanmağa bəraət qazandırmağa çalışırdılar:

- «Yoldaşım əsgərdir, məni tutmuşdular. Uşağa «malış» verirəm, orda-burda qalıram, evim də yoxdur. Çörək pulu yığmağa görə, polislər tutub qoymurlar. Biz də belə yaşayırıq da».

«GEDİM EV YARIM, PUL OĞURLAYIM?»

- «Məni də tutmuşdular, 50 manat verdim buraxdılar. Niyə tuturlar. Gedim ev yarım, pul oğurlayım?».

Gülbahar
Gülbahar
Mehmanxanada saxlanılan 4 hamilə qadından 2-nin uşağının tələf olduğu bildirilir. 32 yaşlı Əluş Cəfərov deyir ki, uşağını dünyaya gətirmədən itirən qadınlardan biri onun qardaşının yoldaşıdır:

«AC QARINA, UŞAQ QARNINDA ÖLÜB»

- «Eurovision»a görə, qaraçı qadınları bir zirzəmiyə atdılar. Boylu qadınlardan tutmuş, hamısını. Uşaq qarınlarında öldü. Təcili yardımla gətirib evin qabağına atıb getdilər.
- Sizin qohumunuzdur?
- Gəlinimdir. Qardaşımın yoldaşıdır. Gündə bir dənə kartof veriblər, boylu qadına. Üstəlik də hədələyiblər. Ac qarına, uşaq qarnında ölüb, indi yerdə yatır. Dünən də balaca uşağı, doğulmamış uşağı aparıb basdırmışıq».

Xeyli qan itirən, az qala ölümlə mübariz aparan qadınları demələrinə görə, yenə də evə buraxmayıblar. 7 aylıq uşağa hamilə olan Gülbahar da deyir ki, uşağı ac qaldığına görə qarnında ölüb. Üstəlik deyir ki, polislər onlarla pis rəftar edir və təhqir etməkdən də çəkinmirlərmiş:

- «Yoldaşıma çörək aparırdım, həbsxanaya. Yolda tutub apardılar. Bizi ac qoyurdular. Günorta, səhər naharının hamısını bir yerdə, saat 2-də verirdilər. Bir yumurta, çörək bir dənə də kartof. Həm də hədə-qorxu gəlirdilər. Deyirdik bizi buraxın, buraxmırdılar. Məni 8 gün saxladılar. Ağrı, sancı içində idim. Qoymurdular, yenə də çıxmağa. Orada 30 nəfər olardıq. Bizə su gətirirdilər, oğlan pilləkəndən aşağı tullayırdı ki, bunlara su verməyin. Bir dəfə də yumurta gətirdilər dedilər qaynadılıb. Soyanda gördük ki, çiydir.

- Harada yatırdınız bəs?

- Yerdə, «pol»un üstündə».

Tamam Yusibova
Tamam Yusibova
Uşağını itirdiyini deyən digər saxlanılan hamilə qadın Tamam Yusibova isə qeyd edir ki, həkim çoxlu qan itirsə belə, onun evə göndərilməsini tələb etməyib:

«ELƏ BİL BİZ TERRORİST İDİK»

- «Mənim vəziyyətim ağırdır. Məni 11 gün orada saxladılar, buraxmırdılar. 3 dəfə apardılar. Qan itirirdim. 25 «şirvan» pul alandan sonra buraxdılar. «İsti su» mehmanxanasında idi. «Pol»un üstdə yatırdıq. 11 dənə polis dayanırdı, orda elə bil biz terrorist idik».

Hamilə qadınların başına gələn bu hadisə məhəllədə yaşayanların hamısını narahat edir. Onlara insan kimi yanaşılmadığını hər kəlmələrində dilə gətirirdilər. Iddia edirlər ki, kim mehmanxanadan tez çıxmaq istəyirmişsə 50 manat polisə pul verirmiş.

- «Bir gəlini xəstəxanada döymüşdülər, onu da apardılar xəstəxanaya. 5 aylıq uşağı düşdü yerə. Biz faşistik, onlar da partizandırlar?. Kimə neyləmişik?, oğurluq eləmirik, narkotik satmırıq. Biz ancaq dilənirik. Kimə ziyan veririk».

YEVLAX POLİSİ HEÇ NƏ DEMİR...

Yevlax Rayon Polis İdarəsinin cinayət işləri üzrə 1-ci müavini Elçin Səfərov isə bu deyilənlərdən xəbərsiz olduğunu bildirir:

- «Mən heç nə deyə bilmərəm, siz özünüz deyirsiniz də... Mənim xəbərim yoxdur. Mən cinayət işləri üzrə müavinəm».

Yevlax Rayon Polis İdarəsinin xidməti işlər üzrə müavini Natiq Həsənov isə bu barədə danışmadı. Növbətçi polisdən isə bildirdilər ki, istər indi, istərsə də 10 gün əvvəl heç bir dilənçini saxlamayıblar:

- «Mən o işlərə baxmıram, qaraçı-filan da saxlamamışıq. Mən o işlərə baxmıram».

DİN TƏKZİB EDİR

DİN Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə polisin ünvanına deyilənləri təkzib edir:

«İstisu» mehmanxanasında qalan qaraçılara polis əməkdaşları tərəfindən pis münasibətin göstərilməsi və guya buna görə 4 hamilə qadından 2-nin uşağının tələf olması barədə deyilənlər həqiqətdən uzaqdır. Şantaj və böhtan xarakterli olmaqla ictimai diqqəti özlərinə cəlb etmək cəhdindən başqa bir şey deyil. Əgər iddia olunduğu kimi sonuncu hal baş versəydi, bu zaman həmin şəxslər mütləq xəstəxanaya getməliydilər. Onlar tərəfindən belə bir müraciət də olmayıb».

O. Mansurzadə qeyd edir ki, inzibati Xətalar Məcəlləsinin 307-1.1 maddəsinin tələblərinə görə, avaralıqla məşğul olma hüquq pozuntusu sayılır:
«Bu əməli törədən vətəndaşlar xəbərdarlıq edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on günədək müddətə inzibati həbs tətbiq edilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər xəbərdarlıq edilir və ya şərti maliyyə vahidinin iyirmi mislindən iyirmi beş mislinədək miqdarda cərimə edilməklə və ya edilməməklə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır».

Nazirlik rəsmisi bildirir ki, istər paytaxtın, istərsə də ərazi polis orqanları tərəfindən avara və dilənçiliklə məşğul olma hallarına qarşı hər zaman qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirlər görülmüş və görülür.

HƏKİM İSƏ XƏSTƏXANAYA 4-5 QADININ GƏTİRİLDİYİNİ DEYİR

Yevlax rayon Mərkəzi xəstəxanasının ginekoloqu Dilşad Abdullayev isə etiraf edir ki, saxlanılan qadınlardan 4-5-i müayinə üçün onun növbətçi olduğu gün xəstəxanaya gətirilib. Lakin həkim onların ambulator müayinə edildiklərini, heç bir müalicə və ya əməliyyat aparılmadığını deyir. Həkimin sözlərinə görə, bu səbəbdən də qeydiyyat aparılmayıb:

«ORADA HAMİLƏ FİLAN YOX İDİ»

- «Həmin saxlanılan qaraçı qadınlardan bir neçəsi səhhətlərindən şikayət ediblər. Onları da polislər gətirdi baxdım, müayinə elədim yenə polislər apardı. Onlar orada saxlanıldıqlarına görə, yalandan bəhanə edirdilər. Orada hamilə filan yox idi. Yalandan qusurdular. Heç kimi abort eləməmişəm, mən. Onların nəfəsləri də yalandır».

Hüquq-müdafiəçisi Novella Cəfərli dilənçilərin bir yerə qapadılmasını mənəvi həbs sayır və hüquqlarının kobud şəkildə pozulduğunu deyir:

«NƏ OLSUN Kİ, QARAÇIDIRLAR»
Novella Cəfəroğlu
Novella Cəfəroğlu

- «Bu qanuna ziddir. Nə olsun ki qaraçıdırlar. Bunları qeydiyyata salın. Dünyada məsələn Rumıniyada mən olmuşam, qaraçı icra aparatı var. Parlamentdə deputatı var. Bu insan haqlarının pozulmasının ən əcaib formasıdır. Bunlar dilənçidirlərsə bunlara iş verməlisən ki, bunlar dilənməsinlər».

Novella Cəfərli deyir ki, qaraçıları turistlər görməsin deyə gizlətmələri əksinə demokratik ölkələr tərəfindən daha pis qarşılanacaq:

- «Nədən utanırsan ki, bütün dünyada dilənçi də var, bomj da var. Onları gizlətməklə nəyə nail oldular. İndi hamı biləcək ki, dünyada bunlar qaraçıları bizdən gizlətdilər».
XS
SM
MD
LG